KARANTİN GÜNLƏRİ
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!” (əl-Bəqərə, 155-157)
Günümüzdə dünya mikroskopla belə çətin görülən bir sınaqla baş-başadır. Ayədə buyurulduğu kimi: “səbir edənləri müjdələ!”
İnsanlar maddi olaraq qorunmaq üçün səbəblər axtarırlar. Maska, spirt, fərqli dərmanlar... Bəs iç aləmimizə heç baxırıqmı? Bu xəstəliklərin mənəvi səbəbləri ola bilərmi? Ya da mənəvi xəstəliklər nələrdir? İnsanlar gündə 20 dəfədən artıq əl və üzünü sabunla yumağa, dezinfeksiya etməyə başladı, bəs qəlblərimizi təmizləmək haqqında nə fikirdəyik? Artıq virusdan evlərimizə sığınırıq, bəs ölüm mələyi gələndə qaçmağa yerimiz olacaqmı? Əlimizi yuduğumuz qədər qəlbimizin təmizlənməsi və boşalması üçün nələr etdik? “Korona” - tac deməkdir. Biz bu xəstəliyi bir qurtuluş vəsiləsi olaraq görsək, təfəkkürümüzü artırsaq, o da bizi taclandıraraq gedər. “Zikr” Rəbbi unutmamaqdır.
Düşünməyimiz lazımdır, bu xəstəlik niyə gəldi? Tarixdə buna bənzər çox örnəklərimiz var. Firon qürura qapıldı, Allah onu dənizin ortasında yox etdi, Nəmrud ilahlıq iddiasına düşdüyü üçün Allah onu bir ağcaqanadla həlak etdi, 1912-ci ildə adamın biri Titanik adlı gəmi inşa edərək, “bunu heç kim batıra bilməz” dedi, Allah aysberqlə gəmi və içindəkiləri yeksan etdi. Koronanı düşünməliyik, heçliyimizi idrak edərək Allaha daha çox dua etmək zamanı gəlmişdir. Yunus (ə.s) balığın qarnında: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”, - deyib dua etmişdi.
Korona ilə üç ayların üst-üstə düşməsində də bir hikmət görə bilərik. Psixoloqlar daima iç aləmə dönmək, həyatı yavaşlatmaq haqqında tövsiyələr verirdilər. Allah-Təala bu üç aylarda iç aləmimizə daha da dərindən dönməyimizi istəyir. Hər kəs evinə yığışdı. Restoranlar, küçələr boşaldı…
Mənəvi yüksəliş qəlbi saflaşdırmaqla, parıldayan ayna kimi bir qəlbə sahib olmaqla mümkündür. Haqq-Təalanın bəxtəvər qullarından olmaq üçün təmizlik şərtdir, xüsusilə də “mənəvi təmizlik”.
Bizim qədərimiz ta əzəldən yazılmışdır. Koronavirus da o qədərdə var idi. Amma “qədərə təslim olan fəlah tapar” deyə buyurulur. Bəlalar bizi Allaha yaxınlaşdırarsa, xeyir taparıq. Allaha daima təvəkkül edəriksə, şərlər də xeyrə çevrilər. Qul üçün gərəkli olan daima boynuna düşəni yerinə yetirməkdir. İbadət və duaya yaxşı sarılmaqdır. Ümidi əldən buraxmamaqdır. Unutmayaq ki, ”Qaranlıq nə qədər güclü olursa olsun, kibrit yandırmağı bacarmaq lazımdır”. Yetər ki, biz daima istiqamət sahibi olaq və əmr olunduğumuz kimi dosdoğru olaq.
Mahmud Sami Ramazanoğlu həzrətləri buyurur:
“İstiqamət sahibi insan dağ kimi dimdik olar. Çünki dağın 4 xüsusiyyəti vardır. Mömində bu 4 xüsusiyyət olmalıdır:
Dağ istidən əriməz,
Soyuqdan donmaz,
Küləkdə yıxılmaz,
Sel alıb götürməz”.
Bizə normal gələn, amma Haqq-Təalanın lütf etdiyi bir çox nemət var ki, biz onların şükrünü əda etməkdə acizik, hətta unutmuşuq. Məsələn, ən bəsitindən, bir parka gedib hava qəbul etmək belə kiçik virus ucbatından qadağan edilib. Biz nə qədər nemətlərə şükür edəriksə, Allah da nemətlərini çoxaldar. Nemətlərin əlimizdən alınmasının ən böyük səbəbi nankorluqdur.
Allah heç bir zaman insana qaldıra bilməyəcəyi yükü yükləməz. Bu imtahan başımıza gəlibsə, qazanacağımız bir çox ibrətlər vardır. “Gülün tikana səbir etməsi onu xoş qoxulu etdi”.
Karantin günlərini məhrumiyyət həyatı kimi görənlərimiz də var, iç aləminə dönüş vəsiləsi olaraq görənlər də.
Bu günləri fürsət bilərək bitirmək istədiyimiz, amma yığılıb qalan kitabları bitirə bilərik. Bir çox faydalı sənədli filmlər, ailəcə seyr ediləcək kino filmlər var... Ailəmizə, sevdiklərimizə daima işlərdən dolayı vaxt ayıra bilmədiyimizi dilə gətirirdik. İndi bol vaxtımız var, ailəmizə, sevdiklərimizə ayırmağa.
Karantin günlərində 4-5 cüz Quran oxumaq kimi bir potensialımızın olduğu kəşf edildi. Öz-özümüzü tanımağa başladıq.
Dövlətin aldığı tədbirlərə riayət etmək vətəndaşlıq borcumuzdur. Bu həm də insanlığa xidmət borcumuzdur. Böyük müsibətlərin öhdəsindən gəlmək üçün birlik və bərabərliyin əhəmiyyətini xatırladıq.
İnsanların bir-birinə nə qədər möhtac olduğunun, ən önəmlisi də sağlamlığımız üçün nə qədər şükür içində olmağın lazım olduğunun fərqinə vardıq.
Ən çox da, əgər Rəbbimiz istəyərsə, kiçicik bir varlıqla ilahi əzəmətini bizə xatırlada biləcəyinin fərqinə vardıq…
ŞƏRHLƏR