VİRTUAL HƏYATLAR
Sürətlə inkişaf edən texnologiya çağı və bu inkişafa uyğunlaşmaqdan başqa “çarəsi” olmayan bizlərin virtual aləm-həqiqi aləm arasında yaşadığı ikili həyatlar yaşayışımızın hər yönünü ağuşuna almış vəziyyətdədir. ‘‘Texnologiya o qədər irəlilədi ki'' deyə başlayan cümlələrin sonu ümumiyyətlə şikayətlənmələrlə bitir. İşlərin bu qədər asanlaşmasına və virtual aləmdə istifadə edilən ifadə ilə “bir düyməylə hər şeyin əlimizin altında olmasına” baxmayaraq daim nələrinsə əskikliyini ruhumuzda duyuruq.
Virtual aləmdə yazdıqlarımız, paylaşdıqlarımız, izlədiklərimiz bir cəhəti ilə bizim şəxsiyyətimizi, düşüncə dünyamızı ortaya qoyur. Mobil cihazlar vasitəsi ilə içində olduğumuz bir həyat var. Bu həyata qarşı iki seçiminiz var: ya var olacaqsınız və ya olmayacaqsınız. Var olmağa çalışırsınızsa, cavab verməli olduğunuz onlarla tanımadığınız insanlar, oxumalı olduğunuz yüzlərlə xəbər, şərh etməli olduğunuz bir o qədər mövzu və ya izləmək məcburiyyətində olduğunuz yüzlərlə video var. Siz təqibçisi olduğunuz o həyatın bir parçası olur və virtual həyatda var olma mübarizəsi içinə girirsiniz. Bir zaman sonra o həyatın parçası deyil özü olursunuz.
Ətrafımıza baxaq: bir çox insan “anı paylaşma” və ya “hər an ünsiyyətdə qalma” adına etdiyi, gördüyü hər şeyi virtual aləmə daşıma səyi daşıyır. Gerçək həyatdan uzaq, ölçüləri fərqli, əlaqələri nizamsız və tanımadığı minlərlə insanla tanıyırmış kimi ünsiyyət içində olmaq. Bu vəziyyət müəyyən tərəfləri ilə problemli şəxsiyyətlərin ortaya çıxmasına zəmin hazırlayır.
Virtual aləmdə davamlı var olma səyinin əndişələrindən bəziləri:
İctimai həyatdan uzaq, fərdi bir həyat tərzi mənimsənir
Saatlarla internet başında zamanını keçirən insanların ailəsi, qohumu, dost-tanışı ilə sağlam ünsiyyət qurması gözlənilməzdir. İnternetin asılılıq yaratdığı, dünyanın bir çox ölkəsində bu asılılığı müalicə üçün çalışan xəstəxanaların, müalicə mərkəzlərinin qurulduğunu bilməyənimiz yoxdur. İnsan ruhunda ibarət olan/yaranan boşluğu gerçək həyatda doldura bilməyincə, tanımadığı və özünü də tanımayan virtual insanlarla ünsiyyətə keçir, böhran içinə süründürülən ruhunu təmin üçün sanki fırtınalı bir dənizdə oradan-oraya sovrulur. Əvvəllər asılılıq kompüterlərin önü olduğu halda indi “ağıllı telefon” məharətiylə həyatın hər anında asılılıq davam edir. Belə ki, bir iclasda belə insanlar eyni zamanda sosial şəbəkələrdə nə isə paylaşa bilirlər.
Ünsiyyət problemi olan insan tipi formalaşır
Bu qədər paylaşma içərisində olmaq bir tərəfdən gerçək həyatda ünsiyyət problemləri yaşamağa səbəb olur. Öz dünyasında, lazım olduqda şəxsiyyətini gizli tutaraq istədiyi şəkildə yazan-pozan, paylaşan bir insan gerçək həyatda ünsiyyət problemləri yaşaya bilir. İnternet istifadə edən insanların get-gedə içinə qapalı, utancaq və özünü kifayət qədər ifadə edə bilməyən, bədən dilini işlədə bilməyən, özünə inamı aşağı, küskün, utancaq olduqları düşüncəsi mütəxəssislər tərəfindən də dəstəklənir.
Sosial şəbəkələrdə böyüyən bir nəsil
Günümüzün gəncləri texnologiyanın çatdığı ən son imkanlara sahib olaraq yetişir, yaşayır və öz təcrübələrini meydana qoyurlar.
Bu sərhədsiz inkişaflardan və sehrli yenliklərdən ən çox təsirlənən də onlar olur. Fərqli bir gənclik, fərqli bir uşaqlıq yaşayırlar. Tam mənasıyla sosial şəbəkələrdə paylaşmalarla yaşanan həyatların bir parçasına çevrilirlər.
Ünsiyyət texnologiyasının gündəlik həyata bu dərəcə girmədiyi dövrlərdə uşaqlar yalnız uşaq idi. Oyun oynayar, yoldaşlarıyla məhəllə futbolu təşkil edər, axşamlar qonşu evlərdə qonaqlığa gedərdilər. İndi isə bu cür sosial şəbəkələrdə virtual fermalar qurur, virtual heyvanlar bəsləyir, virtual evlər tikir və xəyallarında belə reallaşdıra bilməyəcəkləri böyük zənginliklərə sahib ola bilirlər. Uşaqlarımız təəssüf ki, artıq sosial şəbəkələrin əsiri, istehsal etməyən, amma son sürətlə istehlak edən bir nəslin fiqurları vəziyyətindədirlər.
Bu cür asılılıqların təməlinə endikdə xüsusilə cəmiyyətdə özünə yoldaş tapmayan, yaxud da ətrafındakılardan təqdir və alqış görməyən fərdlərin virtual mühitlərdə özünü şərtsiz qəbul edəcək bəzilərini axtarmaqda olduğu, ya da özünün gerçək həyatda dəyişdirə bilmədiyi istiqamətlərini virtual dünyada başqalarının bəyənəcəyi hala asanlıqla gətirdiyidir.
Mənfi xarakter formalaşır
Virtual dünyadan istifadə edən insan mərkəzdə özünü görür. Paylaşdıqları və yazdıqları ilə eqosunu təmin etməyə çalışır. Dünyanın öz ətrafında, hadisələrin mərkəzində isə özü olduğunu düşünür. Özünü isbat etmə səyinə düşür. Olmayan xüsusiyyətləri özündə varmış kimi təqdim edir. Belə olunca saxtakar bir xarakter halını alır.
Müsbət həyatlardan məhrum bir insan ortaya çıxır
Virtual həyat içərisində olan bir insanın həyata dair bir xatirəsi, bir yaşantısı da olmur. Həqiqi sosual həyatın içində olmadığı üçün yalnız eşitdikləri və ya izlədikləri ilə qalır. Bu dijital həyat insanın müəyyən duyğularının yox olmasına səbəb olur. İnsanı mənalı edən və yaşadığı şeylərə dəyər qatan o insanın hərəkəti olaraq yaşadığı sevincləri, kədərləri, həyat hekayələridir. Virtual dünyada bunların hamısı bir ekran qarşısında olduğu üçün asılı olan insan heç bir zaman gerçək həyatdakı kimi bir təcrübə yaşamayacaq.
Özəl həyat məfhumu yox olur
Başqalarının paylaşdığı özəl həyatlara şahid olan insan öz həyatının xüsusi tərəflərini bir nöqtədən sonra asanlıqla paylaşa bilir. Çünki virtual aləmin müəyyən bir qanunu yoxdur. Hər düşüncəyə sahib, hər cür həyat anlayışı içində olan insanların bir yerdə olduğu sahə olması səbəbilə qanuni olmağın da bir etibarlılığı yoxdur. Ağlına gələn istədiyi sözü söyləyə bilir, istədiyi fotoşəkili paylaşır və hər paylaşmasını da özünə görə azadlıq anlayışı içərisində edir. İnsani dəyər adına, dini və ya ənənəvi dəyərlər adına hər hansı bir baryer bu aləmdə keçərli deyil.
Nəticə etibarilə, insan tarazlığa meylli şərəfli bir varlıqdır. Hər nemətin özü üçün Rəbbinin bir lütfü olduğunu biləcək, bədəninin və ruhunun ehtiyaclarına zidd olan hər cür zərərli işlərdən uzaq duracaq. Başqalarının hazırladığı virtual həyatların bir fiquru olmaq yerinə öz təvazökar həyatımızda özümüz olaraq qalmaq və ruhumuzdakı boşluqları gerçək mənada dolduracaq işlər görmək ən doğru addımdır.
Dijital dünyanın bizi hər tərəfdən ağuşuna aldığı bu zamanda cib telefonu da istifadə etməkdən uzaq duran bir insan bizə nə qədər əcaib gəlirsə, əslində, o insanlar bir o qədər də haqlıdırlar.
ŞƏRHLƏR