Təhrif Edilmiş Adətlər, Yaxud Mənəvi Təxribat

Təhrif Edilmiş Adətlər, Yaxud Mənəvi Təxribat

Hər bir xalqın, hər bir millətin əxlaqi keyfiyyətləri, dünyagörüşü və düşüncə tərzi bu və ya digər adətlərdə cəmlənərək əsrlərdən-əsrlərə keçmiş, günümüzə gəlib çatmışdır.

 Bu adətlərdə bir çox milli dəyərlər daşlaşaraq toxunulmazlıq qazanmışdır. “Adətlər xalqın, millətin şəxsiyyət vəsiqəsi, diplomatik pasportudur.” Adətlər millətin dünyaya çıxışı, digər millətlərdən seçilməsidir.

Adətlər əsrlər üzərində qurulan mənəvi körpülərdir.

Adətlər insan yığınını xalq edəndir.

Adətlər milli geyimlərdən tutmuş nəsildən-nəslə keçən əxlaq normaları, görüşlər və zövqlərdir.

Müasir dünyamızın insanlarının təxminən 90%-i öz milli geyimlərindən əl çəkərək modern geyimlərə üstünlük verir və bu da təbiidir. Lakin elə xalqlar, elə millətlər var ki, zamanla ayaqlaşaraq modern geyinsələr də yenə hansısa bir milli geyim atributuna, geyim ünsürünə sadiq qalaraq milli geyim adətlərini az da olsa qorumağa nail olublar. Bu baxımdan özbəklərin milli geyim ünsürü kimi araqçından istifadəsi təqdirəlayiqdir. 

Milli geyimlərdən imtina hardasa milli fəlakətin başlanğıcı, ilk pilləsidir. Müasir geyimlərdəki aşırı açıq-saçıqlıq əxlaq normalarını zədələyir, abır-həyanın itməsinə səbəb olur. Orta yaşlı insanların isə bu açıq-saçıqlığa dəb adıyla meyil etməsi sözün əsl mənasında milli dəyərlərin itirilməsidir.

Bir haşiyə: Təxminən 3-4 il bundan əvvəl qardaşım və bacım uşaqlarının əhatəsində oturub ordan-burdan söhbət edirdik. Söz geyimlərdən düşdü. Bacım qızı İlhamə birdən dedi ki, qəribədir, nənə 40-50 yaşlarında örpək örtürdü və bu örpəklə daha mülayim, həlim bir az da mərhəmanə görünürdü.

Mən isə cavabında: İndi örpəkli, kəlağayılı nənələri 50-60 yaşlı şalvarlı nənələr əvəz edib...

Görəsən ölkədə şalvarlı və örpəkli nənələrin statistikası aparılsa hansı daha çox olar?

Örpək, kələğayı, şalvarla bağlı yazını bitirib indi də keçək papağa.

“Papağı isti soyuqdan ötrü qoymurlar” –deyib babalar.

Bir də “Papaq namus üçündür” –deyiblər.

Necə deyərlər aranı, dağı dolanıb örpəkdən, şalvardan danışıb papaqdan söz açmağımın da məqsədi var. Artıq az qala 25 ildir ki, hər il martda bir fikir məni düşünməyə məcbur edir. Hər il axırıncı çərşənbə gecəsi qapılara atılan papaqlara baxanda və papaqların içinə qoz-fındıq qoyulanda yadıma yuxarıdakı atalar sözü düşür. Və acı-acı əlavə edirəm: “Papaq həm də qapılara atılmaq və qoz-fındıq yığmaq üçünmüş sən demə.”

Çox maraqlıdır ki, milli dəyərlərdən, əxlaqi normalardan ağız dolusu danışan ziyalılarımız, alimlərimiz nədənsə bu “papaqatma” mərasiminə göz yumur, bunu milli adət kimi qələmə verirlər.

Əslində isə Novruz şənliklərinin tərkib hissəsi kimi göstərilən “papaqatma” olmayıb və ola da bilməzdi. Çünki “papaq namus üçündür”.

Novruzun kobud şəkildə bilərəkdən təhrif edilmiş bu adəti ilkin mərhələdə imkanlı şəxslərin, kasıb ailələrə yardımın kim tərəfindən verildiyini bildirməmək, yardım alanı utandırmamaq məqsədi ilə evlərin bacasından iplə salladığı bayram payı idi. Daha sonra bu, bir uşaq əyləncəsinə çevrilmiş və “Kosa-Kosa”, “qulaq falı”, “yumurta döyüşdürmək” kimi bayramın tərkib hissəsi olmuşdur.

Xalq adət-ənənələrinə hörmətlə yanaşan, onu qorumağa çalışan, xalq məişətinə, folkloruna yaxından bələd olan ustad Şəhriyar “Heydərbabaya salam” poemasında belə yazır:

“Bayram idi, gecəquşu oxurdu

Adaxlı qız bəy corabın toxurdu.

Hər kəs şalın bir bacadan soxurdu

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq...”

... Novruz bayramı, İlaxır çərşənbə və “Papaqatma”...

1920-ci ildə rus-bolşevik işğalından sonra Azərbaycanda qoyulmuş qadağalardan biri də Novruz bayramı ilə bağlı idi. Bu qadağalar bir məqsəd daşıyırdı. Xalqın keçmişlə bağlı əlaqələrini kəsmək, ona kimliyini unutdurmaq.

Bu qadağadan təxminən yarım əsr sonra görkəmli alim, ictimai xadim və əsil Türk-Azər olan Şıxəli Qurbanov 1967-ci ildə böyük çətinliklə də olsa Novruzun milli bayram kimi keçirilməsinə nail oldu. Həmin dövrdə Novruz bayramı ilə əlaqədar tarixi mənbələrə əsaslanan, yaddaşlara həkk olunaraq günümüzə çatan bayram adətləriylə bağlı elmi məqalə və televiziya verilişlərində səməni cücərtmək, yumurta döyüşdürmək, Novruz xonçalarından bəhs edilsə də papaq atmaqdan bir kəlmə də danışılmırdı.

1967-ci ildə Ş. Qurbanovun faciəli və müəmmalı ölümündən sonra 1968-ci ildə Novruza ikinci dəfə qadağa qoyuldu. Və bu qadağa da 20 il çəkdi.

1988-ci ildə Novruz bayramı yenidən dövlət səviyyəsində keçirildi və həmin il keçirilən bayram şənliklərində qapılara ilk dəfə papaq atıldı. Bu, o vaxta təsadüf edirdi ki, Ermənistandakı soydaşlarımız öz dədə-baba torpaqlarından qovulurdu. Zəngəzurdan ilk qaçqın dəstələri bizə pənah gətirdi. Qız-gəlinlərin namusuna təcavüz olunur, qəbirlər yerlə-yeksan edilirdi.

1988-ci ilin Novruzunda papaqların qapılara atılması bir təsadüf, yoxsa təxribat idi?

Bəlkə o yaz qapılara atılan həmin papaqlar Xocalının, Şuşanın faciəsinin əsasını qoydu. Yüzlərlə qız-gəlini erməni əsirliklərinə sürüklədi. Ermənilərin qabağında “Daşnı çors” oynamağa məcbur etdi?

Atılan o papaqlarla bərabər milli qeyrətimiz, namusumuz da qapılara atıldı. Qapılara atılan papaqlar xalqı ələbaxan öyrətdi. Müxtəlif beynəlxalq təşkilatlardan alınan mənşəyi bilinməyən məhsulları yeyə-yeyə böyüyən bir nəsil yarandı.

Əgər bayraq bir millətin atributudursa, papaq da kişinin, kişiliyin atributudur.

Bayrağın təhqir edilməsi, ayaqlar altına atılması millətin təhqir olunması, alçaldılmasıdırsa, papağın da yerə atılması kişinin təhqir olunması, alçaldılması deməkdir. 1988-ci ildən sonra millətin papağı yerə vuruldu. Papağı qapılar ağzında boş qaldı həm həqiqi, həm də məcazi mənada.

