UNUTMAQ NANKORLUQDUR
Çox qəribədir, bu gün demək olar ki, böyük əksəriyyətlə insanlar özlərini unutmuşlar. Sual oluna bilər: İnsan özünü düşünmürsə, bəs onda nəyi düşünür? Cavab: Dünyanı, pulu, həyatı, evi, maşının modelini, patlarının gözəl olmasını, dükanların dizaynı. Doğru deyimli? Yəni bu gün sanki hər şey şəkildən ibarətdir, səthi xarakter daşıyır.
Bu gün insanlar maşınlarındakı kiçik bir cızığı düşünürlər, ancaq ruhlarında, mənəvi dünyalarında meydana gələn “maşın girəcək böyüklükdəki” küfr dəliklərini unudurlar. Ailələrinin, uşaqlarının qarınlarını doyuzdurmağı düşünürlər, ancaq onların ürəklərini imanla bəsləməyi unudurlar. Doğrudur? insan unutqandır…
Ancaq gərək dünyaya göndəriliş məqsədini unutmasın. Dünyaya gəliş məqsədini unudan eynilə uzaq səfərə çıxan, lakin yolda yeyib-içməyə, alış-verişə, əyləncəyə başı qarışan insana oxşayır. Bir də görərər ki, kavran gedib. O isə yolunu azaraq tək-tənha qalar, yolda da qurda-quşa yem olar. Unudan insan da yalnız yemək-içməyə, geyim-keçimə vaxt ayırarsa, nə üçün yaradıldığından bixəbər yaşarsa, dünyada çaşbaş dolaşar, nəfs və şeytanın əlində oyuncağa çevrilər.
İnsan hər an Allahın onu bir əşya, bir həşərat, bir heyvan olaraq deyil, yaradılmışların ən üstünü olan insan olaraq yaratdığını xatırlamalıdır. Belə olarsa, Onu unutmaz. Ancaq özünün digər canlılardan fərqli və üstün yaradıldığını düşünməzsə, özünü və insanlığını itirər. Bunun nəticəsində isə əslində yaradılış məqsədini qorumaqla əldə edəcəyi cənnəti itirər. Dünyada özünü unutmağın çaqınlığı içində yaşayan şəxslərin axirətdəki halını Qurani-Kərim belə xəbər verir:
“Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik! O belə deyər: Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm! (Allah) buyurar: Elədir, amma sənə ayələrimiz gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!” (Ta ha, 124-126)
Unutmaların ən pisi öz Sahibini, yəni Allahı unutmaqdır. Ancaq nəzakət xətrinə bir stəkan su verənə təşəkkür etməyi özünə borc bilən insan, bəzən ona həyat verən, sonsuz nemətlər bəxş edən Yaradanını unudur. Allahı unutmaq bütün fəlakətlərin mənbəyi deyilmi? Axı Allahı unudan eyni zamanda hesab günü, Allahın hüzurunda ayıblarının ortaya çıxacağını da unudur. Allahdan utanmayan və hesab gününə inanmayan şəxsin qarşısını almaq mümkündürmü? Son dövrlərdə durmadan artan intiharların əsas səbəblərindən birinin məqsədsiz və hədəfsiz bir həyat olduğunu bilirsinizmi? Özünü itirmiş, hər şeydən bezmiş, mənəvi böhran içində olan insanın yaşadığı acınacaqlı mənzərənin sirri Qurani-Kərimin aşağıdakı ayəsində gizlidir:
“Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin!” (Həşr, 19)
Əgər insan sahibini unudarsa, günahlarına tövbə etməyi, günahları üçün ağlamağı unudar. Hz. Peyğəmbər buyurur: “Hər kimin gözündən Allah qorxusundan bir damla yaşı çıxarsa, Allah-Təala ona cəhənnəmi haram qılar.” (Təbərani, Beyhəqi)
Necə olur ki, insan onu yaradan və saysız nemətlər verən Rəbbini həyatından çıxarmağa çalışır? Haqq və həqiqətləri necə tapdalayır? Duyarsızlaşır, xaraktersizləşir, şəxsiyətsizləşir. Qul olduğu şüurunu itirir. Fani dünya mənfəətini əbədi axirət səadətindən üstün tutur. Nəcə olur ki, qaranlıq dünyanı aydınlatmaq üçün vəhyin işığından faydalanmır? Axı özündən aşağıdakıları özlərinə qul edənlər, özündən yuxarıdakılara könüllü qulluq edərlər. Təəssüflə qeyd edək ki, bu gün insanlar özlərini, öz gələcəklərini unudaraq neçə-neçə boş şeylərin ardınca gedirlər. Allahın bəşəriyyətə doğru yolu göstərmək üçün bir həyat rəhbəri olaraq göndərdiyi Kitabı ömründə bir dəfə də olsun əlinə götürməyən, vərəqləməyənlər neçə-neçə qəzet, jurnal və kitabların ardınca düşürlər. Allahın bəşəriyyətə nümunə, model olaraq göndərdiyi peyğəmbərlərin yolunu tərk edənlər özləri kimi neçə-neçə şəxslərin ardınca gedirlər. Məhz kim belə Allahı unudarsa, Allah da ona özünü unutdurar. Özünü unudan özünü bilməz. Özünü bilməyən həddini bilməz. Həddini bilməyən qədrini, qiymətini bilməz. Bunları bilməyənin əşyaya və qula qul olması da, qulları özünə qul etməsi də hər an mümkündür.
Hər kəs bilməlidir ki, həyatın sahibi Allahdır. Heç kim istədiyini istədiyi kimi edə bilməz. İnsan yalnız Allahın izin verdiklərini edə bilər. Çünki yaradan Allahdır və Allah həyatı müəyyən bir qədər planına görə yaradır. Ağıllı insan bilməlidir ki, bir şey öz-özündən asan və ya çətin olmaz. Allahın asanlaşdırdığı asan, çətinləşdirdiyi də çətindir. Bitkilərin zəif və zərif kökləri daşları dəlib keçmirmi? Bitkiyə bu əzmi və gücü nerən kimdir? Heç düşündünüzmü?
Allahdan qafil qalaraq dünyada müvəffəqiyyət qazanmaq, sanki xəzinə əldə edib orada boğulub qalmaq kimidir. Həyatı iman və ilahi əxlaqla bəzəmək və canlandırmaq hər bir insanın ümdə vəzifəsi olmalıdır.
İnsan sahibini xatırlayarsa, O, mütləq gözəl olduğu üçün xatırlayan şəxs də gözəllikləri xatırlayar. Sahibini xatırlayan ürəkdə narahatlığın yerini fərəh, ümidsizliyin yerini ümid, qərarsızlığın yerini iman, qorxunun yerini etimad əvəz edər.
ŞƏRHLƏR