İÇİMİZDƏKİ İNSANI OYATMAQ ZAMANI

İÇİMİZDƏKİ İNSANI OYATMAQ ZAMANI

İlahi sirlərlə dolu olan üç ayların baş tacı, on bir ayın sultanı Ramazani-Şərifin astanasındayıq. Bütün insanlığın kirlərdən təmizlənməyə, mənəvi paklığa bu qədər ehtiyac hiss etdiyi biz zamanda rəhmət yağışı yağdıracaq buludların bəşəriyyət səmasını bürüməsindən daha gözəl nə ola bilər? Ehtiras hissləri ilə dünyaya bağlanan, bağlandıqca özünü unudan, ehtirasa qapıldıqca Rəbbindən uzaqlaşan insan Allahın nizamını pozaraq yer üzündə fəsada səbəb oldu. Qurani-Kərim 14 əsr əvvəl bu gerçəyi belə dilə gətirmişdir: İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad meydana gəldi…” (ər-Rum, 41) Amansız müharibələr və dünyaya hökm etməyə çalışan qüvvələrin toqquşması nəticəsində evindən-eşiyindən, canından olan insanlar indi də bu fəsadın bir başqa nəticəsi olan yoluxucu xəstəliklə boğuşur.

 Hər gün artan yoluxma və ölüm sayı get-gedə insanlığı qorxunc vahiməyə sürükləyir. Sağlamlığımızı qorumaq üçün hər zamankından daha diqqətli olmağa çalışırıq. Müsəlmana ümidsizlik yaraşmaz, ümid edirik ki, bu çətin günlər də digərləri kimi geridə qalacaq. Amma bir gerçəyi unutmamalıyıq. Deyək ki, müəyyən itkilərlə bu təhlükəni də aşdıq, növbəti mərhələdə başımıza gələcək bəladan əminikmi? Xeyr!  Nədir axı bu bəlalar? Nədir çarəmiz? Kimdir müqəssir? Əlbəttə ki, özümüz. Hər kəs dünyanı qurtarmaqdan danışır, amma bu dünya düzəlmir ki, düzəlmir. Görəsən, harda səhv edirik? Bəlkə özümüzü düzəltməklə başlamalıyıq işə. Məşhur bir hekayə var, ata övladına verdiyi sözü yerinə yetirib evdən çölə çıxmamaq üçün qəzetdəki dünya xəritəsini hissələrə ayıraraq oğluna verir, bunu düzəldə bilsən gedəcəyik deyir. On dəqiqədə məsələni həll edib geri qayıdan uşaq təəccüblə üzünə baxan atasına işin asan yolunu tapdığını belə söyləyir: “Xəritənin arxasında insan şəkli vardı. Onu düzəldəndə dünya da düzəldi…” Bəli, dünyanın düzəlməsi insanın düzəlməsinə bağlıdır. Onun təfəkkürü, həyat tərzi, inanc dünyası düzəldiyi zaman bu dünya da düzələcəkdir.

Hər gün dünyada yayılan xəstəliyin qarşısını almaq üçün virusa yoluxanların karantinaya alındığını, xüsusi tədbirlər görüldüyünü izləyirik. Bu vacib tədbirlər insanın bədən sağlığını qorumaq üçün çox mühümdür. Amma vacib olan başqa bir məsələ də ruh sağlığımızı qorumaq üçün alacağımız tədbirlərdir. Görəsən, günah virusuna yoluxan ruhumuzu nə zaman karantinaya alacağıq? Hər gün işlədiyimiz xəta və günahlarla bitab düşən ruhumuzu necə canlandıracağıq? Ölən insanlığımıza həyat suyu verə biləcəyikmi? Məhz belə bir məqamda Ramazan ayının gəlişi Allahın bizə bəxş etdiyi ən gözəl fürsətlərdən biridir. Ramazan ayı Qurani-Kərim sayəsində şərəflənərək digər aylardan seçilərək xüsusi bir yerə sahib oldu. O Quran ki, Allahın günah bataqlığında çırpınan insanlığa uzatdığı xilasedici bir kəndirdir və bizə ondan möhkəm yapışmağı əmr edir: “Allahın ipindən möhkəm yapışın…” (Ali-İmran, 103)

Gəlin bu Ramazan ruhumuzu günahlardan təcrid edəcəyimiz mənəvi bir karantin olsun. Duyğularımızı paklaşdırmaq, insani keyfiyyətlərimizi yenidən qazanmaq üçün Allah və Rəsulunun bizdən istədiklərini həyata keçirməyə çalışaq. Quranı dərindən düşünərək, dərk edərək oxuyaq. Sanki yeni nazil olurmuş kimi, Hz. Peyğəmbərdən öyrənən səhabə kimi oxuyaq. Dərdimizə dərman, susuzluqdan yanan ürəyimizə abi-həyat olması üçün bir daha oxuyaq, bir daha düşünək və yenə oxuyaq. Sadəcə “adət yerini tapsın, xətm tamamlansın” düşüncəsi ilə deyil, qəlbimizə gedən yolda bizə bələdçi olması üçün oxuyaq. Qoy bu Ramazan bizə güzgü olsun Quran. Oxuduqca özümüzü, əməllərimizi görək onda. Qaranlıq yollarımıza işıq olsun, əlimizdən tutub Rəbbimizə aparsın bizi. Ayələrin qanadında mənəvi iqlimlərə səyahət edək.   

Rəbbimiz bizdən sadəcə ac qalmağımızı istəmir, eyni zamanda əlimizə, dilimizə, qulağımıza sahib çıxmağımızı istəyir. Ətrafımızdakılara təbəssüm etməyi, yıxılana əl uzatmağı, qaranlıqda qalana işıq olmağı əmr edir. Çeşidli naz-nemətlərlə bəzədiyimiz iftar süfrələrində günlük aclığımızın əvəzini çıxmaq yerinə bir tikə çörəyimizi möhtaclarla bölüşməyi əmr edir. Bəlkə bu Ramazan, digərlərindən fərqli olaraq, iftar menyusu zəngin olan restoranları axtarmaqdansa, ehtiyac menyusu zəngin olan yoxsulları axtaraq. Ehtiyacından ikiqat qalan o insanlara əl tutaq, üzlərində təbəssüm olaq. Sədəqə və fitrələrimizi, hədisi-şərifdə buyurulduğu kimi, yoxsulun əlinə keçmədən Allahın əlinə keçdiyini dərk edərək, “sağ əlin verdiyini sol əl bilməsin” həssaslığı ilə verək. Xəstələrə, dərd sahiblərinə dərman olmaq üçün əlimizdən gələni əsirgəməyək. Yetimlərə, kimsəsizlərə ümid qapısı açaq. Çünki bu Ramazan içimizdəki insanı oyatmaq üçün, bəlkə də, əlimizdəki son fürsətdir.

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz