Quran Gündəliyi
Bu surəyə ona görə “Fatihə” deyilmişdir ki, həm Quran, həm də namazlarda qiraət onunla başlanır. Həmçinin bu surəyə “Ümmül-Kitab” “Kitabın anası” da deylir.
Surənin bundan başqa adları da vardır. “əl-Həmd”, “əş-Şifa”, “əl-Vaqiyə”, “əl-Kafiyə” və “Əsasul-Quran” bunlardan bəzilərdir.
Buxari (h.194-256) qeyd edir ki, ona “Ümmül-Kitab” adının verilməsinin səbəbi müshəflərə yazılan ilk surə olması və həmçinin namazda qiraətə onunla başlanmasıdır.
Ərəblər bütün işi cəm edənə və öndə gələnə “ana” adını verirlər. Beyini əhatə edən dəriyə “başın anası” deyilir. Həmçinin ordunun bayrağına və altında cəm olduqları şüara da (ordunun) “anası” adı verilir.
İmam Əhməd Əbu Hüreyrədən (r.a) Hz. Peyğəmbərin belə buyurduğunu nəql etmişdir: “Fatihə Quranın anasıdır, o səbul-məsanidir (namazda tez-tez təkrar edilən yeddi ayə), o Qurani-Əzimdir.”[1] İbn Cərir Təbərinin də buna bənzər sözü vardır.
Fatihə Surəsinin Fəziləti Haqqında
1. Əbu Səid bin Müəlladan (r.a): Namaz qılırdım. Hz. Peyğəmbər (s.ə.s) məni çağırdı, mən isə namazı qılıb qurtaranadək ona cavab vermədim. (Sonra) onun yanına getdim. (Hz. Peyğəmbər) buyurdu: “(Bir az əvvəl çağırdığımda) niyə yanıma gəlmədim?” Mən: Ey Allahın Rəsulu, namaz qılırdım, -dedim. (Hz. Peyğəmbər) buyurdu: “Allah-Təala: “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizlərə həyat verəcək bir şeyə çağırdığı zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. … ”[2] buyurmur məgər?”
Sonra Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “And olsun ki, məsciddən çıxmadan sənə Qurani-Kərimdə yer alan ən əzəmətli surəni öyrədəcəyəm.” Əlimdən tutdu, məsciddən çıxmaq istədikdə mən dedim: Ey Allahın Rəsulu, axı siz buyurdunuz ki, sənə Quranda yer alan ən əzəməti surəni öyrədəcəyəm. (Hz. Peyğəmbər) buyurdu: “Bəli, “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.” O, təkrar edilən yeddi ayə və mənə verilən Qurani-Əzimdir.”[3]
2. Übey bin Kəbdən (r.a): Hz. Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Allah nə Tövratda, nə də İncildə “Ümmül-Kitab”ın bənzərini nazil etməmişdir. O, təkrar edilən yeddi ayədir. Həmin surə Allah ilə bəndə arasında yarıya bölünmüşdür.”[4]
3. Əbu Səid əl-Xudridən (r.a): “Səfərə çıxmışdıq, bir yerdə qonaqladıq. Bir cariyə gəlib belə dedi: Məhəllənin başçısını ilan (və ya əqrəb) sancıb, bizim adamlarımız isə burada yoxdur. Sizin aranızda nə isə oxuyub sağaldan varmı? Qadının bu sözündən sonra aramızdan bir adam qalxdı. Biz onun ruqyə (dua oxuyub şəfa diləmək) etdiyini bilmirdik. Xəstəyə ruqyə etdi. O da həmin adama otuz qoyun verdi. Bizə də süd qonaqlığı verdilər. Biz oradan qayıtdıqdan sonra həmin adamdan soruşduq: Sən ruqyə etməyi bilirdin? O dedi: Xeyr, mən sadəcə Ümmül-Kitabı oxuyaraq ruqyə etdim. Biz (öz aramızda) dedik: Hz. Peyğəmbərin (s.ə.s)-in yanına çatana qədər və ya ondan (bu məsələ haqda) soruşanadək bu haqda heç nə danışmayaq. Mədinəyə gəldikdə hadisəni Peyğəmbərə nəql etdik. Hz. Peyğəmbər (s.ə.s) buyurdu: “Sən haradan bilirdin ki, onunla ruqyə etmək olar? Qoyunları bölüşdürün, mənə də bir pay ayırın.”[5]
Müslimdə keçən bəzi rəvayətlərə görə həmin şəxs Əbu Səid əl-Xudrinin özü olmuşdur.
4. İbn Abbasdan (r.anhumə): Cəbrayıl -əleyhissəlam- Hz. Peyğəmbər (s.ə.s) ilə olarkən başının üstündə bir səs eşitdi. Cəbrayıl -əleyhissəlam- gözünü səmaya çevirib belə dedi: Bu səmadan indiyə qədər açılmayan bir qapıdır. Həmin qapıdan bir mələk endi və Hz. Peyğəmbərin yanına gəlib dedi: Müjdə olsun! Sənə səndən öncə heç bir nəbiyə verilməyən iki nur verildi; Fatihə surəsi və Bəqərə surəsinin son ayələri. Onlardan oxuduğun hər hərfə görə savab alacaqsan[6].
5. Əbu Hüreyrədən (r.a): Hz. Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Kim namaz qılar və həmin namazda Ümmül-Quranı oxumazsa, o namaz tamamlanmamışdır.” Bunu üç dəfə təkrar etdi. Əbu Hüreyrəyə deyildi: Bəs biz imamım arxasında olanda necə? O dedi: (Belə olduqda) onu ürəyində oxu, çünki mən Peyğəmbər (s.ə.s)-in belə buyurduğunu eşitmişəm: “Qüdrətli və böyük olan Allah buyurur: “Mən namazı Özümlə qulum arasında bölmüşəm və quluma istədiyi verilər. Qul: “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur” dediyi zaman Allah buyurur: Qulum mənə həmd etdi. Qul: “ər-Rahmənir-Rahim” dediyi zaman Allah buyurur: Qulum məni mədh etdi. Qul: “ Hesab gününün Maliki” dediyi zaman Allah buyurur: Qulum məni ucaltdı. Qul: “Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik” dediyi zaman Allah buyurur: Bu mənimlə qulum arasındadır və quluma istədiyi verilər. Qul: “Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” dediyi zaman Allah buyurur: Bu, quluma aiddir və quluma istədiyi verilər.”[7]
ŞƏRHLƏR