QORXU VİRUSDAN DAHA TƏHLÜKƏLİDİR

QORXU VİRUSDAN DAHA TƏHLÜKƏLİDİR

Qarşılaşılan qorxulu bir hadisə qarşısında duyulan hisslər və ortaya qoyulan davranışlar ümumi mənada təşviş olaraq adlandırılır. Elmi olaraq isə təşviş terminindən insanın həyatda üzləşdiyi qorxulu və təhlükəli vəziyyətlərə orqanizmin verdiyi psixi və fizioloji reaksiyaları təsvir etmək üçün istifadə edilir.

Son zamanlar dünyanı cənginə alan korona virusun dünya dövlətləri arasında sürətlə yayılması və demək olar ki, əksər dövlətlərin karantin rejiminə keçməsi cəmiyyətimizdə insanlar arasında qorxu və təşvişə səbəb olur. Gündəlik virusa yoluxanların sayının artması, virus daşıyıcılarında ölüm hallarının müşahidə edilməsi haqqında alınan xəbərlər ilkin mərhələdə duyğu və düşüncələrimizdə narahatlıqları hərəkətə keçirir. Virusun yayılma sahəsinin genişlənməsi, yaşadığımız bölgələrə qədər gəlib çatması, təhlükənin qeyri-müəyyənliyi və bu təhlükəyə qarşı aparılan tədbirlərin içərisindəki məhdudiyyətlər gündəlik adət etmədiyimiz hadisələr olduğu üçün istər-istəməz özümüzü diskomfort hiss etməyə əsas verir. Həddindən artıq neqativ informasiya ilə yüklənən organizmdə təşviş pozuntularının simptomları üzə çıxmağa başlayır.

Təşviş pozuntularının simptomları somatik və psixoloji simptomlar olaraq iki qrupa bölünür. Somatik simptomlar zəiflik, əzginlik hissi, tərləmə, ürəkbulanma, qarın nahiyəsində diskomfort, bədənin müxtəlif hissələrinin keyləşməsi hissi, titrəmə, bədən hərarətinin yüksəlməsi hissi, ağızda quruluq hissi kimi əlamətlərlə müşahidə edilir. Təşviş pozuntularında psixoloji simptomlar isə ümumi narahatçılıq, həssaslıq, diqqəti cəmləmə problemləri, ölüm qorxusu, dəli olmaq qorxusu və reallığın itirilməsi qorxusu kimi əlamətlərlə ortaya çıxa bilir.

Təşviş əsasən məhsuldarlığa, sosial əlaqələrə və ailə həyatına mənfi təsir göstərir. İş həyatında konkret görəcəyin işə fokuslana bilməmək, sosial mənada ünsiyyətdə olduğun insanlara qarşı adekvat reflekslərin ortaya qoyulmaması və ailədaxili münasibətlərdə mənəvi bağların zəifləməsi kimi problemlər təşviş pozuntularının nəticələri olaraq qiymətləndirilə bilər. Bunun üçün istənilən təhlükə qarşısında ilkin mərhələ olaraq hər bir fərdin üzərinə düşən vəzifə, problemin dəf edilməsi üçün lazım olan tədbirləri heç bir panikaya qapılmadan yerinə yetirməkdir. Əgər bütün bu tədbirlərin görüldüyü əsnada fərd düşüncələrin kontrol edilməməsi nəticəsində təşviş pozuntularının simptomlarından əziyyət çəkirsə, mütləq bir psixoloqa müraciət etməlidir.

Təşviş pozuntularının müalicəsi zamanı tənəffüs məşğələsi və əzələlərin boşaldılması kimi qeyri-medikamentoz müdaxilələr edildiyi kimi, ilkin seçim olaraq SİUSİ qrupundan olan antidepressantlardan istifadə edərək medikamentoz müdaxilələr də mümkündür.

Təşviş pozuntularında əsas risk faktorları bioloji, psixoloji və sosial faktorlar olaraq üç hissəyə ayrılır.    Bioloji faktorlar olaraq təşviş pozuntularına genetik meyillilik, şəkərli diabet, vitamin çatışmazlığı, beyin şişləri, qalxanabənzər vəzinin xəstəlikləri və bəzi infeksion xəstəliklər daxildir. Psixoloji faktorlar olaraq düzgün olmayan gündəlik rejim, yaxın adamın ölümü, həddən artıq gərginlik, şəxsiyyətlərarası problemlər kimi faktorlar aid edilir. Təşviş pozuntularında sosial faktorlara nəzər yetirdiyimiz zaman isə qarşımıza işsizlik və işsiz qalma təhlükəsi, sosial təminatın aşağı olması, arzuolunmaz iş şəraiti, iqtisadi və ya siyasi böhranın mövcudluğu, tibbi və sosial yardımdan yararlanmanın məhdudluğu kimi faktorlar çıxır.  

Dünyada baş verən hadisələr yaxın adamın itirilməsi qorxusu və həddindən artıq gərginlik yaradaraq təşviş pozuntusuna səbəb olan psixoloji faktor olaraq dəyərləndirilə bildiyi kimi, işsizlik və işsiz qalma təhlükəsi yaradaraq sosial faktor kimi də qiymətləndirilməsi mümkündür. Bu baxımdan sadə vətəndaşlar müvafiq qurumlar tərəfindən düzgün maarifləndirilməli, təşviş yaradacaq xəbərlərin filtrizasiya edilməsi diqqət mərkəzində saxlanılmalıdır. Əks təqdirdə vətəndaşlar, virusun özünə mübtəla olmasalar da, onun qorxulu xəbərlərindən təsirlənərək başqa fizioloji və psixoloji xəstəliklərə düçar olub ömürlük xəstə qala və ya həyatlarını itirə bilərlər.

Bütün bu psixoloji problemlərdən uzaq durmaq üçün aşağıda qeyd edəcəyim bir neçə sadə məsləhətə riayət etməyiniz kifayətdir. Öncəliklə qarşılaşa biləcəyiniz təhlükə qarşısında doğru məlumat əldə etdikdən sonra alınacaq tədbirləri ajiotaj yaratmadan təmkinlə icra edin. Təmizliyinizə, yuxu rejiminizə və düzgün qidalanmağınıza diqqət edərək fiziki gümrahlığınıza zəmin yaradın. İçərisində olduğunuz situasiya haqqında hazırlanmış pessimist xəbərlərdən uzaq durun. Belə ki, istifadə etdiyiniz sosial şəbəkələrdə sizin ruh halınıza neqativ təsir edən kifayət qədər xəbərlər paylaşılır. Bu xəbərlərdən birini izləmək kifayət edir ki, həmin sosial şəbəkələrin işləmə alqoritmləri tələbə uyğun olaraq sənin qarşına həmin tərkibli onlarla yeni xəbəri çıxartsın. Bu günlərdə internet resurslarından müəyyən müddətlik uzaqlaşaraq ailənizlə birlikdə vaxt keçirin. Onlarla birlikdə sevdiyiniz filmləri izləyə, bir-birindən maraqlı kitabları oxuya bilərsiniz. Bütün bu sadə tədbirləri gördükdən sonra Allaha təvəkkül edin. Son olaraq unutmayın ki, virusa yoluxmaya bilərsiniz, ancaq onun qorxulu xəbərləri sizin həyatınızı qaralda bilər. Buna imkan verməyin...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz