Prof. Dr. Yavuz Ünalla Reportaj

Prof. Dr. Yavuz Ünalla Reportaj

ƏSAS MƏSƏLƏ ONU ANLAMAQDIR

İrfan: Əvvəlcə özünüzü təqdim edin zəhmət olmasa.

Prof. Dr. Yavuz Ünal: Samsunda 19 May Universitetinin Hədis kafedrasının müdiriyəm. Eyni zamanda Din İşləri Başqanlığının idarə heyətinin üzvüyəm.

İrfan: İlk dəfədirmi, Azərbaycana gəlirsiniz?

Prof. Dr. Yavuz Ünal: Bəli, ilk dəfədir ki, Azərbaycana gəlmişəm. Gəlişimin məqsədi buradakı iki tədbirdə iştirak etməkdir. Bunlardan birincisi, Şeyxülislam Allahşükür Paşazadənin ikinci dəfə MDB Müsəlmanları Məşvərət Şurasının sədri seçilməsi münasibəti ilə təşkil edilən tədbir idi. Bu tədbirdə birlik-bərabərlik mesajları verildi. Çox yüksək səviyyədə keçdi. Mən də bu tədbirdə Türkiyə Diyanət İşləri Başqanlığının nümayəndəsi olaraq iştirak edirdim, Din Xidmətləri Başqanının təbrik məktubunu oxudum. İştirak etdiyim ikinci tədbir isə, Azərbaycandakı Türkiyə Cümhuriyyəti səfirliyinin və Din Xidmətləri Müşavirliyinin təşkilatçılığı ilə Hz. Muhamməd peyğəmbərin doğum gününə həsr olunmuş “Peyğəmbərimiz və insan onuru” adı altında keçirilən tədbir idi. Bu tədbirdə də məruzəçi olaraq iştirak etdim. Tədbirdə Azərbaycanın dövlət rəsmiləri də iştirak edirdilər və son dərəcə səmimi atmosfer məni məmnun etdi. Doğrusu, mən tədbirin bu qədər yüksək səviyyədə və səmimi şəraitdə keçiriləcəyini gözləmirdim. Ancaq gördüyüm mənzərə fikirlərimi alt-üst etdi. Tədbir sözün həqiqi mənasında elm və irfanın birləşdirildiyi bir tədbir oldu. Bu tədbirdə Muhamməd Həmidullahın “İslam Peyğəmbəri” adlı iki cildlik əsərinin və İbrahim Sarıçamın “İslamın Beynəlxalq Mesajı” adlı əsərin tədbir iştirakçılarına hədiyyə edilməsi məni sevindirən digər bir hadisə oldu. Bu əsərlərin Azərbaycan oxucularına çatdırılmasında zəhməti olan hər kəsə təşəkkür edirəm. Bir sözlə, Azərbaycana ilk dəfə gəlsəm də, buradan ayrılarkən son dərəcə sevinclə ayrılacağımı deyə bilərəm.

İrfan: Hocam, bu günlərdə dünyanın müsəlmanlar yaşayan hər tərəfində Peyğəmbərimizin Mövludu ilə əlaqəli bir çox tədbirlər təşkil edilir. Bu vəsilə ilə sualımızı belə dilə gətirək: Bu gün dünya Peyğəmbərimizin hansı vəsfinə (sifətinə) daha çox möhtacdır?

Prof. Dr. Yavuz Ünal: İlk növbədə bunu qeyd etməliyəm ki, İslam bir bütündür. İslamı parçalara ayırmaq mümkün deyil. Həmçinin iman bir bütündür, onu parçalamaq olmaz. Buna görə də iman baxımından və ya İslam baxımından desək, Həzrət Peyğəmbər haqda bunu deyə bilmərik ki, onun bu və ya digər vəsfi daha mühümdür. Həzrət Peyğəmbər hər dövrdə və hər yerdə bir nümunədir. O, hər cəhətdən bir nümunədir. Həzrət Peyğəmbərin tək bir vəsfi ilə ön plana çıxarılması doğru deyil. Eyni şeyi İslam üçün də deyə bilərik. Bir insan müsəlmandırsa, hər yönü ilə müsəlmandır və İslamın gərəyini yerinə yetirmək məcburiyyətindədir. Bu gün də hər bir müsəlmanın üzərinə düşən vəzifə Həzrət Peyğəmbəri bütün yönləri ilə tanımaq və tanıtmaqdır. Əgər Həzrət Peyğəmbəri bir bütün olaraq tanısaq, o, bizim üçün bir nümunə olacaqdır. Əks təqdirdə, onun hər hansı bir vəsfini alıb mədh etməklə kifayətlənsək, onun haqqında danışmaq keçmiş xatirələri təkrar etməkdən başqa bir işə yaramaz. İslamı da parçalara ayırmaq olmaz. Yəni siz şəxsi həyatınızda müsəlman, ictimai həyatda müsəlman olmaya bilərsiniz? Və ya gündüz müsəlman, gecə müsəlman deyilsiniz. Bu mümkündür? İman etməkdə və ya etməməkdə sərbəstsiniz, müsəlman olmaqda və ya olmamaqda sərbəstsiniz, dində məcburiyyət yoxdur. Ancaq İslamı seçdiyiniz andan etibarən Allahın əmr və qadağalarının qəlbinizə enməsi və orada yer tutması lazımdır. Qəlbinizə yerləşdikdən sonra isə, artıq İslam sizin həyatınızı şəkilləndirməyə başlayacaqdır. Beləliklə İslam sizin yaşayışınızı, danışığınızı, davranışınızı dəyişdirəcəkdir.

İrfan: Bəzən dünyada Peyğəmbərimizi təhqir edən karikaturalara, filimlərə də rast gəlmək olur. Belə hallar qarşısında müsəlmanların mövqeyi necə olmalıdır?

Prof. Dr. Yavuz Ünal: Çox çətin sualdır. Birmənalı olaraq deyim ki, Peyğəmbərimizə qarşı edilən hərəkətlər çox çikin hərəkətlərdir, yolverilməzdir. Ancaq onu deyim ki, birinci olaraq özümüzü hesaba çəkməliyik. Bu hadisələrin baş verməsində bizim rolumuz nədir, deyə öz-özümüzə sual versək, ehtimal ki, heç də xoşa gəlməyən cavabla qarşılaşacağıq. Çünki biz Həzrət Peyğəmbəri hər zaman savaş üzərindən oxuduq, savaş üzərindən anlamağa və anlatmağa çalışdıq. Məsələn, bir siyər kitabını oxuduqda görərik ki, bu kitablardakı mövzuların əksəriyyəti savaşla bağlıdır. Halbuki Həzrət Peyğəmbərin cəmi 53 gün savaşda olmuşdur. Yəni 63 illik bir həyat bir tərəfdə qalır, demək olar ki, bütün siyər kitabları 53 günlük savaşlara həsr olunur. Həzrət Peyğəmbər bir mədəniyyət inşa etdi və bu mədəniyyətin fundamentini də tökdü, binasını da tikdi və bəzədi. Siz onu, o Peyğəmbəri həmin mədəniyyətin banisi olaraq təqdim etmədiyiniz müddətcə, oxumadığınız, oxutmadığınız müddətcə bəziləri də onu əlində qılınc olaraq təqdim edəcəklər. Doğrudur, bu, çox çirkindir. Ancaq müsəlmanlar da Peyğəmbərə baxışları ilə belələrinin dəyirmanına su tökürlər. Bir sözlə, belə çirkin kampaniyalara qarşı olmaq üçün ilk növbədə müsəlmanlar Həzrət Peyğəmbəri bütün yönü ilə qavramalı, bütün yönü ilə anlamalıdırlar. İslam düşmənləri hər zaman olacaqdır, ancaq bunların qarşısında müsəlmanların necə hərəkət edəcəkləri çox mühümdür. Bu gün dünya Həzrət Peyğəmbəri tanımırsa, onu tanıtmaq üçün sadəcə “Bizim Peyğəmbərimiz son Peyğəmbər” və ya “Bizim Peyğəmbərimiz ən böyük Peyğəmbər” kimi şüarlar söyləyərək tanıtmaq mümkün deyil. Həzrət Peyğəmbəri tanımaq və tanıtmaq üçün ilk növbədə müsəlmanların Həzrət Peyğəmbərin həm ruhunu, həm düşüncələrini, həm hadisələrə yaxınlaşma tərzini, ən əsası da əxlaqını mənimsəmələri vacibdir. Ancaq bu gün müsəlmanların əsas problemi inancla əxlaqın arasını qoparmalarıdır. Bu gün biz sadəcə Peyğəmbərimizin əxlaqından öyünmək üçün bəhs edirik və ya Peyğəmbəri xatırladığımızda onun əxlaqı da yadımıza düşür. Ancaq bunu düşünmürük ki, bizim Peyğəmbərimiz ən gözəl əxlaq sahibi olduğu üçün biz də ən gözəl əxlaq sahibi olmaq məcburiyyətindəyik.

İrfan: Həzrət Peyğəmbəri doğru anlamaq və onun kimi yaşamaq üçün nə etməliyik?

Prof. Dr. Yavuz Ünal: Onun üçün üç mərhələ var: Birincisi, Həzrət Peyğəmbərin fərqində olmalıyıq. Yəni doğrudur biz iman etdik deyirik, Həzrət Peyğəmbəri Peyğəmbərimiz olaraq qəbul edirik, ancaq bir də baxaq görək ki, bizim övladımız Həzrət Peyğəmbəri və onun örnək şəxsiyyətini fərq edə bilirmi? İkincisi, onu fərq etdikdən sonra gəlir. Belə ki, onu tanıdıqca onu sevməyə, ona heyran olmağa başlanacaqdır. Üçüncüsü isə, onu örnək almaqdır. Onu öz həyatımızda təmsil edə bilməkdir. İnanıram ki, Həzrət Peyğəmbər doğru tanınarsa və doğru tanıdılarsa, onun həyatına heyran olmamaq mümkün deyildir. Yəni əsas məsələ onu doğöru tanımaq və tanıtmaqdır.

İrfan: Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.

Prof. Dr. Yavuz Ünal: Çox sağ olun. Mən təşəkkür edirəm. Doğrsu, Azərbaycan mənim ürəyimdə gözəl bir iz buraxdı və burada keçirdiyim günlər zehnimdə gözəl bir xatirə olaraq qalacaqdır.                   

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz