Bu Axin Hara Gedir?
Həyat şirin, yaşamaq çətin; insanların da kimisi kasıb, kimisi zəngin. Gözəl yaşamaq isə, öz haqqıdır hər kəsin...
Yaxşı bir iş, geniş bir ev, gözəl bir minik... Rahat bir həyat... Bunları kim istəməz?
Deyək ki, bunların hamısı insanda var. Onda xoşbəxt olurmu insan?!. Əlbəttə, kimi olur, kimi yox. Təəssüflər olsun ki, xoşbəxt olan bir isə, olmayan minbirdir. Görəsən bu nədəndir?...
Zəmanəmiz elə bir zəmanədir ki texnika sonsuz sürətlə inkişaf edir. Bu inkişaf bir tərəfdən insanı özünə heyran edir, digər tərəfdən də nəyi isə insanın əlindən alır. Bununla da, ünsiyyətin yerini ayrılıq, həyanın yerini həyasızlıq, rizanın yerini narazılıq, şükrün yerini nankorluk, toxgözlülüyün yerini tamahkarlıq, qənaətin yerini israf tutur.
Bununla da insan bir istehlak maşınına çevrilir. Hər saat, hər gün, hər həftə, hər ay və hər il saysız-hesabsız məhsullarınn reklam və təbliğatı aparılaraq daim satın almasının vacibliyi insanların zorla boynuna qoyulur.
Bunun üçün saatda bir yemək, gündə bir telefon, həftədə bir kompyuter, ayda bir avtomobil, ildə bir ev dəyişənlərlə hər gün rastlaşmaq mümkündür. Sizcə bu axın hara gedir?...
İndi cəmiyyətdə dəyər meyarı dəyişmişdir. Ona görə də insanlara paltarına görə rəftar, sürdüyü cipinə görə hörmət, villasına görə qulluq edirlər.
Bununla da qlobal şəkildə bütün insanlıq daim yuxarı baxdırılır. Demək olar ki, özlərindən imkanlı olanlara həsəd aparmağa və paxıllıq etməyə istiqamətləndirilirlər. “Onda var, məndə nədən olmasın” məntiqi ilə bir çox insan öz haqqına narazılıq, normal həyatına üsyan edənə çevrilir.
Halbuki hər kəsin eyni səviyyədə zəngin olması qeyri-mümkündür. Çünki Allah-Təala: “Bəzinizi bəzinizə üstün qıldıq” -buyurur. Fitrət, qabiliyyət, bilik, bacarıq, varlıq və yoxsulluq baxımından insanlar müxtəlifdir. Ona görə də hər kəs öz səviyyəsində cavabdehdir.
Bütün bunların başında insanın düzgün məfkurəsi durur. İnsan nədir? Hardan gəlmişdir? Nə üçün gəlmişdir? Hara gedəcək?...
Öz aləmində bu suallara düz cavab tapan insan xoşbəxt insandır. Çünki həmin adam həyatın mənasını bilir, necə yaşamalı olduğunu dərk edir və daha əhəmiyyətlisi də hara, necə getməsi lazım gəldiyini fikirləşir.
Ona görə də yer üzündə yeridiyi müddətdə addımlarında ölçülü, davranışlarında tarazlı, sözlərində dəqiq, yaşantısında sadə, münasibətlərində isti, baxışlarında düzgün, duyğularında dərin olur.
Belə adamlar bu dünyanın ötəri məkan, keçici həvəs, vasitəçi körpü, çatdıran yol olduğunu bilirlər. Həyatın sona yetəcəyini, gələnin gec-tez özünün də həyatdan gedəcəyini həmişə düşünürlər.
Bütün bu düşüncələri təfəkküründə yaşadan bir adam necə ola bilər ki, öz canına qəsd etsin? Əlbəttə, bu xoşagəlməz hərəkətin iqtisadi, ictimai, əxlaqi, ənənəvi və dini səbəbləri vardır. Ancaq bunlardan heç biri o işə bəraət qazandıra bilməz!
Bu səbəblərdən ən ümdəsi sözsüz ki, inanc məsələsidir. Allah inancı, axirət qayğısı, hesab qorxusu olan insanda inam, təvəkkül və səbir olur. Dolayısıyla inanclı adamda yaxşı-pis, nə varsa, başa gələnin bir imtahan səbəbi ola biləcəyi fikri yaranır. Ona görə də dininə bağlı olan bir adam digərlərinə nəzərən həyat yolunda daha da diqqətli olmağa səy göstərir.
İmanlı adam daim həm özünü, həm də bütün insanlığı düşünür. Etiqadı olan kəs təkcə bu günə bağlanıb qalmır sabahı da fikirləşir. O bilir ki, sabahın aydınlığına ancaq gecənin qaranlığından keçərək varılır. Qaranlıqdan qorxan, hürkən və çəkinən adamlar aydınlığa çıxmadan qaranlıqda boğulub qalırlar. Halbuki Rəbbimiz: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)” -buyurur.”
Digər tərəfdən yenə Qurani-Kərimin bəyanına görə “Bizim xeyir hesab etdiklərimizdə şərr, şər hesab etdiklərimizdə də xeyir ola bilər.” (əl-İnşirah, 5-6)
Dərdsiz insan olmaz, dərmansız da dərd. Yetər ki, insan doğruların dalınca getməyi özünə düstur qəbul etsin.
Bu gün ən qorxulu şey mühit məsələsidir. Xüsusən də uşaqlar üçün çox diqqət edilməsi lazım gələn bir sahədir. Valideynlərin ən böyük dərdi uşağına pislik bulaşdırmadan onu boya-başa çatdırmaqdır. Bunu gerçəkləşdirmək çox çətindir. Başda valideyn olmaqla məktəbə və həssas vətəndaşlara çox iş düşür.
Bizə düşən Allaha qul olduğumuzu əsla yaddan çıxarmadan vətənə, millətə və içində yaşadığımız cəmiyyətə qarşı vəzifələrimizi layiqincə yerinə yetirməklə mənəvi dünyamızı zənginləşdirməkdir. Dünyada heç nə boşluq qəbul etmir. O cümlədən qəlbimizi Allah, Peyğəmbər, vətən və millət sevgisi ilə doldurmasaq, onun yerini həm özümüzə, həm də cəmiyyətimizə zərərli olan başqa süni sevgilər alar. Bunun nəticəsində insan çıxılmaz bir yola girər və özünü o pislikdən qurtarmaq üçün islahı mümkün olmayan işlərə əl atar. Halbuki:
İnam yüklü bir ürək pis yollardan gedərmi?
Qıyıb can qamətinə heç intihar edərmi?!...
ŞƏRHLƏR