Uçurumun Kənari Dünyada,Sonu Axirətdə

Uçurumun Kənari Dünyada,Sonu Axirətdə

Təkəbbür və inadkarlığı ilə nəfsinə aldanıb uçurumdan yuvarlanan Əbu Cəhllərin olduğu kimi, Haqqa qulaq verib uçurumun kənarından zirvələrə qalxan, əbədi səadət səmasında ulduzlaşan Həzrət Ömərlərin olduğu bir dünya...

Bu uçurumun dibində “yanacağı insanlar və daşlar olan bir od...”

Və o oddan “özümüzü və ailəmizi qorumaq” məsuliyyətimiz...

Uçurumdan qurtulmaq üçün uzadılan bir ip və bir əl...

O ip Allahın kıtabı Qurani-Kərim və o əl Allah Rəsulunun əli. Qurani-Kərim uçurumun kənarında olanlara səslənir: “Hamınız birlikdə Allahın ipinə sarılın.” Sarılın ki, nicat tapasınız. Uçurumun dibində olanlara səslənir: “Allahın rəhmətindən ümid kəsməyin.” Rəsulullah əlini uzadır və uçurumun kənarında olanlara deyir ki: “Mənim  misalım ilə sizin misalınız, böyük bir ocaq qalayan kimsənin misalı kimidir. Ocaq ətrafı aydınlandırınca çəyirtkələr və kəpənəklər, ora düşməyə başlayar. O kimsə, bu həşəratların oda düşmələrinə əngəl olmağa çalışar. Mən sizin əlinizdən tutub oda düşməyinizə mane olmağa çalışır, “oddan uzaqlaşın, oddan uzaqlaşın”, -deyirəm. Siz isə, əlimdən çıxıb ozünüzü odun içinə atırsınız.” ( Müslim, hədis №: 2285) O, uçarumun dibində olanlara səslənir: “Ey insanlar! “Lə iləhə illəllah / Allahdan başqa ilah yoxdur”, deyin və nicat tapın!”

Hər şeyin maddə ilə ölçüldüyü dünyamız insanların mənəvi böhran içində olduğu, bu halıyla pozğun fikirlərin, yad təsirlərin əkilib-biçilməsinə uyğun boş bir ərazini xatırlatdır. Bu boşluğun doldurulması və insanlıqdan kənar fikirlərin beyinlərinə təlqin edilməsi surətiylə meydana gələn mənəvi və ruhi çöküntü get-gedə insanlıq şərəf və heysiyyətini alçatdığı kimi, ruhların da günah qaranlığı içində kirlənməsinə səbəb olur.

Zəmanəmizdə sosial psixologiya elminin də qəbul etdiyi kimi insan, ətrafından gələn təsirlərə açıq olan bir varlıqdır. Bəzi yoluxucu xəstəliklərdə olduğu kimi insanların xasiyyət və halları da bir-birinə sirayət edir. Çünki ruhlar arasındakı mənəvi alış-veriş inkaredilməz bir həqiqətdir. Fəal və təsirlənən şəxsiyyətlərdəki ruhi hisslər, onlarla birlikdə olanlara öz istedadları nisbətində təsir edər. Beləcə saleh və sadiqlərlə dostluq edənlər onlar kimi sadiqləşər, salehləşər. Ancaq vicdanlarda mənəvi dəstək azaldığı zaman insan günah işləyər. Günahlar həzin bir musiqi kimi nəfslərə xoş gələr və sanki heç ağırlıqları hiss edilmədən işlənər. Beləcə, yolunu azan insanlığa “Yolçuluq haraya?!” deyir uca Yaradan. Günahları tərk edə bilməmək isə axmaqlığın, qəlbi iflasın və cəhənnəm yolçuluğunun bir əlamətidir.    

İlahi imtahan olaraq cəhənnəmin yollarına nəfsin həva və həvəsləri qoyulmuşdur. Onların arxasınca qaçanlar yolun sonunda, yəni uçurumun dibində cəhənnəm gözətçisi Malikin onları gözlədiyini görəcəklər. Cənnətin yolları isə nəfsə görə tikan və daşlarla doludur. Orada addımlaya bilmək üçün nəfsin heç də bəyənmədiyi ibadət, fəzilət və fədakarlıqlar etmək lazımdır. İnsan nəfsi isə bu çətinliklərə qatlanmaq istəməz. Amma həqiqi səadət müvəqqəti çətinliklərə qatlanıb o pərdələri aralaya bilməkdədir.

İnsan nəfsini sərbəst buraxanda sonunu heç düşünmədən daim xoşuna gələn şeylərin arxasınca düşər. Ancaq unutmamaq lazımdır ki, “Zəhəri qızıl qabda təqdim edərlər.” Bir şeyin sadəcə zahirinə baxaraq hərəkət edənlər nəhayət onun içindəki şeylərin zərərini çəkmək məcburiyyətində qalarlar. Bədənlərindəki çibanı xoşallana-xoşallana qaşıyanlar qısa bir müddətdən sonra onlara iztirab verən böyük bir yara açdıqlarını hiss edərlər.

Doğru yol birdir. Bu yol ona qədəm qoyanları toplayıb birləşdirən və parçalanmağa qoymayan tövhid yoludur. Onun xaricində qalan yollar az və ya çox da olsa, bu doğru yoldan ayrılar və insanı səhv istiqamətlərə aparar.

“Yarım xurma ilə də olsa” cəhənnəmdən, yəni uçurumdan qorunmaq Allah Rəsulunun ümmətinə göstərdiyi yolun işarəsidir. 

Uçurumdan qurtulmaq üçün onun səsinə hay vermək, dəvətini qəbul edərək gətirdiyi dinin əmrlərinə uyğun yaşamaq əbədi nicatımız olacaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz