Səhabədən İman Dərsləri

Səhabədən İman Dərsləri

Uca Allah Qurani Kərimdə belə buyurur:

“Həmd olsun O Allaha ki, Kitabı (Quranı mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Məhəmmədə) nazil etdi! (Allah kafirləri) Öz dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən möminlərə isə gözəl mükafata (Cənnətə) nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün (qiyamətə qədər bütün bəşəriyyətə haqq yolu göstərən bir nur) olaraq endirdi. Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!” (əl-Kəhf, 1-3)

1400 il bundan öncə Ərəbistan yarımadasında başlayan və artıq bütün dünyanı öz mənəvi qanadları altına alan İslam dininin bu qədər kütləviliyə nail olmasında şübhəsiz ki, o dini mükəmməl bir şəkildə yaşamış və özlərindən sonra gələn nəsillərə yaşatmaq əzmini, hərarətini içdən gələn tam bir istəklə əmanət etmiş səhabə nəslinin misilsiz əməyi vardır. Allaha və Rəsuluna olan təslimiyyətlərinin bu iman ərlərinə qazandırdığı dərəcə necə də heyrətamizdir:

“(Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında beyəti-rizvanla) sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir.” (əl-Fəth, 10)

Bu dərəcədə ilahi himayəyə nail olan səhabə nəslinin iman həyəcanı əlbəttə ki, əsrləri aşacaq və zamanından, millətindən asılı olmayaraq ilahi hidayətə susamış olan qəlbləri riqqətə gətirəcək bir ülviyyətə sahib idi:

“(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbr, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı.” (əl-Fəth, 18) – deyə Rəbbimizin iman mücadiləsinə təşviq etdiyi səhabə nəslinin bəşəriyyətə ünvanladığı iman dərsləri Qiyamətə kimi qulluqla mükəlləf olanlara əbədi səadətin qapılarını aralayacaq səviyyədədir.

Hicrətin səkkizinci ilində üç min nəfərlik İslam ordusunun sayı yüz min nəfərə çatan xaçpərəst ordusu ilə Şam yaxınlığında yerləşən Mutədəki qarşılaşması səhabə qətiyyətini göstərən ən bariz nümunədir. İlk baxışdan silah və say azlığı baxımından döyüşün İslam ordusu üçün yaxşı nəticə verməyəcəyi qənaətində olanların rəyinə baxmayaraq qəlbi iman həyəcanı ilə alışıb yanan Abdullah bin Rəvaha (r.a) möminin ən mühüm silahını işə salaraq duaları ilə Rəbbinə yönəlmişdi: “Ya Rəbb! Mənə şəhidlik şərəfini ehsan eylə. Məqamların ən yüksəyi olan iman yolunda ölmək nemətindən məni məhrum eyləmə”.

Bu yalvarışların axırında müsəlman ordusunun qələbəsinə inanılmaz bir əminliklə yanaşan Abdullah bin Rəvaha üzünü din qardaşlarına çevirdi:

“Ey müsəlmanlar! Sizlər evlərinizdən çıxarkən İslam uğrunda şəhid olmaq niyyəti ilə çıxmadınızmı? Allaha and içirəm ki, biz müsəlmanlar indiyə qədər apardığımız müharibələrin heç birini silahlarımızın mükəmməlliyi, miniklərimizin çoxluğu, sayımızın üstünlüyü ilə qazanmadıq. Bizə azlığımıza, maddi zəifliyimizə və ilk baxışdan aciz görünməyimizə rəğmən zəfərlər qazandıran qüvvət sadəcə din qüvvətidir. Öləriksə, şəhid olaraq əvvəlki qardaşlarımıza qovuşarıq. Şəhid olmarıqsa zəfəri qazanaraq İslamın ülvi bayrağını Mutəyə sancarıq!”

Bu sözlərdən cuşa gələn müsəlmanlar böyük bir orduya Mutədə sözün həqiqi mənasında meydan oxudu. Səhabənin iman dərsləri ilə yetişən müzəffər türk ordusunun təpədən-dırnağa qədər silahlanmış Qərb dövlətlərinin hərbi güclərinə qarşı az qala yalın əllə qazandığı Çanaqqala zəfəri yaxın keçmişimizdə yaşanan ən layiqli bir örnəkdir.

18 yaşında müsəlman olub 38 yaşında vəfat edən Hz. Muaz bin Cəbəlin iman eşqi ilə dolu həyatı səhabə nəslinin Rəsulullahın rəhmət çeşməsindən çox gənc yaşlarda olduqca sanballı bir ölçüdə istifadə etməsini göstərən bir dəlildir. “Ey Muaz! Mən səni sevirəm” və “Ümmətimin içərisində halal və haramı ən gözəl bilən Muaz bin Cəbəldir”, -söyləyən Rəsulullahın rəhmət nəzərləri altında yetişən Hz. Muaz dində incə və dərin anlayış sahibi idi.

Bu anlayışın Hz. Muaza ölüm döşəyində belə şiddətli ağrılara qarşı qazandırdığı dözüm Məhəmməd ümmətinə yönələn iman dərslərinin ən mənalısıdır:

Çox böyük sancılar çəkən Hz. Muaz zaman-zaman özündən gedir və ayılanda da belə deyirdi: “Allahım! Məni nə qədər sıxışdırırsan sıxışdır. Bilirsən ki, qəlbim  Sənə bağlıdır və qəlbim Səni sevməkdədir”.

Bir müsəlmanın ölüm anında belə dünyaya rəğbətinin yalnız və yalnız bunlardan ibarət olmasını Rəbbindən qətiyyətlə istəyən Hz. Muazın vəsiyyəti mömin şəxsiyyətini formalaşdıran və ona ilahi hüzurda qiymət qazandıran bənzərsiz bir nemətdir:

“Allahım! İndiyə qədər Səndən qorxurdum. Fəqət indi Sənə ümid bəsləyirəm. Allahım! Sən çox gözəl bilirsən ki, mən suları axıdıb ağacları sulamaq və başçaları yetişdirmək üçün dünyanı və dünyada qalmağı istəmirəm. Dünyanın çətinliklərinə təhəmmül göstərmək bahasına susuzluqdan ciyərləri yananları sulamaq, darda qalanlara genişlik göstərmək, alimlərin söhbətinə davam edib onların elm məclislərində alimlərlə diz-dizə gəlmək üçün yaşamaq istəyirəm.

İnsanlıq aləminin əbədi qurtuluş rəhbəri olan Rəsulullahı və bu qurtuluşun qaranquşları olan Əhli-Beyt və Səhabeyi-Kiram nəslini bizlərə mükəmməl bir örnək olaraq təqdim edən Rəbbimizə həmd-sənalar olsun. Həqiqiətən də:

“Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq göndərən Odur. Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (əl-Fəth, 4)

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz