Allah ... sevər, Allah... sevməz

Allah ... sevər, Allah... sevməz

Quranda insanların bir-birlərinə və Allaha olan sevgisindən olduğu kimi, Allahın da insanlara olan sevgisindən bəhs olunur. Çünki dinin təməli sevgidir.

Qurandakı “Allah  .... sevər” və ya “Allah .... sevməz” deyə bitən ayələrin demək olar ki, hamısı Mədinədə nazil olub. Məkki surələrdə isə əzab və cəza ön plandadır.  Bunun səbəbi isə Quranın müsəlman şəxsiyyəti formalaşdırma  prosesi ilə bağlıdır.  Bu prosesin əvvəlində insanlar əzabla qorxudulurdu. Mədinə dövründə isə artıq möminlərin Allahla olan münasibətləri “sevgi”yə əsaslanmağa başladı.

            Hər bir mömin Allahı sevər, digər insanları sevər. Ancaq Allahın sevdiyi bəndə olmaq bu sevginin zirvə nöqtəsidir. Hər kəs buna nail olmaq istər. Quran bizə Allahın kimləri sevib sevmədiyini bildirərək Allahın sevdiyi bəndələrdən olmaq üçün önümüzə bir xəritə qoyur. Allahın sevgisinə nail olmada bizə doğru və yanlış yolları göstərən xəritə belədir:

 

1. Allah kimləri sevər? 

 

(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.” (əl-Buruc, 14)

 

(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri Sevir.” (əl-Bəqərə, 195)

 

“Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (əl-Bəqərə, 222)

 

“Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.” (Ali-İmran, 76)

 

“Allah səbir edənləri sevər!” (Ali-İmran, 146)

 

“Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!”  (Ali-İmran, 159)

 

“Allah ədalət sahiblərini sevər!” (əl-Maidə, 42)

 

Allahın sevdiyi bəndələri Peyğəmbərimiz (s.ə.s) də belə tanıdır: Allah-Təala dünyanı sevdiyinə də, sevmədiyinə də verir. Ancaq imanı sadəcə sevdiklərinə bəxş edər. (Hakim)

Başqa bir hədisdə isə belə buyurulur: Allah üçün təvazökar olanı Allah ucaldar. Təkəbbürlənəni Allah alçaldar. Allahı çox ananı Allah sevər. (İbn Macə)

 

2. Allah kimləri sevməz?

 

“Allah həddi aşanları sevməz!” (əl-Bəqərə, 190)

 

“Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!” (Ali-İmran, 32)

 

“Allah zülm edənləri sevməz!” (Ali-İmran, 57)

 

“Allah isə fitnə-fəsad törədənləri sevməz!” (əl-Maidə, 64)

 

“Allah kafiri, günahkarı sevməz!” (əl-Bəqərə, 276)

 

“Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (ən-Nisa, 36)

 

“Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!”  (əl-Qəsəs, 76)

 

“Allah təkəbbürlənənləri sevməz!” (ən-Nəhl, 23)

 

“Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!” (ən-Nisa, 107)

 

(Allah) israf edənləri sevməz!” (əl-Ənam, 141)

 

Yuxarıda söylənənlərin nəticəsində belə bir sual ortaya çıxır. Bəndə Allahın sevdiyi bir qul olduğunu necə bilər? Bu suala Qəzzali “İhyau-ulumid-din” adlı əsərində belə cavab verir: Allahn qulunu sevməsinin əlaməti onu başqalarından soyutması, Özü ilə onun arasına heç kimin girməməsini təmin etməsidir. Qəzzali buna misal olaraq Hz. İsanın bir suala verdiyi cavabı göstərir. Hz. İsadan soruşurlar: Niyə özünə minik heyvanı almırsan? Hz. İsa belə cavab verir: Mən Allah qatında məni minik heyvanı ilə məşğul edərək Öz nəzdindən uzaqlaşdırmayacaq qədər dəyərliyəm.

Sonda belə nəticəyə gəlmək olar ki, Allahın qulunu sevməsi demək, onu məşğul edən digər şeylərdən və günahlardan uzaqlaşdırması, onu Özünə yaxınlaşdırması, iç dünyasını pisliklərindən təmizləyərək və qəlbindən pərdəni qaldıraraq qəlbi ilə Allahı görmə səviyyəsinə gətirməsi deməkdir. (Qəzzali, İhya)

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz