Hər Kəs Nə İstədiyinə Baxsin!

Hər Kəs Nə İstədiyinə Baxsin!

Günlərin birində bir nəfər Hz. Musanın yanına gəlib: “Ya Musa, nə olar dua et, heyvanların dilini başa düşüm və bundan ibrət alaraq daha yaxşı insan olum,” dedi. Hz. Musa:

 “Qaldıra bilməyəcəyin bir yükün altına girməyə çalışma, bu halın sənin üçün daha xeyirlidir”, dedi. Lakin adam israr etdi:

“Ya Musa, nə olar heç olmasa qapımda yatan itlə xoruzun dilini anlayım.”

Hz. Musa nə qədər bundan imtina etməsi üçün çalışsa da, adam istəyində israrlı idi. Hz. Musa istəmədiyi halda ona dua etdi. Adam sevinərək evinə qayıtdı. Ertəsi səhər xidmətçisi süfrəni açarkən bir parça çörək yerə düşdü. Xoruz qaçaraq çörəyi aldı. İt buna çox qəzəbləndi:

“Ay xoruz, bu hərəkətin doğrudurmu? Sən buğda da yeyə bilərsən, arpa da. Mənsə çörəkdən başqa bir nə yeyə bilmirəm, niyə mənim ruzimi götürürsən?” dedi.

Xoruz cavab verdi: “Haqlısan lakin heç kədərlənmə sabah bizim sahibimizin eşşəyi öləcək, sən də qarnını yaxşıca doyduracaqsan”, dedi.

Bunu eşidən adam dərhal eşşəyi bazara aparıb satdı.

Ertəsi gün də itlə xoruz nə danışdığını eşitmək üçün yanlarına gəldi.

İt xoruza gileylənirdi: “Ay xoruz, bəs deyirdin eşşək öləcək?”

Xoruz: “Eşşək ölməyinə öldü, amma başqa yerdə. Çünki sahibimiz onu satdı. Lakin heç narahat olma, sabah at öləcək, o zaman daha böyük ziyafət olacaq,” dedi. Bunu eşidən adam dərhal axıra qaçdı, atı tez  bazara aparıb satdı. Sevinərək evinə döndü. “Bu heyvanların dilini öyrənməm çox yaxşı oldu, beləcə zərərdən xilas oldum,” deyə düşünürdü. Ertəsi səhər yenə köpəklə xoruzun yanına getdi. İt yenə xoruza giley edirdi:

“Ay xoruz qardaş, bu səfər də, dediyin olmadı, yoxsa sən də yalana başlamısan?”

Xoruz: “Xeyr, mən yalan danışmadım. Biz fitrət etibarı ilə əsla yalan danışmarıq. İnsanları namaza qaldırarıq. At öləcəkdi, lakin sahibimiz onu da satdı. Ancaq narahat olma, sabah sahibimizin çox qiymətli köləsi öləcək, o zaman onun üçün halvalar, yeməklər veriləcək, hamımız doyacağıq”, -dedi.

Bunu eşidən adam dərhal müştəri tapıb köləsini də satdı. Ertəsi gün yenə itlə xoruzun yanına getdi. Öz aralarında danışırdılar. İt bu səfər çox qəzəbli idi:

“Yalançı xoruz, bəs kölə öləcəkdi, bu sayədə qarınımız doyacaqdı? Neçə gündür ki, məni aldadırsan.” deyirdi.

Xoruz da: “Mən yalan demirəm, kölə öldü, amma başqa yerdə. Çünki sahibimiz onu da satdı. Lakin heç yaxşı etmədi. Çünki bu səfər sıra özünə gəldi. Çünki ilkin qəza, bəla eşşəyə gələcək, beləcə sahibimiz bəladan və qəzadan xilas olmuş olacaqdı. Eşşəyi satınca, onun yerinə ata gəldi, atı da satınca onun yerinə köləyə gəldi, köləni də satınca bəla özünə gəldi. Sıra ondadır, sabah sahibimiz öləcək, bu sayədə hamımız doyacağıq”, dedi. Bunları eşidən adam ah-vay etdi, amma nə fayda , iş-işdən keçmişdi artıq... Beləcə, tamahkarlığın cəzasını canıyla ödədi. (Məsnəvi) 

Bu hekayədən çox ibrət çıxarmaq olar. Ancaq mövzumuza uyğun olan bu xüsusu altından xətt çəkərək deyə bilərik ki, iş layiq olmayana verildikdə nəticə yaxşı alınmır! Bəşər olduğumuz üçün istiqbalımızı bilmədən bəzi şeylərə tamah edə bilərik, daha doğrusu edirik də. “Sizin xeyir bildiyinizdə sizin üçün şər, şər bildiyinizdə də xeyir vardır.”  (əl-Bəqərə, 216) ayəsi də yuxarıda söylədiyimiz sözü dəstəkləyir.

 

“Sən təlaşdan, fikirdən, bilgidən ibarətsən. Səni insan edən xüsusların bunlardır.  Bunlardan geriyə qalan şeylər ət, sümük və sairdir.” (Mövlana)  Bu beytində Mövlana elmin qiymətindən   bəhs etməkdədir. Bəs görəsən elm nə vaxt qiymətli və ya qiymətsiz olur?

Ən son texnikadan istifadə edən insanlar, əfsuslar olsun ki, son vaxtlarda özlərinə heyranlıqlarını da artırdılar. Onlar bu elmləri ilə dünyanı cənnətə çevirə biləcəkləri zənninə qapıldılar. Elm elə bir nemətdir ki, ondan düzgün istifadə etdikdə faydalı, səhv istifadə etdikdə isə sonu peşmançılıqla qurtaran nəticələrə gətirib çıxarır. Tarixdə bu cümləmizi isbatlayacaq hadisələr az olmamışdır. Məsələn, atom bombasının icadı bəşəriyyətə fəlakət gətirmişdir. Artıq elə bir dövrdə yaşayırıq ki, bizi cahilliyimiz deyil, əksinə elmimiz təhdid etməkdədir.  Peyğəmbərimizin Allaha pənah apardığı şeylərdən biri də “faydasız elm”dir.          

“Hər şeyin iki ucu, bir ortası vardır. Sən daima ortadan tut!” -deyən Şərq dünyasının dahi mütəfəkkiri Mövlana bir arif kimi hər kəsə orta yolu tutmağı tövsiyə etmişdir.  Allah   orta yolu tutan bəndəsini çox sevər. Burada belə bir sual ortaya çıxır: Bəs görəsən orta yol nədir? Cavab bəllidir: “Hər şeyin xeyirlisini Sahibindən istəmək!”

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz