Ata-Ana Haqqi
Yaradılmışların ən şərəflisi olan və cəmiyyət halında yaşayan insanların bir-birlərinə qarşı vəzifələri vardır. Birinin vəzifəsi olan xüsus digərinin onun üzərində olan haqqı deməkdir.
Üzərimizdəki haqları əhəmiyyət dərəcəsinə görə sıralamalı olsaq, Allah və Peyğəmbər haqlarından sonra ata və analarımızın haqları gəlir.
Ata-ana haqları saymaqla qurtarmaz. Bunlardan bir neçəsini qeyd edək: “Ana övladının böyüyüb boya-başa çatması üçün gəncliyini, sağlamlığını, güc və qüvvəsini, bir sözlə həyatını fəda etmişdir. Min cür çətinliklə onu bətnində gəzdirmiş, ölümlə üz-üzə gələrək dünyaya gətirmiş, əmizdirmiş və böyütmüşdür. Gecələri övladının istirahəti üçün öz rahatlığını qurban verib, yuxusuz qalmışdır. Ata da övladının dolanışığını təmin etmək, təhsil və tərbiyəsi ilə məşğul olmaq üçün fikrən və bədənən, maddən və mənən heç bir fədakarlıqdan geri durmamışdır. Bir övlad iman sahibi, əxlaq və fəzilət sahibidirsə, bu, ata-ananın təlqin və tərbiyəsi, yaxud duası ilə olmuşdur. Ata-anasının bu qədər yaxşılıqlarına nail olan bir övlad onlara təşəkkür etməzsə, Allaha şükür etməmiş sayılar.
Məxluqat içərisində insana ən yaxın və şəfqətə ən layiq olan ata-analardır. Çünki Allah-Təala ata və anaya hörməti özünə ibadətlə eyni dəyərdə tutaraq belə buyurmuşdur: “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ananıza (valideynlərə) yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) qəti bir şəkildə əmr etdi.” (əl-İsra, 23)
Bizi yoxdan yaradıb saysız nemətlərə qərq edən Rəbbimizə ibadət necə bir vəzifədirsə, bizim dünyaya gəlməmizə səbəb olan ata və anamıza hörmət, sayğı və yaxşılıq etmək də Allahın üzərimizə qoyduğu bir borcdur. Yenə Uca Rəbbimiz ata-anamızla necə rəftar edəcəyimizi Qurani-Kərimində belə öyrədir: “Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” -deyərək dua et.” (əl-İsra, 23-24)
Ata-anaya “uf” belə deməyə razı olmayan, Uca Rəbbimiz onlara qarşı pis söz danışmağa razı olarmı heç?! Və ya atasını, yaxud anasını çölə atıb baxmayan, qocaldığı zaman xidmətində durmayan, hörmət göstərməyən, anasına və ya atasına əl qaldıran bir övlad nə qədər böyük günah qazanmaqda və xəta işləməkdədir, bunu dərk edə bilirmi?! Həmçinin kiminsə anasına söyüb onu qəzəbləndirən, nəticədə öz anasına söydürən bir insan öz anasına söymüşcəsinə böyük bir günüh işləmiş sayılmaqdadır.
Dünyaya gəlməmizə vəsilə olan ata-analarımız bizim üçün həyat və feyz qaynağıdır. Hər birimiz gücsüz və aciz halda ikən, Rəbbimizin lütfu ilə onların sevgi, şəfqət və mərhəmət dolu qucağında həyata başlayırıq. Ata-analar övladlarına hər zaman sözlərə sığmayacaq qədər həvəs və sevgi ilə qol-qanad gərərlər. Özləri yeməz, yedirər; geyinməz, geydirər; ağlatmaz, ağlayarlar. Doğrunu, səhvi, sevgini, mərhəməti, şəfqəti, fədakarlığı və neçə-neçə ərdəmlikləri əvvəlcə onlardan öyrənərik. Ata-analarımız bizim ilk rəhbərlərimiz, ilk müəllimlərimizdir.
Ata-anamıza göstərməli olduğumuz hörməti onların valideynimiz olması səbəbilə göstərəcəyik. İstər oxumuş, istər cahil olsunlar, yaxud müsəlman və ya kafir olsunlar, övladın onlara qarşı vəzifəsində qüsur etməməsi şərtdir. Ata və ana övladına dinə zidd olmayan bir işi əmr edərlərsə, övlad onu etmək məcburiyyətindədir. Fəqət dinə əks, Allaha üsyan mövzusunda bir işi əmr edərlərsə, o zaman itaət edilməməlidir. Bu barədə Qurani-Kərimdə buyurulur: “Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!” (əl-Ənkəbut, 8)
Ata-anaya qarşı hörmət, sayğı və təvazökarlıqda son dərəcə diqqətli olmalıyıq. Çünki cənnət onların ayaqları altında gizlidir. Əbədi axirət aləminin nemətləri onları razı etməmizlə bizə veriləcək, yenə onların xeyir-duaları ilə cənnət bulaqlarından su içmək nəsib olacaqdır. “Peyğəmbərimiz (s.ə.s)-dən “Allahın ən çox bəyəndiyi əməl hansıdır?”, -deyə soruşulmuş. O da: “Vaxtında qılınan namazdır”, -deyə cavab vermişdi. “Sonra hansı ibadət gəlir?”, -deyildikdə: “Ata və anaya yaxşılıq və itaət etməkdir”, -buyurmuşdu..” (Buxari, Müslim)
Ata-anaya xidmət etmək çox fəzilətli bir əməldir. Bu fürsəti dəyərləndirə bilməyənlər, böyük itki içərisindədirlər.
Qul haqları içində ən mühüm olanı ata-ana haqqıdır. Ata-ana varlıq səbəbimiz, maddi və mənəvi həyatımızı inşa edən xüsusi fəzilət abidələridir. Bir ana ürəyi və ana qucağı uşağı tərbiyə edən möhtəşəm bir dərsxanadır. Ailə yuvası uşağın gələcəyini formalaşdıran ilk tərbiyə ocağıdır.
Bizləri əvvəlcə bir müddət bətnində, sonra qollarında və ölüncəyə qədər də qəlbində daşıyan analarımıza gösrətiləcək sevgi və hörmətə ortaq ola biləcək başqa bir varlıq yaradılmamışdır. Allah-Təala öz rizasını ata-ananın rizasına bağlamışdır. Bu həqiqəti Əziz Peyğəmbərimiz (s.ə.s) belə xəbər verir: “Allah-Təalanın rizası, ata və ananı razı edərək qazanılar. Allah-Təalanın qəzəbi də ata və ananı qəzəbləndirmək surətilə cəlb edilər.” (Tirmizi) Həmçinin Həzrət Peyğəmbərin ata-anasına yaxşlıq edib xoş davranan bir insan üçün etdiyi bu dua nə böyük bir müjdədir: “Ata-anasına yaxşılıq edən nə xoşbəxtdir. Allah-Təala onun ömrünü artırsın (bərəkətləndirsin)!” (Heysəmi)
Bəzi hədis rəvayətlərində qiyamət günü Allah-Təalanın ata və anasına itaətsizlik edənlərin üzlərinə baxmayacağı xəbər verilir. Bir insan ata-anasına necə davranarsa, övladlarından da eyni davranışı görər. Peyğəmbərimiz (s.ə.s): “...Atalarınıza yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılı etsin…”, (Hakim) -buyurmaqdadır. Valideynin övlad üzərindəki haqları o qədər çoxdur ki, bunları ödəmək çox çətin, hətta mümkün deyildir. Peyğəmbərimiz bir hədisində bu haqqın böyüklüyünü belə dilə gətirir. “Heç bir övlad atasının haqqını ödəyə bilməz. Əgər onu qul olaraq tapar və satın alıb azad edərsə, atalıq haqqını (ancaq o zaman) ödəmiş olar.” (Müslim)
Allah rizası üçün hər hansı bir xeyir və yaxşılıq ediləcəksə, əvvəlcə ata-ana düşünülmələdir. Ondan sonra yaxından uzağa doğru digər insanlar… Və ata-ana sağ ikən necə hörmət və sayğı göstərilirsə, vəfat etdikdən sonra da dua və xeyirli işlərdə unudulmamalıdırlar.
Son olaraq bunları deyək ki, ata-anaya edilən hər yaxşılıq bir vəzifənin ifası, bir haqqın ödənməsi olmaqla bərabər, günahlarımızın bağışlanıb məğfirət edilməsinə də vəsilədir.
Ata-anasının üzünə gülümsəmək belə bir növ ibadət və ilahi rizaya nail olmağa vəsilədir. Onlara üsyan etməyin eyni zamanda Allaha üsyan etmək olduğunu yaddan çıxarmamaq lazımdır. Böyük günahların başında Allaha şərik qoşmaq, onun ardından ata-anaya üsyan gəlməkdədir. Artıq bu qədər böyük bir günahdan necə çəkinmək gərəkdiyini hər övlad düşünməli, hər birimiz fikirləşməliyik.
ŞƏRHLƏR