Məsnəvidən

Məsnəvidən

Comərdlik və yardım etməkdə axar su kimi ol,

Şəfqət və mərhəmətdə günəş kimi ol,

Başqalarının qüsurunu örtməkdə gecə kimi ol,

Hiddət və qəzəbdə ölü kimi ol,

Təvazökarlıqda torpaq kimi ol,

Xoşgörüdə dəniz kimi ol,

Ya olduğun kimi görün, ya göründüyün kimi ol.

 

Quşları qovan uşaq

 

Bir uşaq əkinləri qoruyurdu. Quşları qovmaq üçün əlindəki dəfi çalardı. Quşlar o dəfin səsindən ürküb qaçırdılar. Beləcə o dəfin gurultusundan qaçan quşlardan da əkinlər xilas olurdu.

Bir gün sultan Mahmudun yolu o tərəflərə düşdü. Sultanın çadırını o əkinin yaxınlığında qurdular. Yanında saysız əsgərlərdən ibarət ordusu da vardı. Ordunun önündə belinə təbil yüklənmiş bir dəvə vardı. Birdən o dəvə tarlaya girdi. Uşaq əlindəki dəfi çalaraq əkinləri qorumağa çalışdı. Müdrik bir adam uşağa belə dedi:

- Dəf çalıb yorulma! O dəvənin belindəki böyük təbili görmürsənmi? O, səsə alışıb artıq. Sənin bu dəfin ona təsir etməz. Belindəki təbil bu dəfdən iyirmi qat daha güclüdür.

Böyük bəlalara alışmış olanlara, sadəcə öz mənfəətini qorumağa çalışan uşaq ağlında olanlardan gələn kiçik hədə-qorxular təsir etməz.

 

Ürəyim azaddır

 

Bir din aliminin yolu dəlixanaya düşmüşdü; “Gedib gəzim, dəlilərin vəziyyətini görüm!” deyərək qapını döydü. Qapıdan ıçəri girəndə əlləri-ayaqları bağlı olan bir dəlinin sevinc içində çığır-bağır saldığını, keyfindən sərxoş kimi olduğunu gördü. Yanına gedərək:

“- Əl-ayağın bağlı olduğu halda nəyə sevinirsən?” dedi.

Dəli cavab verdi:

“- Əl-ayağım bağlıdır, ürəyimsə yox. Könlüm azad olduqdan sonra burada bağlı olsam nə olar? İki aləm dediyin nədir? –Bir dəniz, adı da könül. O dənizdə azadam mən!”

 

İBRƏTLƏR

 

Bir udum su

 

Şəqiq Bəlxi həzrətləri həcc məqsədiylə yola çıxıb Bağdada gəldiyi zaman Harun Rəşid onu çağırtdırıb belə dedi:

“- Mənə nəsihət et!”

Şəqiq Bəlxi ona belə cavab verdi:

“- Ağlını başına topla! Haqq-Təala səni Əbu Bəkr əs-Siddiqin məqamına oturtduğuna görə ondan istədiyi kimi səndən də sidq istəyir. Ömər əl-Faruqun məqamına oturtduğuna görə haqq ilə batilin arasını ayırmanı istəyir. Osman Zinnureynin məqamına oturtduğuna görə səndən həya və kərəm istəyir. Əli əl-Murtəzanın məqamına oturtduğuna görə səndən elm və ədalət istəyir.

Harun Rəşid:

“- Bir az da nəsihət et!” dedi.

Şəqiq Bəlxi belə davam etdi:

“- Allahın bir yeri var ki, o yerə Cəhənnəm deyirlər. Allah səni ona qapıçı təyin edib əlinə üç qüvvət veribdir: Mal, qılınc və qamçı. Sənə buyurmuş ki, xalqı bu üç şeylə Cəhənnəmdən uzaqlaşdır. Yəni, möhtac biri yanına gələrsə, malını ondan əsirgəmə! Kim Haqqın fərmanına boyun əyməzsə, onu ədəbləndir. Kim haqsızlıq və cahillik edərsə, ona mane ol! Malını infaq et, yerinə görə haqqı yaymaqda qılıncını işlət və günahkarlara haqq etdikləri cəzaları ver!

Harun Rəşid:

“- Bir az da nəsihət et!” dedi.

Şəqiq Bəlxi belə davam etdi:

“- Sən suyun mənbəyisən, icraçı valilərin arxlardır. Əgər su qaynağı saf və bərraq olarsa, arxlar da eyni şəkildə saf və bərraq olar.”

Harun Rəşid:

“- Bir az da nəsihət et!” dedi.

Şəqiq Bəlxi belə davam etdi:

“- Fərz et ki, çölün ortasındasan və məhv olmağa bir addım qalacaq şəkildə susadın. O zaman bir içim su tapsan neçəyə alarsan?”

“- Neçəyə istəsələr.”

“- Birdən adam; “Mülkünün yarısını  istəyirəm” desə:

“- Onu da verərəm.”

“- Fərz et ki, suyu içdin, amma içdiyin su bədənindən xaric olmur və sən məhv olmaqdan qorxursan. O vaxt da bir nəfər gəlib:

“- Mən səni müalicə eləyə bilərəm. Bunun qarşılığı olaraq da mülkünün ikinci yarısını istəyirəm” desə nə edərsən?”

“- Onu da verərəm.”

“- Elə isə, əvvəlcə içib, sonra da bədənindən xaric etdiyin bir içim su qiymətində olan mülkünlə niyə öyünürsən?”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz