Bir yanlışı düzəldək
Hamı kimi mən də “İlanın zəhləsi yarpızdan gedər, o da gəlib bitər yuvasının ağzında” atalar sözünü dəfələrlə eşitmiş, xoşlamadığım, sevmədiyim bir adamla görüşməkdən qaçdıqda və onunla tez-tez rastlaşdıqda bu atalar sözündən istifadə etmişəm.
Atalar sözündə keçən yarpız səhvən dodaqçiçəklilər fəsiləsindən olan çoxillik bitki ilə eyniləşdirilir. Tərkibində efir yağı olan bu bitki spesifik qoxusu ilə diqqəti cəlb edir. Məhz buna görə də xalq yozumuna görə yarpızın iyindən ilanın başı ağrıdığı düşünülərək ilanın yarpız olan yerdən uzaq olduğu deyilir.
Əslində isə xalq təbabətində və milli kulinariyamızda işlədilən yarpızın bu atalar sözü ilə heç bir əlaqəsi yoxdur.
Türk dillərinin öyrənilməsində əvəzsiz və ilk kitab olan “Divani-Lüğətit-Türk”də kitabın müəllifi Mahmud Kaşğari iki yerdə yarpız sözü haqqında məlumat verir. “Divan”da haqqında danışdığımız atalar sözünün qədim variantına da rast gəlirik.
Yarpız / yarpuz sözünün biri elə hamımızın tanıdığı dodaqçiçəklilər fəsiləsindən olan ətirli bitki, digəri isə viverkimilər fəsiləsindən yırtıcı məməli heyvan kimi izah edilmişdir. Haqqında danışdığımız atalar sözü də ikinci leksik izahdan sonra verilmişdir:
“Yarpuz – Firon siçovulu, ilanları öldürən bir heyvan.” Həmin söz bu atalar sözündə belə işlənir: “Yılan yarpuzdan qaçar, qança barsa yarpuz utru kelur” (İlan firon siçovulundan qaçar, (ancaq) hara gedərsə yarpuz (firon siçovulu) qabağına çıxar.)
Bir adı da manqust olan firon siçovulu haqqında Az. Sovet Ensiklopediyasının VI cild, 341-ci səhifəsində belə məlumat verilir:
- Manqust, firon siçovulu: (herpestes ichneumon) bədəninin uzunluğu 65 sm-dək, quyruğu 30 sm-ə qədərdir... Şimali Afrika, Kiçik Asiya və cənubi-qərbi Avropada yayılmışdır. Xırda gəmirici, quş, ilan və həşəratlarla qidalanır. İlanları qırdığı üçün faydalıdır.
Vaxtilə türk dilində omonim söz olan yarpuz ikinci leksik mənasını itirmiş, ancaq bir mənası, bu gün ədəbi dilimizdə işlənən fonetik dəyişikliyə uğrayan mənası qalmışdır.
Məhz bu səbəbdən də atalar sözü öz həqiqi mənasından uzaqlaşmış və anlaşılmaz şəklə düşmüşdür. “Divan”da verilən leksik izah bir daha sübut edir ki, biz məlum atalar sözünün təhrifolunmuş variantından istifadə edirik. Əslində isə bu atalar sözü bu variantlarda olmalıdır:
“İlan yarpuzdan (manqustdan) qaçar, o da hara getsə qabağına çıxar”, “İlanın zəhləsi yarpuzdan gedər, o da qabağına çıxar.”
ŞƏRHLƏR