Boş qalan papaqların ardınca evlər, kəndlər boşaldı...

Bu yazını yazanda qəflətən yadıma “Dəli Kür” filmindəki iki epizod düşdü.

Birinci epizod:

Novruz bayramında uşaqlarla yumurta döyüşdürən Səttərxan adlı bir uşaq kəndə gəlmiş A.C. Çernyayevski ilə yumurta döyüşdürərkən mərc gəlir: “Urus, əgər mən udsam, o başındakını mənə verərsən.” Çernyayevski tərəddüd etmədən uşağın təklifini qəbul edir.

İkinci epizod:

Allahyar öz adamları ilə birlikdə Cahandar ağanın gəldiyi evi (rus Əhmədin evini) gülləyə tutur. Atışmada atılan bir güllə Cahandar ağanın papağını başından yerə salır. Cahandar ağa tüfəngi yerə qoyur, papağını qaldırır, tozunu çırpıb yenidən başına qoyur. Atışma təzədən qızışır.

Ən kritik məqamda belə Cahandar ağa papağının yerə düşməsi ilə barışmır. Təhlükəyə baxmadan papağı yerdən qaldırır.

Ancaq Mərəzədə böyüyən Çernyayevski Azərbaycan dilini yaxşı bilməsinə, xalqın adətlərinə azdan-çoxdan bələd olmasına baxmayaraq şlyapasını uduzmaqdan qorxmur. Çünki papaq ona isti-soyuqdan qorunmaq üçün lazımdır. Cahandar ağaya gəldikdə isə “papaq namus üçündür”. Eşidirsinizmi, papaq İlaxır çərşənbədə qapılara atılıb qoz-fındıq qoymaq üçün deyil. Qaldırın papağı ayaqlar altından. Onu layiq olduğu yerə qoyun.

Sonda bir neçə kəlmə də axır zamanlarda xalq içərisində geniş yayılmış heç bir əsası, kökü olmayan bir “inanc” haqqında yazmaq istəyirəm.

Artıq uzun illərdir ki, may ayında Azərbaycanda toyların sayı həddən artıq azalıb. Demək olar ki, bir-iki istisnanı çıxmaq şərtiylə heç olmur. Bunu isə heç cür izahı olmayan, şərhi qeyri-mümkün bir sözlə ifadə edirlər: “May boş aydır.” Qəribədir, görəsən, boş ay necə olur? Bəs toyların keçirildiyi 11 ay necə və nə ilə doludur.

100 ilə yaxındır ki, mənfur qonşularımız hər ilin aprel ayının 24-nü uydurma soyqırım kimi qeyd edirlər. Tarixdə olmayan bir soyqırım uyduraraq siyasi divident qazanmaq, özlərinin olmayan torpaqlara sahiblənmək istəyirlər.

1930-cu ilin ortalarında Bakıda yaşayan ermənilər Azərbaycan Kommunist Partiyasının ovaxtkı I katibi M.C. Bağırovun olmayan “soyqırım”da guya öldürülən ermənilərin xatirəsini yad etmək üçün aprelin son  ongünlüyündən başlayaraq may ayı daxil olmaqla toy şənliklərinin qadağan edilməsi razılığını almağa çalışırlar. M.C. Bağırovdan rədd cavabı alan ermənilər bundan sonra da sakit dayanmamış, müxtəlif yollarla öz istəklərini bizə “boş ay” adı ilə qəbul etdirə bilmişlər.

Və bu gün necə deyərlər özümüz də bilmədən, düşünmədən, istəmədən erməni soyqırımını qəbul edirik bəlkə də.

Xanımlar və cənablar! Örpək və kəlağayılara, papaqlara öz əvvəlki statusunu qaytarmaq vaxtıdır.

Ağalar, gəlin papağımızı qoyaq qabağımıza və bir az fikirləşək:

Nə vaxta qədər papaqlar başla yox, qoz-fındıqla dolacaq? Nə vaxta qədər papaqlar boş qalacaq, mayımız boş sayılacaq? Məncə fikirləşməyə dəyər.   

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz