Yalan

Dilin təhlükəli bəla və günahlarından biri də yalandır. Yalan böyük günahlardan olub bütün pisliklərin, çirkinliklərin mənbə və açarıdır. Fəzilətli mömin heç vaxt dilini bu iyrənc xislətə adət etdirməz.

 Yalan insanı şəxsiyyətindən salar, hamının yanında etibarsız edər. Təəssüflər olsun ki, yalan asan iş olduğundan bəzi adamlar məqsədə tez nail olmaq üçün cürbəcür yalanlar uydururlar. Faciəli burasıdır ki, bu kimi adamlar ictimai və şəxsi həyatda bu yalanların pis aqibəti haqqında heç fikirləşmirlər. Yalanı qoçaqlıq, doğru danışanları isə siyasətsiz və ləyaqətsiz hesab edirlər. Onlar fikirləşmirlər ki, yalan danışmaq insanın pak fitrətinə, əzəmətli şəxsiyyətinə zidd olub, əslində Allah-Təala ilə düşmənçilik etməkdir. Çünki O, dünyanı həqiqət və düzgünlük əsasında yaratmışdır. Belə ki, mütəal Allah buyurur: “Göyləri və yeri haqq olaraq yaradan Odur”. (əl-Ənam, 83)

Həqiqət və səadət qanunu dünyanı başdan-başa əhatə etmişdir. Zahirən dünyada bəzi ziddiyyətlərin və ixtilafların olmasına baxmayaraq, əslində dünyada yalan və xəyanət yoxdur. Saf və xalis həqiqətləri sadəcə olaraq təbiətdə axtarıb yaradılışın dilindən eşitmək lazımdır.

Allah-Təala da nişanələri göstərməklə bizim batinimizi və xarici aləmimizi kainatın həqiqətlərinə yönəltmək üçün bələdçilik edib buyurur: “Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik...” (əl-Fussilət, 53)

Əmirəlmöminin Həzrət Əli (r.a) buyurur: “Dünya düzgün olanlar üçün dügünlük yeridir”. Qısaca desək, xilqətin və təbiətin əsası həqiqət üzərində qurulmuşdur. Haqqı batillə qarışdırıb alt-üst edən zülmkar və nadan insanlardır. Pak olan Allah öz bəndələrinə buyurur: “Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur”. (əl-Ənam, 115)

“...Allahdan daha doğru danışan kim ola bilər?” (ən-Nisa, 87)

Bəndələrindən düzgünlük və doğruluq istəyən Allah-Təala buyurur: “Bu (Qiyamət günü) elə bir gündü ki, düz danışanlara düzlükləri fayda verər”. (əl-Maidə, 119)

“O gün ki, nə mal-dövlət, nə də övlad fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən ) başqa!” (əş-Şüəra, 88-89)

Allah-Təalanın özünü doğru danışan, sədaqət kəlmələri ilə tərif etməsi bu kəlmənin nə qədər fəzilətli olmasına kifayət edir: “Allahdan doğru danışan kimdir?” (ən-Nisa, 122)

“Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!” (ət-Tövbə, 119)

 

Quran nöqteyi-nəzərindən yalan

Qurani-Məciddə yalan və hiylə Allaha şərik qoşma sırasında vurğulanmışdır: “...Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin”. (əl-Həcc, 30)

Yalançının imanı yoxdur. Qurani-Kərimdə yalançılar Allahın ayələrinə qarşı kafir olanlar və inkar edənlər cərgəsində hesab edilir.

“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” (ən-Nəhl, 105)

Yalan əxlaqsızlıq və mənəvi pozğunluqdur:

“Həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər (yalan) danışmaq və dava-dalaş etmək yaramaz ” (əl-Bəqərə, 197)

Yalançı Allahın hidayətindən məhrum olur. Allah-Təala Quranda buyurur: “Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər, 3)

“Şübhəsiz ki, Allah həddi aşanı, yalançını doğru yola müvəffəq etməz”. (əl-Muminin, 28)

Yalançı Allahın rəhmətindən uzaqdır.

Mübahilə (bir-birinə qarğış etmək) ayəsində və lənətlənməyə aid olan başqa ayələrdə yalançılar Allahın lənətinə şamil olunmuşlar. Mübahilə ayəsində buyurulur: “...Sonra (Allaha) yalvarıb yalançılara lənət etməsini diləyək”.

Ayələrdən də gördüyümüz kimi yalançıların aqibəti Allahın lənəti və tənəsi ilə bitir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz