Bayram

Bayram

İrfan məktəbi olan Ramazani-Şərifin son dərsi bayramdır. Bayram imtahanından da yaxşı keçə bilmək üçün onu qəflət və rahtlığa qapılmadan, oyanıq bir könüllə, təkbir, təhlil və zikrlə bəzəmək, gecələrini ibadətlə canlandırmaq və ictimai məsuliyyətlərini ifa etmək lazımdır.

Dünya həyatında həm nəfsani, həm də ruhani duyğuları təhrik edən təsiredici amillər vardır. Bayramlar bu duyğular arasında insandakı şəfqət, mərhəmət, vəfa və qayğıkeşlik hisslərini canlandırır. İslamda bayramlar insana başqalarını sevindirməyin sevincini də yaşadır eyni zamanda. 

Bayram günü kimsəsizlərin, məzlumların və iztirab çəkənlərin könlünü almaqla başlamalıdır. İlk bayramlaşma ən çox yardım və nəvaziş gözləyən keçmişlərimizlə olmalıdır. Bu hal ölülərlə dirilərin görüşməsidir. Fatihələr və sədəqələr hədiyyə olunaraq onlara vəfa borcunun ifasıdır.

Bayram yanıq ürəklərə cənnət sərinliyi verən ilahi bir ziyafətdir. Həmçinin bayram müəyyən bir sinfin şıltaqca yaşadığı, israf çılğınlığı ilə dolu tətil və əyləncə kimi fərdi xoşbəxtlik günləri deyil. Əksinə, sileyi-rəhmə riayət etmək, keçmişlərimizin ruhlarını xeyirlə şad etmək, iman qardaşlığını cəmiyyət çapında yaşatmaq, inciklikləri ortadan qaldırmaq kimi bir çox ictimai ibadətlərin ifa edildiyi müştərək sevinc günləridir.

Bayram sevincinə haqq qazana bilmək üçün bu sevinci cəmiyyət səthinə əks etdirə bilmək, kədərli və iztirablı möminlərin də könüllərini fərəhləndirmək lazımdır. Çünki möminlər fərdi rahatlıq və mənfəət düşüncələrindən sıyrılmadıqca, yəni nəfslərini aşıb ictimailəşmə­dikcə kamala çatmış sayılmazlar.

Kamil bir mömin yalnız öz evini işıqlandıran bir şam deyil, bütün yer üzündə, dünyası qaralmışların başını comərd ziyasıyla oxşayan, ruhları üşümüş qəribləri müşfiq istiliyiylə qucaqlayan bir şəfqət və mərhəmət günəşi halında insanlığın fəzilət səmasında parlamalıdır. Əsl bayram səadəti­nin seyr ediləcəyi ən aydın ayna bayram etdirilən qırıq könüllərdir. Yunus Əmrə həzrətləri bu sirri necə gözəl xülasə etmişdir:

Mən gəlmədim dava üçün

Mənim işim sevgi üçün

Dostun evi könüllərdir

Könüllər almağa gəldim.

Allah dostları da “əsl bayram yeni paltar geyinənə deyil, Allahın əzabından əmin olanadır” deyərək əsl bayramın qərib könüllərdən yüksələn xeyir-dualarla ən uca dostun hüzuruna çıxa bilmək və dost ilə bayram yaşaya bilmək olduğunu ifadə etmişlər. Nəticə etibarilə Ramazan bayramını axirətdəki ilahi vüslət bayramının bu dünyadakı təmsili bir başlanğıcı mahiyyətində yaşamalıyıq. Qafilləri oyandıracaq, qəmginləri sevindirəcək, bəşəriyyətə İslamın gülər üzü ilə təbəssüm etdirəcək həqiqi bayram könüllərini rəhmət dərgahı halına gətirmiş Haqq dostlarının qəlb aləmindən pay ala bilən zərif və ali ruhların işidir.

Bunu da unutmayaq ki, keçən Ramazanda həyatda olan dost-tanışlarımızdan, qohum-əqrəbalarımızdan bəziləri artıq aramızda deyillər. Keçən Ramazan onların son Ra­mazanıydı. Biz də bu məğfirət ayını son Ramazanımız ola biləcəyi şüuruyla qiymətləndirib ondan tərtəmiz çıxmağa cəhd göstərməliyik. Çünki hamımız ilahi imtahan yeri olan bu dünya məktəbinin tələbələriyik. Təhsilimiz əcəl ilə sona çatacaq, əməllərimizlə torpağa basdırılacağıq. Sonra əbədi bir həyat başlayacaq. Orada dünya məktəbinin şəhadətnaməsini alacağıq. “Kitabını oxu! Bu gün sənə hesab soruşmaq üçün öz nəfsin kifayətdir.”  buyurulacaq.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz