KÖNÜLDƏN İRAQ

KÖNÜLDƏN İRAQ

Kapitalizmin hökm sürdüyü günümüzdə mənfəət üzərinə qurulan münasibətlərdə demək olar ki, ən çox qarşılaşılan və yaxud da insanların üzləşdiyi ifadələr unutmaq və unudulmaqdır. İnsan oğlu sevməkdənsə sevilməyi daha çox arzu etdiyi kimi, unudulmağı da o qədər arzu etməz. Məsələn, ən çox dəyər verdiyiniz və sevdiyiniz bir şəxs sizə sizi unutduğunu söyləsə, yəgin ki, çox məyus olar və üzülərsiniz.

 Odur ki, sevginin və dəyər vermənin qarşılığı unutmaq deyil, əksinə daha da çox sevmək və dəyər verməkdir. Əfsuslar olsun ki, günümuzdə qarşılaşdığımız unudulma və dəyər verilməmə məsələlərindən biri də biz bəşər övladlarını ən gözəl şəkildə yaradan, bizi sevib dəyər verdiyi üçün bütün dünya və nemətlərini bizim üçün xəlq edən uca Xaliq Allahın unudlmasıdır. Uca Yaradan bizə Quranda “qəlblər ancaq onu anaraq aram tapar” buyuraraq onu könlümüzdən iraq tutmamağı tövsiyə edir. Deməli, insanın maddi-mənəvi sevincinin və hüzurunun açarı Allahı unutmamaqdır.  Mən müsəlmanam deyən hər bir müsəlman Allahı könlündə gəzdirməli hər daim onu xatirindən çıxarmamlıdır. Çünkü qəlbimiz Allahın nəzər etdiyi evdir. O evinə özündə başqa heç kimi və heç bir şeyi – malı, övladı, dünyanı oraya daxil etməyimizi istəmir.  Əgər Allah hər daim yad edilərsə, günah işlənməz, heç kimə əziyyət verilməz, heç kəsin haqqı nahaq yerə yeyilməz, oğurluq edilməz, yalan danışılmaz və s…

Allahı unutmaq onunla olan vazkeçilməz münasibətləri inkar etmək, saymamazlıq etməkdir. Yəni var olma səbəbimizin, xəlq edilməyimizin, sevib-sevilməyin, ruzimizi qazanmağımızın, nəfəs alıb-verməyimizin, görməyimizin, eşitməyimizin və s. Allahın diləməsi ilə olmasını unutmaqdır.  Allahı unumaq insanın öz-özünə çoxalıb artmasını, öz-özünə nəfəs alıb verdiyini iddia etmək və s. mənasına gəlir. Halbuki heç bir insan alıb-verdiyi nəfəsinin hakimi deyil. Heç kim arzusuna görə nəfəs alıb verə bilməz. Odur ki, hər şeyimizin xaliqi və sahibi olanı unutmağa heç birimizin haqqı yoxdur.

Allahı unutmaq demək onun əmr etdiyi ibadətləri lazımi şəkildə yerinə yetirməmək deməkdir. Əslində Allahı unutmaq Ona inanmamaq deyil, onu zehinlərdə və əməllərdə arxa plana atmaqdır. İşlərini və planlarını Allaha görə tənzimləməmək, Onu unutmaq deməkdir. Əgər namaz qılmaq üçün vaxtım yoxdur, hələ vaxtı deyil, deyiriksə, deməli, Allahı unudanlardanıq. Könül rahatlığı ilə yetim haqqı, qonşu haqqı, faiz yeyir, qumar oynayır, zina ediriksə, Allahı unudanlardanıq. Namazlarda Allahı xatırlamır, gündəlik hesabatlarımız, müşkilatımızı fikirləşiriksə, əfsuslar olsun ki, Allahı unudanlardanıq. Allahı unutmaq nifaq və fasiqlik əlamətidir. (Tövbə 67).  Unudulmaq istəməyən unutmamalıdır. Uca Allah “Məni yad edin ki, mən də sizi yad edim” (Bəqərə 152) buyuraraq Onu unutmamağımzı əmr edir.

Allah özünün yad edilməsinə çox önəm verir. Allah yad edilməkdən çox xoşlanır. Allahı unudanların aqibəti ilə əlaqəli Uca Xaliq belə xəbərdarlıq edir: “Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin!”. (Həşr 19). Çünki dünyada Allahı unudanları əlbəttə, Allah da qiyamət günündə, hesab günündə unudacaqdır. Qiyamət günündə unudulanların gedəcəyi məkan şübhəsiz ki, cəhənnəm alovudur. Bu barədə Quranda belə buyurulur: “Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində buraxacağıq). Sizin məskəniniz Cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmağa) kömək edənlər də olmayacaqdır!” (Casiyə, 34) El arasında belə bir məşhur ifadə var: “Unudulanlar unudanları əsla unutmaz”. Allahın unutduğu kimsələrdən olmaq nə böyük üzüntüdür. Düşünün ki, qiyamət günü həşr olunmusunuz, Allahın hüzuruna gedirsiniz və o gün hər şeyin sahibi, maliki olan Allah sizə nəzər yetirmir, üzünüzə baxmır.

Unudulanlardan olmamaq üçün Allahı könlümüzdən iraq tutmamalıyıq ki, biz də Onun nəzərindən uzaqda qalmayaq. Qəlbimizi, könlümüzü onun sahibinə həsr edək. Könül evimizə Allahdan başqa heç kimi daxil etməyək. Heç bir şeyin fayda vermədiyi, mal-mülk var-dövlətin fayda vermədiyi axirət gününün sahibi olan o Uca Yaradan da bizi cənnət bağçalarına daxil etsin. Allah unudulmazsa həm özümüz, həm ailəmiz, həm cəmiyyətimiz, həm də bütün dünyamız firavan olar, mehribançılıq olar. Son cümlələri Allahın öz sevgili bəndələri üçün verdiyi xitabı ilə bitirək:

“Unutduğun zaman Allahı zikr et (yada sal)” (Kəhf 24)

“Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!”. (Bəqərə, 152)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz