İki Çörək Bir Dünyadir!

İki Çörək Bir Dünyadir!

Qış fəslinin şıltaqlıqları ilə birgə yaşayırıq bu günlərdə. Havalar soyumuş, təbiət ağ donunu geyinmişdi. Ətrafımızda olan hər yer ağ qar örtükləri sayəsində daha da əlvan və gözəl görünürdü.

 Uşaqların tətil günlərindəki sevinclərinin üzərinə bir də hər tərəfi ağ rəngə boyamış qar sevinci əlavə olunmuşdu.  Uşaqlar sevinclərindən  səhər tezdən yuxularına haram qatıb həyət və küçələrdə qartopu oynayır, qardan adam düzəldir və ayaqlarına xizək taxıb sürüşürdülər. Bütün dərdləri və çətinlikləri düşünə bilməyəcəkləri qədər kiçik və qayğısız uşaqlar…

 Hər kəs özünü soyuqdan qorunmaq üçün isti paltarlarını geyinib, övladlarına bir loğma çörəkpulu qazanmaq üçün  işlədyi  yerə tələsirdi. Şəxsi maşınları olanlar buz bağlamış yollarda çətinlik çəkərək ünvanına çatmağa çalışır, maşını olmayanlar isə avtobus dayanacağında bir-iki saat gözlədikdən sonra gedəcəyi yerə şiddətli qar çovğununda piyada yollanırdı. Həmin gün qəribə bir mənzərə var idi şəhər küçələrində…

Hamı kimi mən də səhər namazını qıldıqdan sonra bir loğma Allah verəndən yeyib işimin dalıyca çıxmışdım. Şəhərimizdə yeni tikilən binaların birində fəhləlik edib ailəmi dolandırırdım. Evdən çıxarkən qayıdanda iki çörək, bir kiloqram yağ və işıqlarımız yanmadığı üçün bir litr ağ neft almağı tapşırmışdılar. Küçəmizin başındakı avtobus dayanacağına yaxınlaşdığımda orada məndən bir-iki saat qabaq avtobus gözləyən insanlar “bu gün avtobuslar işləməyəcək” deyib bir-bir evlərinə qayıdırdılar. Mənim isə yenidən evə qayıtmaq şansım yox idi. Çünki evin ehtiyaclarını bugünkü qazancımla almalı idim. Belə soyuq havada işin olmasına inanmasam da ümidimi itirməyib iş yerimə tərəf piyada yol aldım…

 Mən iş yerinə çatanda artıq soyuqdan  bədənimin heç bir yerini hiss etmirdim. Binada işin getmədiyini görüb, özümü çətinliklə binaya nəzarət edən gözətçi Sahib dayının otağına çatdırdım. Sahib dayı məni uzaqdan görüb gülümsəməyə başladı. Mən otaqdan içəri daxil olanda “Ay oğul bu havada iş olar?” deyib mənə öz odun sobasında qızdırdığı çaydan süzüb hal-əhval soruşmağa başladı. Havanın soyuqluğu mənə bir o qədər təsir etməsə də işin olmadığını öyrəndiyimdə sanki qanım damarlarımda donmuşdu. Axı evdə min bir ümidlə məni əlimdə çörək gözləyən insanlar var idi…

 Bir tərəfdən “evə əliboş necə qayıda bilərəm?” deyə suallar beynimi çırmaqlayır, digər tərəfdən də Sahib dayı həmişəki kimi Yaradanın böyüklüyündən, Onun möcüzələrindən, havaların kəskin soyumasından, yolların buz bağlamasından danışırdı. Fikrə dalıb onun dediklərinə məhəl qoymadığımı görən Sahib dayı kürəyimə əlini vuraraq “Oğul, bir dərdin var? Dərdini deməyən dərman tapa bilməz” deyib sanki qanamış yarama məlhəm qoydu.  Çıxış yolunu dərdimi bütün işçilərin hörmət etdiyi, hər zaman namazlı-niyazlı Sahib dayı ilə bölüşüb ondan heç olmasa çörək almaq üçün borc pul almaq istəyirdim ki, Sahib dayı mənə tərəf içərisində iki çörək olan torba uzatdı. “Oğul, bunları al, öz evimiz üçün almışdım, ancaq bu havada evə gedə bilməyəcəyəm. Burada qalıb xarab olmasın.” –dedi. O an sanki gözlərimə işıq gəldi. Sahib dayının əlindəki torbanın içərisindəki çörəkləri görüb, mənim kimi neçə-neçə ailəsinə çörək aparmaq üçün bu soyuq havada əziyyət çəkən insanların halını daha çox dərk etdim. Sahib dayı ilə salamatlaşıb sevincli halda evimizə sarı yol aldım. Həmin gün sanki dünyaları qazanmışdım. Belə soyuq havada və ümidsiz günümdə əlimdə olan iki çörəklə qəlbimə min fərəh, üzümə isə təbəssüm gəlmişdi. O günü yeməyimiz yağsız, evimiz soyuq və qaranlıq olsa da ən azından qarnımızı doyuracaq çörəyimiz var idi. Bu günə də şükür edib yaşamağa davam etdik. O gündən bu günə şəhərimizə hər qar yağanda çörəyə möhtac ailələr düşür yadıma. Hər gün qazanılacaq ruziyə möhtac ailələr... Əsas olan, sadəcə onları xatırlamaq deyil, onları xatırlayıb onların Sahib dayısı olmaqdır.

Hörmətli oxucular!

Hər zaman az olan şeyləri kiçik görürdüm. Ancaq heç də elə deyilmiş. Sadəcə iki çörək bizə dünyaları bəxş edirsə, deməli biz də başqalarına bu dünyaları bəxş edə bilərik. Son olaraq bu söz də içində olduğumuz fəslimizin xatirəsi olsun. “Yerdə gördüyün xırda daşlara, daş deyib keçmə. Çünki gördüyün uca dağlar o kiçik daşlardan əmələ gəlmişdir.”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz