SAHURUN BƏRƏKƏTİ
Sahur lüğətdə “səhər açılmazdan əvvəlki vaxt, gecənin son üçdəbiri” mənasına gəlir. “Səhər” sözü ilə eyni kökdən törəyən “sahur”, dini termin olaraq oruc tutacaq bir şəxsin dan yerinin sökülməsindən əvvəl yediyi yeməyi ifadə edir. Buna görə də bəzi hədislərdə ərəbcə olaraq “əklətus-səhar/əklətus-suhur” deyə keçən ifadə bizim dilimizdə “sahur yeməyi” kimi yer almışdır.
Uca dinimiz sahura qalxmağa çox əhəmiyyət vermişdir. Allah Rəsulu (s.ə.s) bir çox hədisində bu məsələyə diqqət çəkmiş və sahurun bərəkətindən istifadə etməyimiz üçün biz müsəlmanları təşviq etmişdir. Bir hədisi-şərifində Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Sahura qalxın, çünki sahurda bərəkət var”. (Buxari, Savm 20)
Böyük alim Şah Vəliyyullah Dəhləvi sahura qalxmağı təşviq edən və sahurda bərəkət olduğunu xəbər verən hədisləri izah edərkən belə deyir: “Sahur yeməyi bir yandan vücudumuzun o günün orucuna tab gətirməsinə kömək edərək ona enerji qazandırır, digər tərəfdən də insanların dinə, sünnəyə daha doğru və düzgün tabe olması baxımından çox mühümdür. Bu səbəblə də sünnəyə müxalif bir oruc şəklinin ortaya çıxmamasına diqqət edilmiş, bununla da oruc ibadətinin insanlar üçün daha asan olan forması qorunmuşdur. Bizim tutduğumuz orucla əhli-kitabın (yəhudi və xristian) oruclarının arasındakı təməl fərqlərdən birinin sahur yeməyi olduğunu bildirən hədislər onların öz dinlərində orucu təhrif etdiyini göstərməkdədir. Onların bu hərəkətlərinə müxalif olmaq isə dinin əslinin qorunması mənasına gəlməkdədir”. (Hüccətullahil-baliğə, II, 52)
Uca Allah hikmətinə görə bəzi saatları, günləri, gecələri və ayları digərlərinə nəzərən daha fəzilətli və daha bərəkətli xəlq etmişdir. Sahura qalxıb oruc yeməyini yediyimiz vaxt da bu feyzli, bərəkətli vaxtlardan biridir. Bu vaxt istər Ramazanda, istərsə də Ramazanın xaricindəki aylarda duaların, tövbələrin qəbul olunduğu an kimi bilinməkdədir. Ramazan orucunun gündəlik həyatımıza qazandırdığı mühüm xüsusiyyətlərdən biri olan sahura qalxmaqda məqsəd, bir qurtum su ilə də olsa, sahur edərək həm o günün orucuna dözüm qazanmaq, həm də ibadət sayılan digər əməllərlə bu vaxtdan səmərəli istifadə etməkdir. Bununla yanaşı, sadəcə Allah Rəsulunun (s.ə.s) hədisinə tabe olaraq bu vaxt şirin yuxumuzu və yatağı tərk etməyin özü də başlı-başına böyük savab qazandıran fəzilətli davranışdır.
Bir hədisində Allah Rəsulu (s.ə.s) ibadət əhli kimsə üçün sahurun və qaylulənin (günorta yuxusu) əhəmiyyətinə diqqət çəkərək belə buyurur: “Gündüz oruclu olmaq istəyən sahur vaxtından, gecə namazı qılmaq istəyən də günorta yuxusundan (qaylulə) faydalansın”. (İbn Macə, Siyam 23)
Ramazan ayında sahur üçün qalxdığımız zaman eyni zamanda gecənin ən bərəkətli vaxtı olan səhər vaxtında oyanmış oluruq. Elə isə sahur yeməyindən əvvəl və sahurdan sonra sübh namazına qədər olan vaxtı qənimət bilməli, bu xüsusi anların dəyərini düşünərək səmərəli istifadə etməliyik. Təhəccüd namazının da vaxtı sayılan bu vaxtda nafilə namazla birlikdə qəza namazları da qılına bilər. Həmçinin zikr və Quran tilavəti ilə də bu vaxtı dəyərləndirmək mümkündür.
Uca Allahın Qurani-Kərimdə tərif etdiyi mübarək insanların cərgəsinə daxil olmaq üçün Ramazan xaricində təhəccüd vaxtından, Ramazanda isə sahur vaxtından bol-bol istifadə etməliyik. Bu vaxtın fəzilətindən istifadə edən həqiqət əhli müsəlmanları tərif edən bir çox ayələr vardır. Bu ayələrdən biri belədir: “Onlar (saleh əməl sahibi möminlər) səhər vaxtında istiğfar edərlər”. (əz-Zariyat, 18)
Ali-İmran surəsinin 17-ci ayəsində səbir edənlər, sadiqlər, namaz qılanlar, zəkat verənlər və səhər vaxtlarında istiğfar edənlər təriflənərək belə buyurulur: “Onlar (müsibətlərə) səbir edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır)”. (Ali-İmran, 17)
Onu da bilməliyik ki, sahura qalxmadan da oruc tutmaq mümkündür. Yəni sahura qalxmaq orucun şərtlərindən deyil, sünnələrindən və müstəhəblərindəndir. Amma yuxarıdakı ayə və hədislərdən də anladığımız kimi, mükəmməl bir ibadət savabı qazanmaq, Ramazanın sahur vaxtının bərəkətindən istifadə etmək və bu vərdişi digər aylarımızda da davam etdirmək istəyiriksə, mütləq sahura qalxmağa səy göstərməliyik. Unutmayaq ki, Ramazan coşqusu və sevinci istər ailəmiz, istərsə də sevdiklərimiz, dost-tanışlarımızla olsun, sahur vaxtından başlamaqdadır.
ŞƏRHLƏR