İngilis İntibah Ədəbiyyatinda Türk Mövzusu
Dünya, o cümlədən Qərbi Avropa xalqlarının kitabxanalarına “köçürülmüş”, yaxud mühacir edilmiş qədim və orta əsr əlyazmalarımızın qəribə taleyi məni həmişə düşündürmüşdür.
Bu yaxınlarda müasir ingilis yazıçısı A.S Byatın “Qısa ömürlər” adlı əsərində belə bir mühakiməyə rast gəldim: “Əgər o, türk əlyazmalarını oxumağı bacarmasaydı, heç vaxt dünyada özünün dramatik, nəhəng kəşflərinə nail ola bilməzdi.” Qəribə də olsa, əsərin qəhrəmanı Boul türk paşasının almayanaqlı qızı Yıldızla ailə qurur. Türk qızı bu izdivacdan ona üç oğul bəxş edir. Və həmin uşaqlara məşhur türk şairləri Nədim, Füzuli və Bakinin adları verilir.
Tarixin keşməkeşli yollarında qədim türk olaylarında, eləcə də Qərbi Avropanın ayrı-ayrı ölkələrində türk tayfalarının qazandığı şan-şöhrət sonralar bir çox kitablarda elmi-tarixi və bədii ifadəsini tapmışdır.
Tarixin yazıya alınmış kitablarına nəzər saldıqda deyilənlərin həyat həqiqəti olduğuna şəkk-şübhə yeri qalmır. Xatırladaq ki, Qərbi Avropa Renessansı dövründə türk həyatını və mübarizəsini öyrənən bir sıra cəmiyyətlər yaranmışdır. 1581-ci ildə İngiltərədə Levant cəmiyyətinin yaradılması türk ölkələrinə həsr olunmuş səyahət kitablarının nəşrinə imkanlar açmışdır. Məsələn, Corc Sendinin “Səyahətin əlaqəsi” adlı 1615-ci ildə nəşr olunmuş səyahət kitabının ingilis ədəbi-ictimai mühitinə və təxəyyülünə güclü təsir göstərdiyi qeyd olunur. 1581 - 1620-ci illər arası ingilis dilində qələmə alınmış bir çox pyeslərdə Osmanlı türklərinin Qərbi Avropa sərhədləri arxasında həyatı və döyüşkən obrazı yaradılmışdır. İngilis Renessans ədəbiyyatında Kristafor Marlonun iki hissədən ibarət olan “Böyük Teymurləng” (1587-1588), Corc Pilin “Alsazar döyüşü” (1588), “Süleyman və Perseda” (1590), Robert Qrinin “Türkçülüyü qəbul edən xristian” (1612), Tomas Qoffenin “Qəzəbli türk” (1618), Con Fletçer və Filip Məssincerin “Malta cəngavəri” (1618), yenə Filip Məssincerin yazdığı “Reneqado” (1623) adlı pyeslərində türk tacidarları və dəyərləri haqqında maraqlı fikir və səhnələrə rast gəlmək mümkündür.
Araşdırdığımız problemin ikinci, bəlkə də ən vacib tərəfi isə qədim və orta əsrlərə aid türk əlyazmalarının, bir sıra ədəbiyyat nümunələrinin Qərbi Avropa xalqlarının dillərinə tərcüməsi ilə bağlıdır. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi dastanlarımız və onlarla şifahi xalq ədəbiyyatı nümunələrimiz ayrı-ayrı vaxtlarda inilis, fransız, alman, italyan dillərinə tərcümə olunmuşdur. Zəngin söz sərvətimiz, milli-mənəvi dəyərlərimiz Qərb dünyasının zəka və mənəviyyatına zənginlik gətirmişdir. Əxlaqi və İslami dəyərlərimizin sözügedən ölkə xalqlarının mənəvi dünyasına, dini dünyagörüşünə təsiri isə ölçüyə gəlməzdir.
Qərb, o cümlədən İngilis Renessans dövrü ədəbiyyatında türk obrazı adlı araşdırmamda bir çox mətləblərə aydınlıq gətirmək üçün neçə-neçə mənbə və məxəzlərə müraciət etmişəm. Elə hesab edirəm ki, deyilən və yazılan hər söz türk dünyasının, türk dəyərlərinin düzgün təfəkkür edilməsində yalnız ciddi elmi və bədii nümunələrə söykənməlidir.
Qədim və orta əsrlər dövrü türk mənəvi dəyərlərinin ingilis mənbələri əsasında öyrənilməsi və tədqiqi müasir araşdırmaçıdan çox böyük zəhmət tələb edir. Dünya dinlərinin başında dayanan müqədəs İslamın və Peyğəmbər sevgisinin işığında çoxlarımız üçün dumanlı görünən tariximizin bəzi qaranlıq səhifələrinin araşdırılması ədəbi ictimaiyyətimiz və elmimiz üçün çox vacib, əhəmiyyətli məsələdir.
ŞƏRHLƏR