ULTRA ENERJİ QƏNAƏTİ VƏ ORUC
Telefon parametrlərində “ultra enerji qənaəti” rejimini seçəndə bir xəbərdarlıq yazısı gəlir: “Ultra enerji qənaəti ilə cihazın bəzi funksiyaları məhdudlaşdırılaraq batareyanın istifadəsinə qənaət edilə bilər. Ultra enerji qənaətinin cihaza hər hansı bir zərəri də yoxdur”. “Aktiv” edirəm və bir anda ekranın rəngi solur. İnternet əlaqəsi kəsilir, ekrana yerləşdirdiyim şəkillər yoxa çıxır. Şəkildən videoya, səs yazılışlarına qədər heç bir fayla girmək artıq mümkün deyil. Madam ki enerjiyə qənaət edərək batareyanın gücünə təsərrüf etmək istəyirsən, o zaman bunun tələbləri ilə razılaşacaqsan, elə deyilmi? Ultra enerji qənaəti rejimi ilə rəngli ekrandan ağ-qara ekrana keçilir. Ağıllı telefon “ağıllı” olmaqdan çıxır. Təkcə sms göndərən, saat (xəbərdarlıq) bildirən və danışılan bir cihaz olmaqdan başqa heç bir xüsusiyyəti qalmır. Cib telefonu ilk dövrlərdə elə səs və yazı (sms) ötürmək, bir də xəbərdarlıq zəngi quraraq oyanmaq üçün işlədilmirdimi?
Telefon ultra enerji qənaəti rejimi ilə əslinə qayıtmış oldu. Şəkil çəkmək, video seyr etmək, internetə qoşulmaq, nəbz yoxlamaq, addımları saymaq kimi digər bütün proqramlar sonradan əlavə edilib.
Cib telefonunda ekstra təchizat və proqramlardan istifadə etməyənlər üçün ultra enerji qənaəti rejimi olduqca məntiqli və karlı bir seçimdir. Bu funksiya sayəsində batareyanın ömrü əlavə 20 saata qədər uzadılmış olur. Əldə edilən əlavə batareya müddəti ilə heç kim yolda, maşında, məktəbdə, bazarda telefonunun batareyasının bitməsi problemi yaşamaz.
Dünyada hər gün milyardlarla insan qənaət barəsində məlumatlandırılır. “Dama dama göl olar” sözünü uşaqlıq dövründən etibarən eşitməyə başlayırıq. Əl-üz yuyan yerlərdə “suyu israf etməyin” deyə yazılır. Enerjiyə qənaət və məhsuldar istifadəyə dair geniş iştiraklı proqramlar tərtib edilir. Pul ilə əlaqəsi olan hər kəsə elektrikdən, qazdan, sudan evin isidilməsinə qədər hər sahədə qənaət etməyin yolları öyrədilir.
Maddə müstəvisində edilən enerji qənaətinin mənəvi sahədəki əksi nə olmalıdır? İnsanlıq tarixindəki yoqa və meditasiya kimi dini əsaslara malik metodlar enerjini və diqqəti Allaha deyil, boşluğa, ota, kəpənəyə, çiçəyə doğru cəmləşdirmək məqsədi güdür. Yoqa və meditasiya ilə güclənən enerji ipini qopardıb qaçan qurbanlıq dana kimidir; sahibinə və ətrafındakılara zərər verə bilər.
Az yemək, az yatmaq və az danışmaq enerji qənaəti üsullarındandır. Əlinə, dilinə və belinə sahib çıxmaq, gəzərkən ağzıaçıq sağa-sola baxmadan yerimək, az gülmək, zikrullah və təfəkkürlə məşğul olmaq da enerjiyə qənaət üsullarına əlavə edilə bilər. Oruc və etikaf isə ən təsirli enerji qənaəti üsullarındandır. Oruclu olan şəxs özünə təhqir edərək sataşanlara qarşılıq verməz: “mən orucluyam, sənə xərcləyəcək enerjim yoxdur”, deyər (Müslim, Siyam 164). “Mənasız işləri tərk etməsi bir müsəlmanın təslimiyyətinin keyfiyyətini bildirir” hədisi-şərifi də ultra enerji qənaəti gözü ilə qiymətləndirilməlidir.
Televizorun qarşısında və ya pəncərə kənarında əyləşib kitab/Quran oxumaq, yaxud zikrlə məşğul olmaq gözlənən faydanı minimum səviyyəyə salar. Zikr və fikir üçün səssiz, tənha və az işıqlı mühit tələb olunur. Zehindəki tutulma Quran oxumaqla, qəlbdəki tutulma namazla, bədəndəki tutulma isə orucla açılır. Əslində oruc təkcə bədən deyil, zehin və qəlb cəhətdən də qəzalı halları aradan götürür.
Qəhqəhə çəkib gülmək enerjinin sel suyu kimi nəzarətsiz axıb getməsidir. Təbəssüm isə damcı sulama metodu ilə çiçəklərin suvarılması kimidir.
Mətbəxdə müşahidə etdiyim belə bir təcrübə oldu; az miqdarda aldığım meyvələr daha çox və daha sürətli yeyilir, çox aldığım zaman isə az yeyilir və uzun müddət qalır. Çoxa rəğbət yoxdur, amma aza maraq çox. Enerji də çox olduğu zaman sağa-sola sərf edilir, istənilən hədəfə çatmaq olmur. Az enerji isə, az miqdarda pul kimi, təməl ehtiyaclara sərf olunur. Xəstələnən şəxsin yemək-içməkdən, gəzib-dolaşmaqdan və danışıb-gülməkdən kəsilməsi onun ultra enerji qənaəti rejiminə keçərək oruc tutması və yaxşılaşmağa fokuslanması kimidir.
“Bəsdir, ay müəllim, mətləbə keç” deyənlərin narazı enerjiləri gəlməyə başladı; bu dəqiqə...
Bizim uşaq bəzən telefonumu götürüb böyük bir xüşu və xudu içində səssizliyə bürünür. O da ultra enerji qənaəti edir; xarici mühitlə əlaqəsini kəsir, bütün diqqətini telefona yönəldir. Telefonu yanıma gətirdiyi zaman batareyası boşalmış, ekranı gecə kimi qaralmış olur. Artıq telefon əsl xüsusiyyəti olan səs ötürmə funksiyasını yerinə yetirə bilməyəcək haldadır. Yaradılanı yaradandan ötrü sevən, yaradandan ötrü xidmət edən insanlardan ola bilmək üçün öz daxilimizdə ultra enerji qənaəti etmək lazımdır.
Nəyisə xatırlamaq istəyən şəxs dayanar, gözlərini yumar, hərəkətlərini məhdudlaşdırar. Oyun-əyləncə ilə, qəhqəhələrlə, mənasız işlərlə keçirilən bir həyatın sonu uşağımın mənə gətirib verdiyi telefon kimi səssiz, sözsüz və funksiyasız olmaqdır. Ha batareyası qurtarmış telefon, ha daş... Müsəlman üçün ultra enerji qənaəti rejimi bir seçim deyil, məcburiyyətdir.
ŞƏRHLƏR