Tanınmış həkim Fizuli Hüseynov:
“Həm ac qalırıq, həm də mənəviyyatımız qidalanır”.
İrfan: Əvvəla xoş gördük. Peyğəmbərimiz buyurur ki, “oruc tutun, sağlam olun”. Bir həkim olaraq bunu necə qiymətləndirirsiniz, orucun sağlamlığımıza nə kimi təsirləri var?
Dr.Fizuli Hüseynov: Bəli, bu hədis çox böyük bir həqiqəti özündə əks etdirir. Ümumiyyətlə, insan bədəninin təmizlənməsi prosesləri bir neçə mərhələdə gedir. Məsələn, təbii ehtiyaclardan doğan təmizlənmələr var, kiçik və böyük bayıra çıxmalar, tər vasitəsilə, ağız suyu vasitəsilə təmizlənmə və s. Bir də insanın öz orqanizmini təmizləmək üçün əl atdığı müəyyən vasitələr var ki, bunlar da insan bədəninin sağlam olmasına xidmət edir. Ac qalmaq, xüsusilə də oruc tutmaq bu mənada istifadə olunan müalicə üsullarından biridir. Bəzən insanlarımız oruclu olmağı ac qalmaqla bir tuturlar. Halbuki aralarında böyük fərq var. Əvvəla oruclu olduğumuz zaman həm ac qalırıq, həm də mənəviyyatımız qidalanır. Bunların ikisi paralel getdiyi zaman insan cisminin beyninə tabe olması prosesi daha sürətli həyata keçir. Məsələn, bəzi kök insanlar pəhriz saxlayırlar. Dietoloqlar bu insanlara məsləhət verir ki, bu mərhələdə bunu ye, bunu yemə, yəni müəyyən bir ölçü qoyurlar ki, bu ölçünü keçməmək şərtilə qidalana bilərsən. Ramazanda isə biz bilirik ki, səhər hava qaranlığından axşam qaranlığına qədər yeməməliyik. Buradakı aclıq dieta aclığından çox fərqlidir. Ramazanda cismimiz beynimizə tam tabe olur, bilirik ki, axşam qaranlığına qədər heç nə yeməyəcəyik. Bu zaman günorta vaxtı aclıq hiss etmirik, nəsə yemək haqda düşünmürük, gözümüz yemək axtarmır. Dietoloqların məsləhəti ilə ac qalan insanda isə günün müəyyən vaxtlarında mədə şirəsi ifraz olunmağa başlayır. Bu, insana əlavə problemlər gətirir. Belə hallarda o, ya nə isə yemək məcburiyyətində qalır, ya da özünə əziyyət verərək yeməkdən imtina edir. Ona görə də oruclu olduğumuz vaxt bizim ən böyük qazancımız bədənimizə qalib gəlməyimizdir. Oruc zamanı hər anın və hər günün özünəməxsus təmizlik prosesi var. Məsələn, oruc tutmağa başladığımız birinci gün mədə-bağırsaqdan etibarən ilkin təmizlik gedirsə, artıq 25-30-cu günlərdə başqa proseslər gedir. Hətta həyatı boyu oruc tutmayan şəkər xəstələri olur ki, onlara da orucu məsləhət görürəm. Nəticədə hamısı faydasını görür. Şəkər xəstələrində şəkərin yüksəlməsinin birinci səbəbi yeməkdir. İkinci səbəb xolesterin yüksəkliyi və bunun nəticəsi olan qan dövranı pozulmasıdır. Çünki onların metobolizmasının nəticəsində süd turşuları və ya tullantı maddələri daha çox artıq qalır. Bu tullantı maddələri kapilyarların işini pozur. Şəkər xəstələrində yaraların sağalmasını gecikdirən də elə bu kapilyar durğunluğudur. Bununla yanaşı, sinir sistemi də pozulur, qaşınmalar, qıcıqlanmalar və s. başlayır. Bu durğunluq oruc vasitəsilə minimum səviyyəyə enir. Çünki oruc tutanda kapilyarlara yığılmış xolesterin və yağ hissəcikləri, lipidlər yavaş-yavaş geri sorulur. Yəni anbara yığılan enerji miqdarımız dəyişməyə başlayır. Bu zaman insanda ürəkbulanma, baş ağrısı, halsızlıq kimi hallar yaşana bilir ki, bunun heç bir qorxusu yoxdur. Bu çox gözəl bir haldır ki, uzun müddət orada passiv halda qalmış həmin maddələr də artıq işlənməyə başlayır.
