Qardaşlarımızı Sevməliyik

Qardaşlarımızı Sevməliyik

Kainatın mayası sevgidir. Mərhəmətli Rəbbimiz hüdudsuz sevgisindən yer üzünə kiçik bir hissəni endirincə hər varlığın qəlbində sevgi tumurcuqları cücərdi.

 O gündən bəridir ki, kiçik quşlar belə balalarını qoruyub bəsləmək üçün özlərini fəda edirlər.

Aləmlərin Rəbbinə görə kainatın ən dəyərli varlığı insan, insanların ən dəyərlisi də möminlərdir. Uca Rəbbimiz bu səbəblə möminlərin bir-birlərini sırf Allah rizası üçün sevməsini istəyir. Əziz Peyğəmbərimiz (s.ə.s) sevdiyini Allah rizası üçün sevməyin, mömini kamilliyə apardığını bildirir. (Buxari, Müslim).

Şükürlər olsun ki, Allah-Təala bizi gözəl dinimizin səadət dolu gül bağçasında görüşdürdü. Bir-birimizin qardaşı olduğumuzu söylədi (Hucurat 10). Dinimizin bir çox gözəlliklərinə birlikdə sevinməmizə vəsilə oldu.

Bu gözəl duyğuları bizə yaşadan Uca Rəbbimiz, təkcə “mən müsəlmanam” deyən hər kəsin bizim qardaşımız olduğunu xatırlatmır, qardaşlarımıza sahib çıxmamızı, yardıma möhtac olduqlarında yardımlarına tələsməmizi tövsiyə edir. Ən əhəmiyyətlisi bir-birimizi könüldən sevməmizi, sevdiyimizi də bir-birimizə söyləməmizi istəyir. Öz rizası üçün bir-birilərini sevənlərə, ərşinin kölgəsindən başqa kölgənin olmadığı qiyamət günündə, onları xüsusi olaraq kölgələndirəcəyini müjdələyir (Müslim).

 

“Allah səni əfv etsin”

Bizi İslamın isti iqlimində tanışdıran Uca Rəbbimiz bir-birimizi sevməmizi istədiyi qədər, bir-birimizin qəlbini qırmaqdan, könüllərimizi incitməkdən qaçmamızı, uzaq durmağımızı da əmr edir.

Bu misal bizim üçün nə qədər ibarətlidir:

Çox isti bir yay günü idi. Əziz Peyğəmbərimiz (s.ə.s) Təbuk səfərinə gediləcəyini, hər kəsin ona görə hazırlaşması gərəkdiyini elan etdirdi. Fəqət münafiqlər bu çətinliyə girmək istəmədi. Hərəsi bir bəhanə uydurub Peyğəmbərimizdən icazə istədi. Rəsuli-Əkrəm (s.ə.s) də onlara istədikləri icazəni verdi. Fəqət Allah-Təala Rəsuli-Əkrəminin onlara icazə verməsini doğru görmədi və sevimli elçisinə bu davranışından dolayı xəbərdarlıq etmək istədi. Amma Onun bu xəbərdarlıqdan dolayı üzülməsinə razı olmadı. Bunun üçün də çox incə bir dillə “Allah səni əfv etsin” deyə sözə başladı və xəbərdarlığı belə izah etdi: “Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara izin verdin?” (ət-Tövbə, 43)

Qazı İyaz Əziz Peyğəmbərimizin dəyərini anlatmaq üçün qələmə aldığı məşhur Şifayi-Şərif kitabında Əbul-Leys əs-Səmərqəndinin (ö. 373/973) bu ayə ilə əlaqəli izahını nəql edir:

“Əgər Allah-Təala “Allah səni əfv etsin” kimi bir giriş cümləsiylə deyil, birbaşa “Nə üçün onlara izin verdin?” deyə sözə başlasaydı, bu sözün dəhşətindən Rəslulullah (s.ə.s)-in qəlbi parçalana bilərdi. Fəqət Allah-Təala Rəsuluna olan mərhəməti səbəbilə qəlbinin rahatlaması üçün, Onu bağışladığını bildirərək sözə başladı; sonra da “Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara izin verdin?” buyurdu.”

Demək ki, sevən sevdiyinin üzülməsini istəməz. Onun səhvini deyərkən belə qəlbini qırmamaq üçün sözünü yumşaldaraq söyləyər. Biz də elə olmalı, sevdiklərimizə, mömin qardaşlarımıza sitəm edərkən bu ilahi üslubdan istifadə etməli və onları üzməkdən qaçmalıyıq.

 

Kimləri necə sevməliyik?

Hər şeydən əvvəl dost kimi sevəcəyimiz insanları yaxşı seçməliyik. Dindar, təqva sahibi müsəlmanlara məhəbbət, sevgi bəsləməli, Allaha qarşı gəlməkdən çəkinənləri dost seçməliyik. Çünki Əziz Peyğəmbərimizin xəbər verdiyinə görə Allah-Təala rizasını qazanmağı hədəf almaq şərtilə:

Bir-birinə məhəbbət bəsləyənləri,

Bir-birlərini ziyarət edənləri,

Qardaşı möhtac olduğu vaxt malını əsirgəmədən onun ehtiyaclarına sərf edənləri,

və bir-birini himayə edənləri sevər (Əhməd b. Hənbəl). Biz də sevdiklərimizlə bu ölçülərə görə yaxınlıq etməliyik.

Özümüz üçün istədiyimiz hər yaxşı və gözəl şeyi din qardaşımız üçün də istəməliyik (Buxari, Müslim). Özümüz üçün istəmədiyimiz bir şeyi din qardaşımız üçün də qətiyyən istəməməli, arzi etməməliyik.

Düşündüyümüz, hazırladığımız gözəl şeyləri, sevdiyimiz qardaşlarımıza da söyləməli, beləcə həm onları sevindirməli, həm də bu mövzudakı fikirlərini almalıyıq.

Sevgini artıran gözəl davranışlar vardır. Sevənləri bir-birinə daha da yaxınlaşdıran bu davranışları qardaşlar bir-birindən əsirgəməməlidir. Hz. Ömər (r.a)-ın bildirdiyinə görə, insan bir din qardaşı ilə qarşılaşdığında;

ona əvvəl salam verməli,

olduğu məclisə gəldiyində ona yer açmalı,

ona səslənib çağırdığında ən çox sevdiyi adıyla xitab etməlidir.

Bu gün insanlar bir-birlərinə, qarşısındakını əsəbiləşdirmək istəyərcəsinə onun heç sevmədiyi ad və ləqəblərlə çağıraraq zarafat etdiklərini zənn edirlər. Belə kobud və qırıcı bir şəkildə çağrılan kimsə, buna əhəmiyyət vermirmiş kimi davransa belə, əlbəttə ki, qəlbinin həssas nöqtəsindəki bəzi tellər qırılacaq, hiss etdirməməyə çalışsa da o anlayışsız yoldaşından, qardaşından inciyəcəkdir.

Sevənlərin yardımlaşma şəkillərindən biri də, bir-birinə dua etmələri, bir-birindən dua istəmələridir. Bir dəfə Hz. Ömər ümərəyə gedərkən Rəsulullah (s.ə.s)-in hüzuruna çıxaraq icazə istədi. Əziz Peyğəmbərimiz də ona icazə verdikdən sonra “Əziz qardaşım, duanda bizi unutma!” buyurdu. (Əbu Davud, Tirmizi)

Bir Peyğmbər belə din qardaşından dua istədiyinə görə, Allah rizası üçün sevdiyimiz və bizi sevdiyini umduğumuz qardaşlarımızdan biz də dua istəməli və onlara dua etməliyik.

Allah rizası üçün sevdiyimiz qardaşlarımız bizim üçün çox qiymətlidir. Onlar kədərimizi sevincə çevirən, bizə həyatı gözəl göstərən bir könül cilasıdırlar. Onların dəyərini bilməli, onları incitməkdən şiddətlə uzaq durmalıyıq.

Prof. Dr. M. Yaşar Kandemirin yazılarından istifadə olunmuşdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz