RAMAZAN GECƏLƏRİNİN ƏHYASI
Uca Allah bəzi gün və ayları digər vaxtlara nəzərən dəyərli saymışdır. Bu günlərdə edilən xeyirxah əməl və ibadətlərin savabı digərlərinə nisbətən çoxdur. Astanasında olduğumuz Ramazan ayı və gecələri məhz belə vaxtlardan biridir. Allah bəndələrini daha çox mükafatlandırmaq, onları cənnəti ilə sevindirmək üçün sanki belə bəhanələr xəlq etmişdir. Ağıllı kəslər də o kimsələrdir ki, məhz bu cür fürsətləri lehinə çevirsin və axirətdə qazanclı çıxsınlar.
Qəməri təqvimdə yer alan Ramazan ayı ona görə müqəddəsdir ki, bu ayda Qurani-Kərim nazil olmağa başlamış, oruc ibadəti fərz qılınmışdır. Habelə min aydan daha xeyirli olan Qədr gecəsi də bu aya dəyər qazandıran əsas amillərdən biridir. Vəhy nazil olmağa başladıqdan etibarən gecələrini ibadətlə keçirən Hz. Peyğəmbər (s.ə.s), demək olar ki, Ramazan gecələrində qıldığı namazlarını sübhə qədər uzatmış, səhabələrinə də bunu tövsiyə etmişdir. Onlar da, Hz. Peyğəmbərin “Kim inanaraq və savabını Allahdan gözləyərək Ramazanı əhya edərsə, keçmiş günahları bağışlanar” (Buxari, İman 25) düsturunu qeyd-şərtsiz yerinə yetirmişdir.
Ramazan ayını “ibadət şənliyi”nə çevirən əsas amil təravih namazıdır. Təravih namazı Hz. Peyğəmbər (s.ə.s) tərəfindən Ramazan gecələrində istisnasız qılınan namazlardan biri idi. O, bir neçə dəfə səhabələrinə bu namazı qıldırmış, ancaq vacib qəbul edilməsindən çəkindiyi üçün əksər vaxtlarda evində qılmışdır. Hz. Aişədən gələn rəvayətdə məsələ belə əks olunmuşdur: “Bir gecə Allahın Rəsulu (s.ə.s) məsciddə təravih namazını əda etdi. İnsanlar da ona tabe olaraq həmin namazı qıldılar. İkinci gecə yenə məsciddə qıldı. Bu dəfə onunla namazı qılan camaatın sayı artdı. Üç və dördüncü günlərdə də camaat toplaşdı, ancaq Hz. Peyğəmbər bu namaz üçün məscidə çıxmadı, evində qıldı. Səhər Hz. Peyğəmbər (s.ə.s): “Gecə toplaşdığınızı gördüm və çox sevindim. Ancaq bu namaz sizə fərz qılınar qorxusundan gəlib qıldırmadım”, - dedi (Buxari, Salət ət-təravih, 1).
Hz. Peyğəmbərin verdiyi bu önəmi görən səhabələr sonrakı dövrlərdə təravih namazlarını birlikdə qılmışdır. Ələlxüsus Hz. Ömər hicrətin 635-ci ilində Übey ibn Kaba bu namazı qıldırmasını tapşırmış və o gündən başlayaraq günümüzə qədər tətbiqat davam etmişdir. Deməli, Ramazan gecələrində diqqət yetirəcəyimiz birinci vəzifəmiz, təravih namazlarını imkan nisbətində məscidlərdə camaatla birlikdə əda etməkdir. Ancaq hər hansı əngəllə qarşılaşsaq, mütləq evdə qılmaq, səhlənkar davranmamaq lazımdır. Xüsusilə bu günlərdə ölkəmizdə alınan izolyasiya tədbirləri davam edərsə, evdə qılmağımız daha məqsədəuyğundur. Əsas odur ki, bu ibadətin Ramazan ayına məxsus olduğunu dərk edək və ildə bir dəfə ələ düşən fürsəti ən yüksək səviyyədə dəyərləndirək. Söhbət namazdan açılmışkən, sahur üçün qalxan hər birimizin gecə namazını (təhəccüd) əda etmə imkanı da yaranmış olur. Odur ki, ilin sonrakı vaxtlarında vərdiş etmək üçün gecə namazlarını da qılmaq ən əsas vəzifələrimizdən biri olmalıdır.
Qədr gecəsi Ramazan ayına dəyər qatan və Allah tərəfindən sadəcə müsəlmanlara bəxş edilmiş bir gecədir. Bu gecəni namaz, zikr və tilavətlə keçirsək, bütün ilimiz bərəkətlənər. Duaların qəbul edildiyi bu ayın bu gecəsində daha çox dua ilə məşğul olmaq əsas ibadətimiz olmalıdır. Çünki Qədr gecəsində edilən dualar məqbul dualardan sayılır.
Hz. Peyğəmbərin (s.ə.s) Qurani-Kərimi Ramazan ayında Cəbrayıla iki dəfə xətm etməsi bu ayda tilavətə ayrıca əhəmiyyət verməyimizi göstərir. İlin hər günündə Quranla ünsiyyəti kəsməyən dərrakəli müsəlmanlar Ramazan ayında bu ünsiyyəti pik nöqtəyə çatdırmalıdırlar. Ən azından hər gün bir cüz tilavət edilsə, ayın sonuna qədər Quran xətm edilmiş olar.
Ramazan ayını dəyərləndirmək arzusunda olan hər bir mömin “Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə, onu mütləq verərəm, mənə pənah aparsa onu mühafizə edərəm” (Buxari, Riqaq 38) qüdsi hədisini özünə meyar seçər və bu ayın həm gündüzünü, həm də gecəsini nafilə ibadətlərlə bəzəyər.
Xülasə, Ramazan ayında gecələri qaim (ibadətlə ayıq keçirmək), gündüzləri saim (oruc tutaraq) keçirmək lazımdır. Gecələrin əhyası gündüzlərin zəmanətidir. Hz. Peyğəmbərin yaşadığı, səhabəsinin ondan öyrəndiyi Ramazan bu şəkildə əda edilirdi.
Təravih və gecə namazları, Quran xətmləri, sahur və iftarlar, verilən sədəqələr, gecə-gündüz edilən xeyir-dualar Ramazan ayının mənəvi aurasını dəyişdirdiyi kimi, həyata baxışımızı, Allaha təslimiyyətimizi, insanlarla ünsiyyətimizi, qayğıkeşliyimizi və nemətlərə şükrümüzü nizamlayacaqdır.
ŞƏRHLƏR