Məşhurlardan Nüanslar
QISAKÜRƏK
Yavuz Bülənt Bakilər anladır:
Bir gün Osman Yüksəl çox böyük bir saflıqla Nəcib Fazildən soruşur:
- Ustad, vallahi heç cür anlamıram. Böyük şairsiniz, böyük naşirsiniz, böyük fakir adamısınız, böyük mücahidsiniz, böyük dahisiniz, bütün böyükləri şəxsinizdə toplamısınız.
- Anlamadığın nədir, Osman, tez söylə! Yoxsa buna bir etirazın var?
- Nə demək, Ustad, nə etirazım ola bilər? Anlamadığım burud ki: Bu qədər böyüklük içindəsiniz, soyadınız niyə böyük kürək və ya uzun kürək deyil, Qısakürəkdir?
Nəcib Fazil hirslə qışqırır:
- Osmaaan! Bilmirsənmi ki, soyadım mənə əcdadımdan mirasdır? Qısakürəyi mən seçmədim. Mən, Qısakürək soyadını almaq böyüklüyünü göstərdim, anlayırsanmı?
PUL ÇATDI
Qarabağın məşhur tacirlərindən olan Hacı Qulu Q. B. Zakirlə, Cəfərqulu xan Nəvayla, X. Natəvanla bir dövrdə yaşamış, əqli, fəsahəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplamışdı. Hacı Qulunun zirəkliyi, hazırcavablığı və xəsisliyi haqqında yaranan lətifələr, məsəllər bu gün də xalq arasında danışılır.
Günlərin birində cavan bir oğlan Hacı Quluya yaxınlaşıb, bir aylığa ondan 25 manat borc istəyir. Hacı Qulu oğlanın cüssəsinə baxıb belə qərara gəlir ki, hələ pulu verməmiş onu bir qədər işlətsin. Həyətdəki un tayını oğlana göstərib deyir:
- Oğul, zəhmət olmasa bu kisələri götür, qoy anbara.
Oğlan tapşırığı yerinə yetirəndən sonra xahiş edir ki, qatırların yükünü götürsün. Oğlan bu işi də görüb qurtarana yaxın Hacı başqa sifariş verir ki, bəs o nərdivanı da damın üstünə qaldırsın. Cavan oğlan görür ki, Hacı bu minvalla onu axşama qədər işlədəcək. Odur ki, oradan yayınıb gedir. Hacı nə qədər gözləyirsə, oğlan gəlib çıxmır. Bir neçə gündən sonra küçədə oğlanla rastlaşır. Hacı qulu soruşur:
- Ay oğul, niyə gəlib əmanəti aparmadın?
Oğlan cavabında rişxəndlə:
- Hacı, narahat olma, pul çatdı, -deyir.
NƏYLƏ TİKİLDİ?
Osmanlıda Keçəçizadə Fuad Paşa yenilikçi bir adam idi. Onun bəzi işlərini çoxları bəyənməzdi. Buna görə də onu sevməyənlər tez-tez tənqid edərdilər. Bir ara İstanbul küçələrini hündür səkilərlə bəzəməsi də dedi-qodulara səbəb olmuşdu. Bir gün dövlət adamlarından biri ondan:
- Bu səkilər nəylə tikildi? –deyə soruşur.
Fuad Paşa cavab verir:
- Bizə atılan daşlarla.
BEŞ İL BƏSİDİ
Bir gün səhər tezdən şair Hüseyn Arifin qapısı döyülür. Alatorandan dəhlizi kəsdirənlərin kimlər olacağını fikirləşə-fikirləşə, yuxulu-yuxulu qapını açır. Kənddən gələn bir dəstə adam içəri dolur. Yaşlılar boynuna sarılıb üz-gözündən öpürlər.
- Öləm qabağında, ay Söyün, bizi niyə yaddan çıxarıbsan, heç demirsənmi kənddə qohum-əqrəbam qalıb, görən ölüblər, yoxsa diridirlər?
- Bilirəm, ölən şey deyilsiniz, hamınız sap-salamatsınız. Ağac başında yatmışlar kimi bu tezdən xeyir ola?
- Dərdin alem, bə bilmirsənmi başımıza gələni, uşağı şərrəyiblər. Damdadı. Bu gün-sabah məhkəməsi olacaq.
- Uşaq kimdi?
- Xalan oğlunu deyirəm dana, yadından çıxarıbsan?
- Biy, aaz omu? O ki, cibgirin birisidi, onu kim şərrəyə bilər?
- Zarafata salma, ağrın alem, uşağa kömək elə, məhkəməni Zübeyr qağan aparacaq.
- Hansı, Daş Salahlı Zübeyrmi? O ki, bizim adamdı. Arxayın olun, tapşıraram. Təmiz buraxa bilməsə də üç-dörd ay icbaridən-zaddan verər.
Qohumlar dil-ağız eləyib gedirlər.
Beş-altə aydan sonra Hüseyn təsadüfən yolda Zübeyrə rast gəlir. Qucaqlaşıb öpüşürlər, hal-əhval tuturlar. Aralanmaq istəyəndə Hüseyn ayaq saxlayır.
- Zübeyr qağa, sənə bir işim düşüb.
- Buyur, ay Hüseyn, lap ikisi düşsün.
- Mənim bir qohumumu tutublar, işi səndədi. Bu günlərdə məhkəməsi olacaq.
- Adı-famili nədi?
Hüseyn ad-familiyanı deyəndə Zübeyr qaş-qabağını sallayıb gileylənir:
- Allah sənə insaf versin, adam-adama beləmi kömək eləyər! Düz dörd ay bundan əvvəl onun məhkəməsi də olub, iş də vermişik.
- Nə qədər veribsiniz?
- Beş il.
Heseyn özünü sındırmadan cavab verir:
- Bəsidi, bəsidi, sağ ol.
ŞƏRHLƏR