ORUCUN FƏZİLƏTLƏRİ
Oruc hər hansı bir mənfəət düşüncəsi ilə deyil, yalnız Allahın əmri olduğu üçün və yalnız Onun razılığını qazanmaq məqsədi ilə tutulur. Hz. Əli (r.a) belə deyir: “Qarşılığında bir mənfəət ümid edərək edilən ibadət ticarətçinin ibadətidir. Qorxu səbəbi ilə edilən ibadət kölənin ibadətidir. Allahın nemətlərinə şükür etmək məqsədi ilə edilən ibadət azad olan kimsənin ibadətidir”. Məqbul olan ibadət, Hz. Əlinin də ifadə etdiyi kimi, Allahın nemətlərinə qarşı təşəkkür borcunu yerinə yetirərək onun razılığını qazanmaq məqsədi ilə edilən ibadətdir. Allah səmimi bir düşüncə ilə edilən ibadətləri qəbul edər.
Oruc İslamın şərtlərindən biri olmaqla yanaşı, həmçinin insan nəfsinin tərbiyə məktəbidir. Çünki davamlı tox olan insanda həm maddi, həm də mənəvi xəstəliklər başlayar. Mədəsi dopdolu olan insana vəz və nəsihət təsir etməz. Çünki mədə dolu, göz və könül isə ölüdür. Bundan ötrüdür ki, bir mənəviyyat böyüyü belə demişdir: “Sizləri toxluq öldürdü; bizləri aclıq diriltdi”.
Əslində yarıtoxluq adəti (yəni tez-tez oruc tutmaq) Hz. Rəsulullahın (s.ə.s) bir növ həyat tərzi idi. Onun bu halını özünə nümunə götürən bəzi İslam böyükləri də orucla aclığı çox yaşamaq yolunu seçmiş, könüllərini və qəlblərini aclıqla (orucla) diri tutmağa çalışmışlar.
Bunlardan biri, təsəvvüf böyüklərindən olan Səhl ibn Abdullah (r.aleyh) tez-tez oruc tutaraq aclığını yaşamağa çalışarkən bir nəfər ondan soruşur:
- Gündə bir pay (bir öynə) yeməyə nə deyirsiniz?
- Siddiqlərin yeməsidir.
- Bəs, iki pay yemək?
- O da möminlərin yeməsidir.
- Yaxşı, üç pay yeməyə nə deyirsiniz? - deyincə hirslənən Səhl ibn Abdullah:
- Sən get ailənə söylə, sənə bir axır düzəltsinlər, orada istədiyin qədər ye! - deyir.
Orucun fəzilətləri ilə əlaqəli olaraq Peyğəmbərimiz (s.ə.s) belə buyurur:
“Adəm oğlunun hər əməli qat-qat artırılar. Əməllər ən az on misli ilə yazılar, bu, yeddi yüz mislinə qədər çıxar. Allah-Təala buyurur ki: “Oruc bunun xaricindədir. Çünki o sırf mənim üçündür, onu mən mükafatlandıracağam. Qulum mənim üçün şəhvətini, yeməyini tərk etdi”. (Buxari, Savm 2, 9, Libas 78)
“Oruclu üçün iki sevinc vardır: Biri orucu açdığı zamankı sevincidir, digəri də Rəbbinə qovuşduğu zamankı sevinci. Oruclunun ağzından çıxan qoxu Allah qatında müşk qoxusundan daha xoşdur”. (Buxari, Savm 2, 9, Libas 78)
“Kim Allah yolunda bir gün oruc tutsa, Allah onunla atəş arasına genişliyi səma ilə ərz (yer ilə göy) arasını tutan bir xəndək qoyar”. (Buxari, Cihad 36)
“Qiyamət günü oruc və Quran insana şəfaətçi olar. Oruc: “Ya Rəbb, mən onu gündüzləri yeməkdən və zövqlərindən saxladım. İndi məni ona şəfaətçi et”, - deyər. Quran: “Ya Rəbb, mən onu gecə yuxusundan saxladım. İndi məni ona şəfaətçi et”, - deyər. Hər ikisi də şəfaət edər”. (Əhməd bin Hənbəl, Müsnəd, II/174)
Orucun, xüsusilə də Ramazan orucunun fəziləti haqqında İmam Rəbbaninin (r.aleyh) bu qeydləri də çox mühümdür: “Mübarək Ramazan ayı çox şərəflidir. Bu ayda edilən bütün nafilə ibadətlərə (nafilə namaz, zikr, sədəqə və s.) verilən savab başqa aylarda edilən fərzlər kimidir. Bu ayda edilən bir fərz başqa aylarda edilən yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar, cəhənnəmdən azad olar. Oruclunun savabı qədər iftar verənə də savab verilər, oruclunun savabından isə heç bir şey azalmaz.
Bu ayda əmri altında olanların işlərini yüngülləşdirən, onların ibadət etmələrinə şərait yaradanlar da bağışlanar, cəhənnəmdən azad olar. Ramazan ayında Allah Rəsulu (s.ə.s) əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və yaxşı iş edə bilənlərə, bütün il boyu bu işləri etmək nəsib olar. Bu aya hörmətsizlik edənin, günah işləyənin bütün ili günah işləməklə keçər.
Bu ay fürsət bilinməli, əldən gəldiyi qədər ibadət edilməlidir. Allah-Təalanın razı olduğu işlər görülməlidir. Bu ay axirəti qazanmaq üçün fürsət bilinməlidir. Qurani-Kərim Ramazan ayında nazil oldu. Qədr gecəsi bu aydadır. Ramazani-şərifdə iftarı erkən, sahuru isə gec etmək sünnədir. Rəsulullah bu iki sünnəni etməyə çox əhəmiyyət göstərərdi.
Xurma ilə iftar etmək sünnədir. Təravih qılmaq və xətm oxumaq da əhəmiyyətli sünnədir.
Bu ayda hər gecə cəhənnəmə girəcək minlərlə müsəlman bağışlanar, azad olar. Bu ayda cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar. Şeytanlar zəncirə vurular. Rəhmət qapıları açılar.
Allah-Təala bu mübarək ayda Onun şanına yaraşacaq şəkildə qulluq etməyi və Rəbbimizin razı olduğu, bəyəndiyi yolda olmağı hamımıza nəsib etsin! Amin”. (Məktubat, c. 1, 45-ci məktub)
ŞƏRHLƏR