Qurani-Kərimdə Ata-Oğul Modeli

Qurani-Kərimdə Ata-Oğul Modeli

Qurani-Kərimdə zikr edilən ata və oğul qissələrindən biri Hz. Nuh və üsyankar oğlu Kənan qissəsidir. Hz. Nuh tufan gününə qədər peyğəmbərliyini inkar etməkdə israr edən oğluna gəmidən:

“Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma! -deyə nida etdi.”” (Hud, 42)

“(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” (Hud, 43)

Oğluna verdiyi bu nəsihətlər fayda vermədikdə Nuh Rəbbinə dua ilə müraciət edib dedi və:

“Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!” (Hud, 45) deyərək yalvardı.

Hz. Nuhun qövmünə bəddua etdikdən sonra oğluna dua etməsi onun zəlləsi (xətası) oldu. Allah-Təala ona zalımlar üçün dua etməyi qadağan etmişdi:

“Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm.” (Hud, 46) 

Nuh səhvini başa düşdü və dedi:

“Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!” (Nuh, 47)

Rəvayət edilir ki, Nuh peyğəmbər bu zəlləsinə şox ağlayıb göz yaşı tökdüyü üçün ona “Nuh” deyilmişdi. Ancaq oğlu küfrdən dönmədi və nəhayət:

“Dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu.” (Hud, 43)

Qurani-Kərimdə zikr edilən digər ata-oğul qissəsi də Hz. İbrahim və atası Azərə aiddir.

Hz. İbrahim tövhidə dəvətə atası Azərdən başlamışdı. Ona mülayim bir üslubla belə dedi:

“Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur! Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə (Cəhənnəmdə) Şeytana yoldaş olasan!” (Məryəm, 42-45)

Azər isə hiddətlə:

“Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm.” (Məryəm, 46)

Lakin Hz. İbrahim Azərə yenə şirin dillə və xoş sözlərlə cavab verdi:

“Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır (duamı qəbul edər).” (Məryəm, 47)

Qurani-Kərimdə nəql edilən ata-oğul qissələrindən biri də Hz. İbrahim ilə oğlu İsmayıla aiddir. Bu qissədə Hz. İbrahim oğlundan canını Allah üçün qurban etməsini istəmişdi. Hz. İsmayılın təslimiyyəti isə cavabı kimi möhtəşəm olmuşdu:

“Biz ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!” Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər: ) “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi! ” (Saffat, 101-111)

Qurani-Kərimdə adı ilə müstəqil bir surə olan Loğman (ə.s) da oğluna belə nəsihət edir:

“Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Dünya işlərində onlarla gözəl keçin. Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman öyüd-nəsihətinə davam edərək) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün işləri biləndir), (hər şeydən) xəbərdardır!  Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir! Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman, 13-19

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz