Vərdişlərimiz

Vərdişlərimiz

Hər bir insanın özünə xas vərdişləri vardır. Bunları iki hissəyə ayıra bilərik: yaxşı və pis vərdişlər. Əslində hamımız məsələdən xəbərdarıq. Lakin mən həm daxilimdəki duyğuları cilovlaya bilmək, həm də mənimlə eyni fikirdə olan insanlara acizanə istiqamət göstərə bilmək üçün bildiyimiz bu mövzuya toxunmaq istəyirəm.

Yaxşı və pis deyə ikiyə ayırdığımız vərdişlərimizi nə bir kateqoriya ətrafında toplaya bilər, nə də eyni sıraya daxil edə bilərik. Bəzən vərdiş olmadığı halda davamlı hala gətirdiyimiz hal və hərəkətlərivərdiş zənn edə bilirik. Həyatımızın bir parçası, vazkeçilməz ünsürü kimi qələmə verib bunları həyatımızdan ata bilmirik və onların köləsi oluruq. 

Yaxşı və faydalı vərdişlər həyatımızı nizama salar. Sevə-sevə həyata keçirdiyimiz bu vərdişlərin bizə çox faydası var. Yeri gəldikdə bizi yönləndirər. Məsələn, hər səhər təmiz havada qaçmaq həm sağlamlığımız, həm də bədənimizin qümrah olması üçün mühümdür. Ailədən ayrıldıqdan sonra ən az həftədə bir dəfə onların yanına gedib ziyarət etməyi, xeyir-dualarını almağı vərdiş halına gətirən insanlar həm ata-analarını sevindirər, həm də dualarını alaraq Allah qatında mükafatlandırılaraq savab qazanarlar. Bunlar faydalı olan gözəl vərdişlərdir. Bəlkə də edilməsi gərəkli olduğu üçün vərdiş adlandırmaq doğru deyil, lakin davamlı etdiyimiz üçün mən bunları vərdiş kimi qələmə vermək istəyirəm.

Çox xoşladığım bir atalar sözümüz var: Gözəli göstərmək üçün çirkinə ehtiyac duyulur. Mən də pis vərdişləri göstərə bilmək üçün yaxşılardan bir neçəsini misal verməyi həddi olmadığı halda özümə borc bildim.

Mən burada öz nəfsimlə mücadilə edərək, özümə tənqidi münasibətimi ortaya qoyuram. Buna görə də siqareti pis vərdiş sayaraq ürəyimdə qabaran duyğuları paylaşacağam. Siqaret nədir? Nə cür bir zəhərdir? Bizə, səhhətimizə, mənəviyyatımıza bir çox zərərinin olduğunu bildiyimiz halda necə olur ki, özümüzə zərər veririk? Hansı dərdin dərmanı, hansı sevincin yoldaşıdır? Çəkməyən anlamaz, bilməz deyirlər. Tamam, anlayaq, amma onun da bir sərhədi var. 13, 14 yaşındakı bir qızın nə kədəri, nə sevinci var ki, o kiçik barmaqlarının arasına bu zəhəri alıb dumanını içinə çəkir? Sən kimsən, sən nəsən ki, bu yaşda siqaretə sığınırsan? Hansı ağla qulluq edib siqaretə qurşanırsan? Könlündən duman keçirsə həkimə get, sənə buxar vesin. Heç olmasa nəfəsin, ciyərlərin açılar.

O nazik, uzun zəhəri əlində tutmaqdan xoşun gəlirsə get bir çubuq götür, rənglə, istədiyin qədər əlində saxla. Yox, onun dərdi başqadır. Dediklərimi etsə, ətrafındakılar gülüb, lağlağı edəcəklər. Amma əlindəki siqaret olanda hörmət görəcək, “buyur, yandır” deyəcəklər. Sanki böyük mərifətdir, bu davranışlarından ötrü qürrələnəcəklər hələ bir. Bizim azyaşlı da bu hörmətin özünə qarşı olduğunu zənn edib fərəhlə əlindəki zəhəri közərdəcək.

Ölkəmdə siqareti tərgitdirməyə xidmət edən hər hərəkata sonuna qədər dəstək verirəm. Valideynlərdən də rica edirəm, uşqalarınızın yanında siqaret çəkməyin. Dərdli, kədərli, sevincli olduğunuzda lütfən son dayanacağınız, sığınacağınız siqaretmiş kimi bu zəhərə baş vurmayın, duyğularınızı zəhərlə, dumanla paylaşmayın. Çünki qabaq təkər hara gedərsə arxa təkər də oraya gedəcəkdir. Uşaqlarınız sizdə gördüklərini bir gün həyata keçirəcəklər. Bir cüt gözün, təmiz bir ürəyin, kiçik bir həyatın sizi izlədiyini unutmayın. Bəlkə də illərinizi vermisiniz, amma lütfən övladlarınızın siqareti siz olmayın. Onların sağlamlığına ziyan vurmayın.

Ustad Nəcib Fazil Qısakürəyin yanına gəlib bitkilərin içində Allahı zikr etməyən yeganə bitkinin tütün olduğunu demişlər. Ustad da özünəməxsus üslubuyla elə isə gətirin yandıraq cavabını vermiş. Bəli, gətirin biz də yandıraq, amma bu alim kimi sadəcə ucunu deyil, tamamını yandıraq. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz