El ağsaqqalı Hacı Səlim Səfərovla Reportaj
BİZ BAŞA DÜŞMƏLİYİK Kİ, ÖZ DƏYƏRLƏRİMİZ VAR.
İrfan: İlk növbədə özünüz haqda qısa məlumat verin zəhmət olmasa.
Hacı Səlim Əfəndi: Səfərov Səlim Rəhim oğlu, 1940-cı ildə Şəki şəhərində anadan olmuşam. Atam müharibədə həlak olub. Orta məktəbi bitirdikdən sonra 1960-64-cü illərdə əsgərlikdə olmuşam. 1974-cü ilə qədər müəyyən sahələrdə çalışdıqdan sonra uşaqlıqdan dinə olan həvəsim nəticəsində dini sahədə fəaliyyətə başlamışam.
İrfan: Müharibə illərində və qıtlıq zamanlarında yaşamısınız. Eyni zamanda dini sahədə də qadağalar vardı. O illərə qayıtsaq, nələri xatırlayırsınız?
Hacı Səlim Əfəndi: Bir hadisə var ki, onu yada salanda hələ də kövrəlirəm: Bir az əvvəl də dediyim kimi atam vəfat etmişdi, amma anam sağ idi. O dinini yaşayan qadın idi. Ramazan ayında səhərlər oruc tutmaq üçün obaşdanlığa dururdu. Hələ o vaxt balaca olanda mən də yalvarırdım ki, məni də oyatsın. Yaşım az olduğuna görə oyatmazdı. Amma heç yadımdan çıxmaz, bir dəfə gördüm ki, məni oyatmır, mən də səhərə qədər yatmayıb gözlədim. Səhər anam yuxudan duranda gördü ki, oyağam. Səbəbini soruşanda dedim ki: “Mən də oruc tutacağam”. Amma indi də yadıma düşəndə kövrəlirəm ki, gərək belə etməyəydim. Çünki kasıblıq illəri idi və anam özünə yetəcək qədər obaşdanlıq hazırlaya bilirdi və mən həmin gün onun boğazına ortaq olmuşdum. 1974-cü ildə dinə marağım məni bu sahəni öyrənməyə vadar etdi. O vaxt bizdə Yusif müəllim vardı, Baxşalı Əfəndi vardı, Allah rəhmt eləsin, onların dizinin dibində uzun illər dərs aldım. Düzdür, mən dini sahədə ali təhsil ala bilmədim, amma 1980-ci ildə Şəkidə camaatın tələbi ilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən buraya imam təyin olundum. 1983-cü ildə həccə getdim. Bildiyiniz kimi Sovet hökuməti dövrü idi və ittifaq ölkələrindən cəmi 17 nəfər həccə getmişdik. Azərbaycandan hörmətli şeyximiz Allahşükür Paşazadə, Hacı Sabir Həsənli və mən idik. 1985-ci ildə dövlət xətti ilə Türkiyəyə sərgiyə getdim. 33 gün davam edən sərgidə iştirak etdim. Bu mənim Türkiyəyə ilk səfərim idi. Onda Türkiyəyə getmək çox çətin idi, hətta imkansızdı deyə bilərik. Bizdə müfti vardı, Hacı İsmayıl Əfəndi, eşidəndə ki, Türkiyəyə gedirəm, gözləri yaşardı, dedi ki: “Əlli ildir bu arzu ilə yaşayıram, amma belə bir xoşbəxtlik sənə qismət olub. Bəxtəvər adamsan”. Bildiyininz kimi o zamanlar dini və milli baxımdan çox məhdudiyyətlər olurdu. Bir misal verim: Deməli, mən Türkiyəyə gedəndə Moskvadan orada paylamaq üçün 5000 Quran göndərmişdilər. Amma onlardan bircə dənəsini də bizə vermirdilər. Heç yadımdan çıxmaz, 1983-cü ildə 600 manat verib bir Quran almışdım. Tapılmırdı, tapılanda da o qədər baha olurdu ki, camaat ala bilməsin. Şükürlər olsun, indi dini yaşamağa nə var ki?! Hər şey sərbəstdir. Türkiyədən qayıdandan sonra camaatın bizə olan rəğbəti bir az da artdı. 1987-ci ildə Bakıda şeyximizin təqdimatı və seçki ilə ilk dəfə Azərbaycanda 9 qazı seçildi. Onlardan 4-cüsü də mən idim. 6 rayonun qazısı oldum.
İrfan: Əfəndi, bildiyimiz kimi hafizlərin yetişdirildiyi Şəki İslam Mədrəsəsinin açılmasında da sizin rolunuz olub. Gəlin bir az da bu haqda danışaq.
Səlim Əfəndi: Mən 1989-1992-ci illərdə şəhərimizdə azyaşlı uşaqlara dini təhsil verirdim. Hələ o vaxt (1990-cı ildə) deyirdim ki, “Sizə mən yox, Anadolu türkləri dərs keçəcək, inşallah”. Şükür ki, elə də oldu. 1991-ci ildə qardaş Türkiyədən Azərbaycana Nevzat Yalçıntaş bəyin rəhbərliyi ilə ilk dəfə 90 nəfərlik, ikinci dəfə isə 70 nəfərlik bir heyət gəlmişdi. Təbii ki, səfər ərəfəsində Şəkidə də oldular. Günorta namazını qılıb, nahar etmək üçün evə getmişdim. Zəng elədilər ki, Türkiyədən iki nəfər gəlib, səni axtarırlar. Dərhal maşına minib gəldim. Görüşdük, söhbət etdik. Axşama evimizə dəvət elədim. Gecənin yarısına kimi bizdə söhbət etdik, dərdləşdik. Məni Türkiyəyə dəvət etdi. 1992-ci il, yanvarın 2-də Türkiyəyə uçdum. Məni yaxşı qarşıladı, əşyalarımı otelə yerləşdirdikdən sonra evinə apardı. Gecə saat 12-1 olardı, dedi ki, Əfəndim, qonağımsınız. Bir arzunuz, istəyiniz varsa, buyurun. Dedim ki, bir istəyim var. Sizdən üç xahişim var: 1. Əgər mümkündürsə, burdan bizə müəllimlər göndərin, uşaqlarımızı oxutsunlar. Biz bu günə qədər dinimizi yaşatsaq da, istənilən qədər dini biliklərə sahib deyilik. 2. Oradan bizim uşaqları gətirib burda oxutdurulmasına yardım edin. 3. Əlimizdə dini ədəbiyyat yoxdur. Mən danışdıqca qeydlər aparırdı. Fikrimi bildirdikdən sonra dedi ki, üçüncü xahişin məndən asılıdı, amma ilk ikisi üçün səni Türkiyədə çox tanınmış bir nəfərlə tanış edəcəyəm. Qalxıb telefonla zəng elədi. Salamlaşdıqdan sonra Azərbaycandan gəldiyimi və məni onunla tanış etmək istədiyini bildirdi. Dəstəyi yerinə asandan sonra mənə tərəf çevrildi və dedi ki, zəng etdiyim adam Topbaş nəslindəndir. Sənin istəyini yerinə yetirəcək. Səhər oldu, şəxsi maşını ilə məni kitab sərgisinə göndərdi, oradan xeyli kitab yığıb göndərdilər otelə. Sonra sürücü məni Osman Nuri Topbaşın iş yerinə apardı. Osman bəy bizi qapıda qarşıladı. Keçib əyləşdik, hal-əhval tutduqdan sonra nə istədiyimi soruşdu. Fikirləşib belə cavab verdim: “Həzrət Peyğəmbərin bir hədisi-şərifi var: “Qonşusu ac ikən tox yatan bizdən deyil”. Mən bura qarın aclığından ötrü gəlməmişəm. Mənəvi aclıq səbəbindən gəlmişəm. Biz dini cəhətdən acıq, sizsə toxsunuz. Bizə yardım əlinizi uzadın”. “İnşallah”, -dedi və əlavə etdi ki, “Sən borcundan qurtuldun, növbə bizdədir”. Bir həftədən sonra Şəkiyə qayıtdım. Yanvarın 9-da mən gəlmişdim, 26-sı axşam zəng gəldi ki, biz Bakıdayıq. Səhər tezdən gedib qonaqları Şəkiyə gətirdik. Camaat da çox coşqulu qarşıladı qonaqları. Xalqın türk qardaşlarına olan sevgisinin ən bariz nümunəsini mən onda gördüm. Elə bil ən əziz adamları gəlmişdi. Bir həftə qalıb geri qayıtdılar. Amma iki nəfər hələ ki, Şəkidə qaldı. Bir aydan sonra yeni müəllimlər gələcəkdi, ondan sonra yola salacaqdıq. Uzun sözün qısası, Şəkidə mədrəsənin bünövrəsi qoyulmuş oldu. Bu gün də, şükürlər olsun ki, mədrəsə fəaliyyət göstərir. Dövlətin aidiyyatı qurumlarından qeydiyyatdan keçib və Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyindədir. Çalışırıq ki, mədrəsəmizdə Qurani-Kərim əzbər bilən, nəcib əxlaq sahibi, millətə, vətənə bağlı uşaqlar yetişsin. Dövlət rəhbərimiz şəxsən mədrəsəmizdə olub, fəaliyyətlərimizi təqdir edib, sağ olsun. Şəkidə ən son hafiz 1914-cü ildə rəhmətə gedib. Amma şükürlər olsun, dövlətimizin də qayğısı ilə bu gün yüzdən artıq hafiz yetişdirmişik. Dədə-babalarımızdan qalan ənənə bu yolla davam edir. Məscidlərimiz adamla dolub-daşır.
İrfan: Bu gün cəmiyyətimizdəki fərdlərin həyat tərzi sizi qane edirmi?
Hacı Səlim Əfəndi: Açığı, bir o qədər də qənaətbəxş deyil. Bir tərəfdən sevindirici haldır ki, insanlar dinə-imana qayıdır, amma digər tərəfdən də gənclər arasında yad ünsürlərin təsirinə düşənləri də görmək adama pis təsir edir. Gənc ailələrin dağılması, əxlaqsızlıq, böyük-kiçik münasibətlərində müşahidə olunan hörmətsizlik kimi neqativ halların artması yaxşı nəticə verməyəcək. Biz başa düşməliyik ki, öz milli adət-ənənələrimiz, öz dəyərlərimiz var, onlara sahib çıxmalıyıq.
İrfan: Bəs gənclərə nə tövsiyə edərdiniz?
Hacı Səlim Əfəndi: Gənclərimizə tövsiyəm odur ki, ilk növbədə Allahı tanısınlar. Allahı saymayan adam heç kimi də saymaz, nə böyüyü, nə də kiçiyi. Allaha yaxın olsunlar. Allahını tanıyan adamdan zərər gəlməz. O adamdan qorx ki, dinini, Allahını tanımır. Qoy gənclərimiz halal-harama diqqət etsinlər. Ailələrinə sadiq qalsınlar. Böyüklərə hörmət, kiçiklərə mərhəmət duyğularını itirməsinlər. Elm öyrənmək üçün lazım gələn fədakarlıqları etsinlər. Vətən, bayraq sevgisinə sahib olsunlar və bu sevgini ailələrində böyüyən övladlarına da təlqin etsinlər. Şükürlər olsun ki, bu gün müstəqil dövlətimiz, müdrik rəhbərimiz var. Bu özü ən böyük nemətdir, qoy gənclərimiz qədrini bilsinlər.
ŞƏRHLƏR