Məsnəvidən

Məsnəvidən

Mükafatı verən kimdir?

Bir şair şaha yazdığı mədhiyyəni hüzurunda oxumaq üçün saraya yollandı. Şah şairə xəzinədən min dinar mükafat verdi. Vəzir dedi:

- Şah sağ olsun, bu cür ehtiram və sevginin müqabilində verdiyiniz az deyilmi? Bu mükafatın dəyərini on qat artırsan, daha yaxşı olmazmı?
Xəzinə dolu olsa da, şah o qədər qızıla qıymırdı. Buna baxmayaraq üzə düşüb razılaşdı. Şair on min dinarı qoltuğuna vurub sevinə-sevinə getdi. Üstəlik, gözəl nitqinə görə çiyninə əba da saldılar...
Yolda şair elə hey vəzirin ömrünə dua oxuyurdu. Hərdənbir şaha da Allahdan kömək diləyirdi.

Ördəklərin cənnəti
Bir gün şahin ördəklərə dedi:
- Ay yazıqlar, sizin ki, qanadlarınız var!.. Nə görmüsünüz bu bulanıq gölməçədə? Nə üçün uçub getmirsiniz? Ucsuz-bucaqsız çölləri, sonsuz göyləri özünüzə niyə çox görürsünüz? Ördəklər dedilər:
- Sən gəl bizi başdan çıxartma, bu su bizim qalamız, bu gölməçə cənnətimizdir. Sənin göylərindən bizə vətən olmaz, hər qanadlı quş sənin kimi uça bilməz. Tale səni göylərə bağışlayıb, bizi sulara.

                                                        Göz yaşı
Şagird müəllimin ağladığını görəndə özü də oturub ağlamağa başladı. Səs-səsə verib ağlaşırdılar, ancaq şagird bilmirdi ki, müəllimi ağladan nədi...
Müəllim ürəyini boşaldıb kiridi. Şagird də susdu. Onda müəllim belə dedi:
- Nə qədər ürəkdən ağlasan da, səmimi deyilsən. Çünki səni ağladan səbəb yoxdu, səninki ancaq yamsılamaqdır. Sənin göz yaşların mənim göz yaşlarıma qarışa bilməz, çünki onları sən özün qondarmısan. Ürəyində doğulmayan göz yaşlarıyla öz günahlarını suvarma!..

                                               Əvvəlcə kimi öldürməli?

Quldurlar bir kəndin altını üstünə çevirdilər, ancaq əllərinə keçən vur-tut ikicə qoca oldu. Qocalardan birini dirəyə sarıyıb əzabla öldürmək istədilər. Günahsız qoca dilə gəlib yalvarmağa başladı:
- Ey məmləkətin dayaqları, mənim kimi ac-yalavac bir qocanı öldürməkdən sizə nə fayda?
- Bizim səninlə düşmənçiliyimiz yoxdur, - dedilər, - Səni öldürməklə o biri qocanın gözünü qorxutmaq istəyirik ki, qızılların yerini desin bizə.
Qoca dedi:
- İnanın, o məndən də yoxsuldur, kimsəsiz bir qocadır, qızıl nə gəzir onda?
- Yalan deyir, - o biri qoca dilləndi, - onun var-dövləti çoxdur, hamısını gizlədir!
Əl-qolu bağlanmış qoca dedi:
- Mən elə bilirdim ikimiz də yoxsuluq... Bir halda ki, siz mənim yox, qonşumun sözünə inanırsınız, onda birinci onu öldürün ki, mən də qorxudan xəzinənin yerini açıb deyim.

                                                Ustanın çəpgöz şəyirdi
Usta şəyirdinə dedi:
- O biri otaqdakı qapı arxasında olan qabı bura gətir.
Şəyirdin gözləri çəp idi, ona görə də otağa girəndə iki qab gördü. Ustadan soruşdu ki, qabın hansını gətirim?
Usta dedi:
- Bizim bir qabımız var, onu sənin gözlərin iki görür!
Çəpgöz yenə dediyindən dönmədi ki, yox, burda iki qab var, de görüm, hansını gətirim? Usta işi belə görüb dedi:
- Elə isə qablardan birini sındır!
Şəyird onun dediyi kimi elədi, qabın biri çiliklənən kimi o biri də gözdən itdi. Şər və ehtiras yüklü adamlar da bu çəpgözə bənzəyirlər; şərdən, ehtirasdan gözlər əyri görür, baxışlar dumanlanır və bütün həqiqətlər gözümüzə iki görünür. Tamah ucbatından günaha batmaqdansa korluqdan əzab çəkmək yaxşıdı.

Əsirin Fərasəti

Əbu Hatim əl-Asmai Bəni-Ənbərli birindən nəql edir:

“Şeyban oğulları Bəni-Ənbərdən birini əsir almışdılar. Adam: “Qəbiləmə bir elçi göndərin, fidyə verib məni azad etsinlər!”, dedi. Onlar da “elçiyə nə deyəcəksənsə, bizim yanımızda söylə”, -deyərək şərt kəsdilər. Əsir elçi gedəcək adama: “Ağaclar yarpaq açdı, qadınlar şikayətçi oldu.” Bunları başa düşürsən? Elçi, “bəli başa düşürəm”, -dedi. Əsir əlini yuxarı qaldırıb: “Bu nədir?”, -soruşdu. Elçi: “Gecədir”, -cavabını verdi. Əsir, bəli başa düşürsən. Elə isə qəbiləmə get ve belə de: “Qırmızı-sarı dəvəni soyub, qırmızı dəvəyə minsinlər və Harisəyə gedib mənim halımı soruşsunlar!”

Elçi gedib əsirin dediyini söyləyəndə Harisə bu sözləri belə yorumladı: Ağaclar yarpaq açdı, yəni Şeyban oğulları silahlandı. Qadınlar şikayətçi oldu; yəni su quyusu üzündən. Gecə isə gecə hücüma keçəcəklərinə  işarədir.”

Qırmızı-sarı dəvəni soymaq, “Olduğunuz yerdən ayrılın!”, qırmızı dəvəni minmək isə “çölə çıxın!”, -deməkdir. Bəni-Ənbərlilər olduqları yeri tərk edərək, təhlükəsiz bir yerə çəkildilər. Şeyban oğulları gecə vaxtı hücüm etdilər, lakin fərasətli əsir qəbiləsini qurtarmışdı.”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz