On Səkkiz Min Aləmin Mustafasi
Ey On Səkkiz Min Aləmin Mustafası!
Sən kainatın göz bəbəyi, varlıqların iftixar qaynağı, peyğəmbərlərin sultanısan.. Sənin qiymətini ən yaxşı bilən, səni misilsiz gözəllikdə yaradandır.. Səni hər kəsdən çox sevən və sənə həbibim deyəndir.. Sənə verdiyi dəyəri anlatmaq üçün “Ey Peyğəmbər! Həyatına and olsun” deyə ömrünə and içən Kainatın Rəbbidir (Hicr 72)..
Sən sevgilərin ən qiymətlisinə layiqsən... Onun üçün Allah-Təala səni, “canımızdan çox sevməyi” əmr etdi (əl-Əhzab 6) Sənə itaət etməyi, özünə itaət etməklə eyni tutdu və “Peyğəmbərə itaət edən, Allaha itaət etmiş olar” buyurdu (ən-Nisa 80).
Ey Rəhmət Qaynağı Peyğəmbərimiz!
Kainatın Rəbbi sənə “Rəsulum! Səni bütün kainata rəhmət olaraq göndərdim” deyə buyurduğu halda (əl-Ənbiya 107), zülmdən və cahillikdən qurtarmağa gəldiyin kimsələr, sənə cürbəcür həqarətlər etdi. Əziyyət etdi, dişini qırdı, qəlbini incitdi və səni dəfələrlə öldürmək istədi.. Buna rəğmən sən yenə onların qurtuluşu üçün dua etdin.. Onların nəslindən xeyirli insanlar gəlməsini dilədin.. Onlar üçün göz yaşı tökdün. Və beləcə rəhmət peyğəmbəri olduğunu dəfələrlə göstərdin..
Ey Peyğəmbərlər Sultanı!
Ən son göndərilən peyğəmbər sən olduğun halda, Allah-Təala sənin adını daim ən başda andı və belə buyurdu: “Xatırla ki, Biz bir zaman peyğəmbərlərimizdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Onların hamısından möhkəm bir əhd aldıq” (əl-Əhzab 7).
Ey Bənzərsiz Meracın Sahibi!
Allah-Təala küləyi Süleyman peyğəmbərin əmrinə vermişdi. Bununla o, səhər bir aylıq, günortadan sonra bir aylıq yol gedərdi (əs-Səbə 12). Kainatın Rəbbi Sənin əmrinə isə Buraqı verdi. Sən də ona minib gecənin bir qismində yeddi qat göyləri gəzib gəldin. Böyüklüyünü və gözəlliyini xəyal belə edə bilmədiyimiz aləmləri Kainatın Sahibi sənin önünə sərdi. Sənə cənnətini, cəhənnəmini gəzdirdi. Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi föqəladə halları və mənzərələri sənə göstərdi...
Salətu-salam Sənə Olsun, Ey Nəbi!
Hz. Musa səhranın yandırıcı istiliyində susuzluqdan pərişan olan qövmünə su axtardığı zaman Allah-Təala “Əsanı daşa vur” buyurmuşdu. Sənin səhabələrin susuzluq çəkdiyi zamanlarda isə Allah mübarək barmaqlarından suları qaynatmışdı. Yüzlərlə insan o sudan içmiş, heyvanlarını sulamış, qablarını doldurmuşdu (Buxari). Əlbəttə, suyun qayadan qaynaması da bir möcüzədir, barmaqlardan axması da. Amma iki möcüzə arasında müqayisə edilməyəcək qədər fərq var. Şübhəsiz ki, sən Allah-Təalanın xüsusi ikramlarına nail olmuş uca bir Peyğəmbərsən..
Ey Bizim Bənzərsiz Təvazö Sahibi Peyğəmbərimiz!
Şərəf və mərtəbə etibarı ilə sənə tay olmayanlarla oturmaq istəməsəydin, heç kimlə oturmazdın. Sənə tay olmayan biri ilə evlənməyəcək olsaydın, səninlə evlənəcək biri tapılmazdı. Amma sən təvazökarlığın bənzərsiz örnəklərini göstərdin. İpəkli paltarlara iltifat etməyib, yundan toxunmuş sərt paltarlar geydin. Ən gözəl ərəb atlarına minmə imkanı varkən ulağa və qatıra minməkdən çəkinmədin. Ən yaxşı süfrələrdə ən gözəl yeməkləri yeyə bilərkən, kölələr kimi yerdə oturub yemək yedin. Sahib olduğun hər şeyi möhtaclara payladın və ac qalmaqdan əsla qorxmadın.
Ey Gözümüzün Nuru!
Hz. İsa ölüləri diriltdi. Səninlə isə ölülər danışrdı. Xeybər yəhudisi bir qadın, aləmlərə rəhmət olan mübarək vücudunu yox etmək istəmiş, qızardıb zəhərlədiyi bir qoyun kababını sənə gəətirmişdi. İlk tikəni ağzına qoyan kimi qoyun dilə gəldi: “Məni yemə, zəhərliyəm” deyə xəbərdarlıq etdi. (Əbu Davud, Darimi) Dağlar, daşlar belə sənin uca qədrini, dəyərini bilir, sənə salam verir və öz səni sevirdilər.
Qurban Olduğum Əfindim!
Əshabına xitab edərkən söykəndiyin xurma kötüyü belə sənin qədrini bizdən yaxşı bilirdi. Onu tərk edib yeni minbərin üstündə danışmağa başladığın gün, mübarək kürəyini öpməyə alışmış o kötük sənin ayrılığına dözə bilmədi. Kimsəsiz bir uşaq kimi, iztirab çəkən bir canlı kimi inləməyə başladı. Ancaq sən gələrək onu qucaqladığın zaman hıçqırıqları sakitləşdi. Biz bir kötük qədər də ola bilmədik. Səndən ayrı qalmağın acısını hiss etmədik, lazımınca ağlayıb inləyə bilmədik..
Ey Livaul-həmd Bayrağının Sahibi!
Axirət günü Livaul-həmd bayrağı sənin əlində olacaq. İnsanların can dərdinə düşdüyü o dəhşətli gündə, hər kəs sənin bayrağın altında toplanacaq. O gün şəfaət etmə şərəfi ilk dəfə sənə veriləcək. Allahın həbibi və könüllərin təbibi olduğunu hər kəs bir kərə daha görəcək.
Bizə sənin izinlə getmə bəxtiyarlığı lütf edən Allaha saysız həmd-sənalar, sənə sonsuz salətu-salamlar olsun, Əziz Peyğəmbərimiz...
Yazının hazırlanmasında Prof. Dr. M. Yasar Kandemirin məqalələrindən istifadə edilmişdir.
ŞƏRHLƏR