- Yəni bu ağrı bir növ müalicənin getdiyinin əlamətidir deyə bilərik?
- Bəli, elədir. Bir az daha geniş açıqlayım; toxumalarımız hüceyrələrdən ibarətdir. Hüceyrələr özləri hüceyrələrarası mayenin içində hərəkət edirlər. Hüceyrələrin qidalanmasından sonra həmin hüceyrələrarası mayedə də tullantı hissələri qalır. Ac hüceyrələrimiz əvvəla ətrafında olan tullantıları mənimsəyib təmizləyir. Aclıq davam etdikcə bu proses davam edir. İkinci mərhələdə onlar qida üçün xəstə və qoca hüceyrələrə hücum etməyə başlayırlar. Əvvəlcə qoca hüceyrələr yeyilir, sonra da xəstə hüceyrələr. Artıq yaşamaq uğrunda mübarizə başlayır. Bu zaman bizim hansı hüceyrələrimiz sağlam, güclü və dözümlüdürsə, onlar iftara qədər qalır. Bundan sonrakı mərhələdə artıq hüceyrələr o hüceyrələrdən çoxalmağa başlayır, yəni onlar kök hüceyrə olurlar. Hüceyrə quruluşu yenilənib sağlam hüceyrələrlə əvəzlənmiş olur. Bu gün kök hüceyrə metodu ilə bir çox xəstəliklər müalicə olunur. Bu işlərdə iradə və inam böyük rol oynayır. Bundan başqa, neçə günlük oruc tutulacağını, sahur və iftarda nə qədər qida qəbul ediləcəyini müalicəyə görə müəyyən edirik.
- Aclığın faydalarından, hüceyrələrin yenilənməsindən danışdınız. Bəs bu təsirin davam etməsi üçün iftarda necə yeməliyik, nələrə diqqət etməliyik?
- Normal olaraq insanın gündə iki dəfə - səhər və axşam qidalanması kifayətdir. Üç dəfə qidalanmağı da normal qarşılaya bilərik. Amma bəzi insanlar da var ki, gündə dörd-beş dəfə qidalanırlar. Gün boyu davam edən bu qidalanma zamanı mədə qidanı alır, bağırsağa ötürür, birinci həzm getməmiş ikinci qida gəlir... Bu zaman bağırsaqlarda çürümə prosesi baş verir. Həzm tam getmədiyi üçün bu çürüntü maddələri və tam süzgəcdən keçməyən böyük yağ hüceyrələri qanımıza keçir. Bu da bədənin tez qocalmasına və bir çox sistem xəstəliklərinin baş verməsinə səbəb olur. Amma oruclu olanda, yəni insanın ac qalaraq qidalandığı vaxt bağırsaqlar və mədə həzmə hazır olur. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, “acmadan yeməyin, doymadan da süfrədən qalxın”. Ramazanda da bu ölçülərə diqqət etməliyik. Hətta ac qalmaqdan qorxan varsa, iftardan çox sahurda yeməyə üstünlük verməlidir. İftarda isə qidalanmağı iki hissəyə bölə bilərik. Birinci yüngül yeməklər, sulu yeməklər, su və xurma ilə iftar açılır. Bundan on beş – iyirmi dəqiqə sonra, namaz və ya qısa istirahətdən sonra digər yeməklərə keçilir.
- Bəs su balansımız necə olmalıdır?
- Su balansına xüsusilə imsakda diqqət etməliyik. Çünki imsakda çox şirin şeylər yeyiləndə, təbii ki, bu, insanı susadacaq. Səhər-səhər limonlu suyun içilməsi, məkkəgülü dəmləməsi məsləhətlidir. Məkkəgülü bir litr suda bir-iki qaşıq dəmlənir, süzülüb soyudulur və ilıqlaşanda zövqə görə bir miqdar bal qarışdırılır (bal təzyiqin düşməsini önləyir). Bu zaman turşməzə bir içki meydana gəlir. İnsanı susuzluqdan qoruyur və tox tutur. Eyni zamanda müalicəvi əhəmiyyəti də var. Məkkəgülünün tərkibi C vitamini ilə zəngindir. Adi çiy su da çox faydalıdır. Yaxşı olar ki, sahurda şirinləşdirilmiş içkilər – kampot, çay, kofe az istifadə olunsun.
- Sizinlə görüşmə fürsəti əldə etmişkən, bir az da günümüzdə dünyanı cənginə alan virus infeksiyası ilə bağlı məsləhətlər almaq istərdik.
- Bəli, bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus həyəcanı yaşanır. Koronaviruslar elmə 1960-cı illərdən məlum olan virus növüdür. Viral infeksiyalardandır – hava tənəffüs yolu ilə yayılır. Digər viruslarla bənzər xüsusiyyətlərə malikdir, sadəcə kənarlarındakı tacabənzər çıxıntılarına görə “korona” adı ilə tanınır. Ölçülərinə görə normal viruslardan böyükdür, 500 mikrona qədər ölçüləri var. Bu da yaxşı cəhətidir ki, ən azı sadə qoruyucu maskalardan istifadə edərək tənəffüs yolu ilə bədənimizə daxil olmasından qoruna bilərik. Ümumiyyətlə, viruslar həyatımızdakı ən balaca varlıqlar sayılır. Məsələn, normal ölçülü virus normal bir bakteriyadan yüz dəfə balacadır. Normal ölçülü virus asanlıqla hüceyrəyə daxil ola bilir. Olduqca balaca olduğu üçün öz-özünə yaşama şansı çox azdır. Yaşamaq üçün başqa bir canlıya ehtiyacları var. Bu mənada virusları yırtıcı varlıq adlandıra bilərik. Hüceyrəyə girdikdən sonra çoxalmağa başlayır və hüceyrənin işini pozaraq onu xəstələndirir. Təbii ki, bu zaman insan bədənində pirogenlər işə düşür, yəni bədəndə xəstə hüceyrələrin sayı artdıqca temperatur yüksəlməyə başlayır. Bunu da qeyd edim ki, bəzi insanlar temperatur azca qalxan kimi dərhal aspirin, parasetamol qəbul edərək temperaturu aşağı salırlar ki, bu, çox təhlükəli haldır. Çünki orqanizmdə temperaturun qalxması xəstə hüceyrələrin təmizlənməsi deməkdir. Yəni temperatur 39-40 dərəcəni keçmədikcə müdaxilə etməyə gərək yoxdur. Amma bu həddi keçərsə, o zaman bədənə zəhərli maddələr sorulmağa başlaya bilər, yaxud epileptik tutmalar keçirə bilər. Temperatur yüksəldiyi zaman xəstə hüceyrələrin parçalanması və ölməsi prosesi başlayır. Orqanizm həyəcan siqnalı çalır, temperatur yüksəlir ki, metobolizma sürətlənsin, maddələr mübadiləsinin sürətlənməsi fonunda marofaqlar xəstə hüceyrələri məhv etsin. Belə bir halda temperaturu salmaq virus üçün əlverişli şəraiti davam etdirmək və artıb çoxalmasına imkan vermək deməkdir. Əgər insanın immuniteti güclüdürsə, bu zaman bədən özü virusa qalib gəlir. Ümumiyyətlə, ağ ciyərdə xəstəlik baş veribsə, nəfəs alma çətinləşibsə, ən gözəl müalicələrdən biri ağ ciyər nahiyəsindən, kürəkdən həcəmət olunmaqdır. Bu zaman xəstədə nəfəs almada yüngülləşmə prosesi baş verir. İmmunitetlə bağlı bir məsələ də var ki, bunun sağlam vaxtı qaldırılması ilə xəstə vaxtı qaldırılması arasında fərq var. Sağlam vaxtı immuniteti qaldırmaq asandır, insan gündəlik bir-iki saat açıq havada olmalı, təbii qidalanmalı və zərərli maddələrdən uzaq durmalıdır. Xəstə insan üçün isə müəyyən tədbirlər görülməlidir. Məsələn, əgər xəstə adamın burnu axırsa, qarınağrısı varsa, su yoluna çıxması tezləşibsə, tərləmə çoxalıbsa, qusmaq istəyirsə, bu o deməkdir ki, insan bədəni öz-özünü təmizləməyə çalışır. Təəssüf ki, bəzən həkimlər dərhal bu təmizlənmənin qarşısını kəsir. Biz təbii yollarla müalicə olunmaq istəyiriksə, bu təmizlənmənin qarşısını kəsmək yox, bədənə yardımçı olmaq lazımdır. Məsələn, bədən virusa yoluxubsa, ona tərlədici vasitələr veririk ki, bədən tər vasitəsilə virusları, bakteriyaları çölə ata bilsin. Tərləmək bədənin xəstəliyə qalib gəlmə prosesini başlatmasının əlamətidir. Bunun qarşısını kəsmək yerinə tezləşdirmək lazımdır. Bu mənada zəncəfil çayı çox faydalıdır. Təzə zəncəfil sürtgəcdən keçirilir, bir orta xörək qaşığı götürülür, 2-3 stəkan suda dəmlənir, süzülərək köklər təmizlənir, ilıq hala gəldikdən sonra bir az limon suyu əlavə olunur, bir xörək qaşığı da bal qarışdırılaraq xəstəyə içirdilir. Balın su qaynar ikən qarışdırılmamasına diqqət edilməlidir. Su içiləcək vəziyyətə gətirildikdən sonra bal qarışdırılır. Gün ərzində xəstə bu içkidən 5-6 stəkan qəbul edə bilər. İtburnu dəmləməsi də çox yaxşı təsir göstərir. İtburnunun tərkibindəki C vitamini limon və portağaldan 20 dəfə çoxdur. İtburnu iki cür dəmlənə bilər: bir var axşamdan iki xörək qaşığı itburnu üç stəkan su ilə termosda dəmlənir, bir də var itburnu üyüdülərək toz halına gətirilir və iki xörək qaşığı üç stəkan suda dəmlənir, bu zaman 15-20 dəqiqə dəmləmək kifayət edir ki, tərkibi suya keçsin. Bundan da bol-bol içmək olar. İmmuniteti yüksəltmək üçün müxtəlif məcunlar da var. Məsələn, 30 qr quru zəncəfil tozu, 100 qr qara zirə tozu (üyüdülən kimi qarışdırılmalıdır), 100 qr udhindi və bir kq bal qarışdırılır. Bu qarışıqdan gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir dolu çay qaşığı yeyilir. Bu misal çəkdiklərimin ikisi də eyni gündə içilə bilər, heç bir zərəri yoxdur. Bunlar xəstə bədənin immunitetinin gücləndirilməsi üçün məsləhət görülən vitaminlərdir.
- Son olaraq viruslardan və xüsusilə də koronavirusdan qorunmaq üçün nə məsləhət görərdiniz?
- Ümumiyyətlə, koronaviruslar adi qripin ağır növüdür. Bu xəstəliyə qarşı immun sistemi böyük əhəmiyyət daşıyır. Hansı halda yoluxma, yəni bədənə daxil olan virus sayı da xəstəliyin ağırlığına təsir edir. Buna görə də xəstəliyin yoluxma ehtimalı olan kütləvi mühitdən mümkün mərtəbə uzaq durmaq vacibdir. Qoruyucu maskanın taxılması, əllərin tez-tez yuyulması, otağın dezinfeksiya olunması, havalandırılması kimi tədbirlərə diqqət etsək, bədənimizə çoxlu virusun daxil olma ehtimalını azaltmış olarıq. Xəstəliyin öhdəsindən gələ bilmək üçün bu, mühümdür. Havaların isinməsindən sonra artıq xəstəliyin yayılma sürəti azalacaq, çünki günəş şüası təbii dezinfektordur, virusu öldürür. Ümid edirik ki, müvəqqəti çətinlikdir, inşallah, öhdəsindən gələcəyik.
- Təşəkkür edirik, həkim.
- Mən də təşəkkür edirəm, hər birinizə sağlam həyat arzulayıram.
ŞƏRHLƏR