İntihar Və Qurtuluşu!
Kapitalizmin hökm sürdüyü, qloballaşan dünyada statistik ararşdırmalara görə hər qırx saniyədə bir nəfər intihar nəticəsində dünyasını dəyişir. Günümüzdə psixoloqların çarəsini araşdırdıqları ən önəmli problemlərin başında intihar gəlir.
İslam dininə görə intihar haram qılınan böyük günahlardan biridir. Bir müsəlmanın öz-özünü öldürməsi, başqa birisini öldürməkdən daha böyük cinayətdir. Quranda nahaq yerə bir insanı öldürənin bütün insanları öldürmş kimi qəbul edildiyni nəzərə alsaq, insanın öz-özünü öldürməsi nə qədər böyük günah olduğunu anlayarıq.
İntiharın səbəbləri çox olsa da, əsas səbəbi ruhi və ya mənəvi böhran, yalnızlıqdır. Odur ki, mənəvi təkamülü əsas alan, birlik və bərabərlik dini olan İslam intihar üçün də bir çarədir. Bu çarələri qısa şəkildə belə sıralamaq olar:
- İnsanın və bütün məxluqatın yaradıcısı şübhəsiz ki, Uca Allahdır. Bu baxımdan insan özbaşına deyil. Allah insanın bədəninin və ruhunun yaradıcısıdır. Bədən və ruh bizə verilən əmanətdir. Əmanəti ən gözəl şəkildə qoruyub saxlamaq bizim həm insanlıq, həm də müsəlmanlıq borcumuzdur. Əmanətə xəyanət müsəlmana yaraşmayan xüsusiyyət deyildir. Buna görə də intihar etmək ilahi əmanətə xəyanət, Yaradana üsyandır. Bir binanı yıxmaq səlahiyyəti ancaq onun sahibinə aid olduğu kimi, öldürmə səlahiyyəti də ancaq onun sahibi olan Uca Yaradana aiddir. Əmanət şüurunu mənimsəyib, ailəmizə də mənimsətsək intihar mərəzindən qurtulmuş olarıq.
- İslam etiqadına görə bu dünya axirətin tarlasıdır. Burada əkilən orada biçiləcək. Bu dünya imtahan yeridir. Allah Quranda insanlara qorxu, aclıq, mal və canları ilə imtahan edəcəyini xəbər verir. Odur ki, başımıza gələn bütün müsibət və bəlalar Allah tərəfindən bizə verilmiş imtahan vəsiləsidir. Hədisi-şərifdə də “Allah sevdiyin quluna müsibətlər verər” buyurularaq əslində bu cür müsibət və bəlaların bizim üçün fəlakət deyil, əksinə qurtulma vəsiləsi olduğu ifadə edilir. Quran ifadəsi ilə desək, bizim xeyir gördüyümüzdə şər, şər gördüyümüzdə də xeyir vardır. Allah heç bir zaman bütün məxluqatından üstün olaraq yarattığı insan övladı üçün çətinlik və fəlakəti rəva görməz. Əsl müsəlman çətinlikdə də, firavan yaşayanda da da Allaha şükür edən, çətinliyi də rahatlığı da öz lehinə çevirəndir. Əgər biz Peyğəmbərimizin buyurduğu kimi müsibətin ilk anında səbir edə bilsək aradan az vaxt keçdikdən sonra intihar səbəbi olaraq gördüyümüz problemin həll olduğunu və həqiqətən də canımızı fəda etməyə dəymədiyini görərik.
İntiharla bu dünyadakı sıxıntılardan qurtulduğunu zənn edən kəs əslində qəbirdə və axirətə eyni cəzanı çəkərək özünü daha çox sıxıntıya qərq etmiş olar. Əziz Peyğəmbərimiz: "Kim özünü bir dağın zirvəsindən ataraq öldürərsə, cəhənnəm alovunda da əbədiyyən belə rəftar görər. Kim zəhər içərək özünü öldürərsə cəhənnəmdə zəhər qədəhi əlində olduğu halda davamlı cəza çəkər" (Müslim, İman, 175) “Kim özünü bıçaq və onun kimi alətlərlə öldürərsə, cəhənnəm alovunda ona eyni alətlərlə əzab veriləcək.” (Buxari, Cənaiz, 84) deyərək bu həqiqətə diqqət çəkir. Odur ki, intihar sıxıntılardan qurtulmaq üçün həll yolu deyil.
- İntihar səbəblərindən biri də yalnız qalmaq və dəyərsiz olduğunu hiss etməkdir. İslam dini bu problemi də qohum-əqrəba ziyarətinə önəm verərək və bütün inananları qardaş elan edərək aradan qaldırmışdır. Bir mömin digər qardaşının sıxıntısından məsuldur. O ac ikən özü tox yata bilməz. Hər mömin sıxıntısı olan mömin qardaşının sıxıntısını aradan qaldırmaqla məsuldur. Bu əsasları riayət edilən toplumlarda fərdlər yalnızlıq hiss etməz, sevgi, mərhəmət və qayğıdan uzaq qalmazlar.
Sıxıntılı anında ölümü arzulamağı qadağan edən İslam dininə mənsub olan, zərrə qədər imanı olan şəxsin intihar etməyəcəyi bir gerçəkdir. Allah-Təala Qurani-Kərimdə açıq şəkildə “…öz-özünüzü öldürməyin.” (ən-Nisa surəsi 29) buyuraraq bəndələrini zərərə sövq edəcək bütün hallardan çəkindirir.
İntihar nəinki İslam dinində, digər dinlərdə də qadağan edilmişdir. Həzrət Peyğəmbər (s.ə.s) belə buyurur: “Sizdən öncəki ümmətlərin zamanında bir adam vardı. Yarasının acısına tab gətirə bilməyərək bıcaqla əlini kəsdi. Ancaq həmin adam qanaxmadan öldü. Bunun üzərinə Allah “bəndəm canı mövzusunda Mənim önümə keçdi. Mən də ona cənnəti haram etdim”, buyurdu.” (Buxari, Ənbiya 50). Xülasə, əqidə sahibi insan heç bir şəkildə öz canına qəsd etməz.
Günümüzdə İslam dünyasında da intiharın mövcud olmasının səbəbi İslami əxlaq, təlim və anlayışın kifayət dərəcədə olmamasıdır. Unutmamalıyıq ki, müsəlmanlıq addan ibarət deyil, iman, əxlaq və şüur məsələsidir.
Həyat ən pis şəkildə olsa belə, gözəldir. Axirət fürsətimizi olan həyatı hər şeyə rəğmən yaşamağa dəyər.
ŞƏRHLƏR