Tərs mütənasib

Tərs mütənasib

Bir aylıq yay tətili günlərində məmləkətin hüdudlarından kənara çıxmağı qərara alıb, qardaş Türkiyə torpaqlarına qədəm basdıq. Yolçuluq tarixi elə bir vaxta təvafüq etdi ki, Ramazan bayramını tarixi Osmanlı məmləkətində keçirmək şansına nail olduq. Bayram namazını Memar Sinanın, bəlkə də əvəzolunmaz əsərlərindən biri olan Səlimiyə məscidində böyük bir insan izdihamı ilə birlikdə əda edib, qonaq getdiyimiz ev əhlinin yaxın qohum-əqrəbaları ilə bayramlaşmağa başladıq.

 Hər şey gördüyümüz, bildiyimiz, yaşadığımız kimi idi. Bayram hədiyyələri, kiçiklərin böyüklərin əllərindən öpməsi və bayram xərcliyini alması vəs. Daşı-torpağı tarix qoxan Ədirnədə Bayramın birinci gününün axşamı gördüyüm (bənzəri az rastlanan) mənzərə isə məni təəccübləndirməyə bilməzdi. Qaldığımız binanın yaxınlığındakı kafedən canlı musiqi sədaları yüksəlirdi.Canlı musiqini səsləndirən ifaçı ara-sıra da “biralar (pivələr) gəlsin”, “bayramınız mübarək olsun” deyib məclisi daha da şənləndirməyə çalışırdı. Bütün bu gördüklərimdən və eşitdiklərimdən sonra təəccübümü boğa bilməyib ev sahibindən Ramazan bayramında bu şəkildə əyləncənin səbəbi-hikmətini öyrənməyə çalışdım.  O gözünə döndüyüm də heç kefini pozmadan cavabında, “burada elə insanlar var ki, bir ay əvvəlindən sonuna qədər Ramazan orucunu tutur və Ramazan bayramını spirtli içkilər içərək qeyd edirlər”,- dedi. Bu cavabdan sonra düşündüm, amma heç bir nəticəyə gələ bilmədim. Sadəcə insanların nəyi, nə üçün, necə etdiklərini bilmədikləri qənaətinə gəlmək istədim. Amma o da olmadı. Axı sən Ramazan orucunu Allah üçün ibadət məqsədi ilə tutursan. Sonra da etdiklərinietdiyin günahlarla bir anda silib atırsan. Bu anlayış heç bir məntiqə sığmır deyə düşünürəm. Bütün bunlardan sonra öz-özlüyümdə Ramazan bayramını badə qaldıraraq qeyd edən insanları  qınamağa başlamışdım,  o vaxta qədər ki, öz məmləkətimizdə toy məclisindən sonra keçirilən bəy qonaqlığında baş verən həngaməni gördüm.

Dəyərli oxucu, hadisənin birini qoyub digərinə keçdiyim üçün üzr istəyirəm. Yenə tətil günlərimizdə yaxın bir qohumumuzun toy məclisində yaxından iştirak etmək nəsib oldu. Rəsmi nikah kəsildikdən sonra toydan bir gün qabaq din xadiminin iştirakı ilə keçirilən molla nikahında yarı-yarımçıq dua verilsə də, din xadimi gənclərə heç bir öyüd-nəsihət vermədi. Evlilik həyatına yeni qədəm qoyacaq gənclərin heç mollanın gəlib gedişindən xəbərləri belə olmadı. Ağsaqqal mollanın kiril əlifbası ilə doldurduğu nikah kağızına şahidlər imzalar atdı, çaylar içildi, yeməklər yeyildi və məclis dağıldı. Qız və oğlan evinin toy şənlikləri böyük ehtişamla qeyd edildi. Mənim üzərində durmaq istədiyim məclis isə oğlan toyundan sonra baş tutan “bəy qonaqlığı”dır.  Bəyin yaxın qohumlarının birində təşkil edilən bu məclisə bəyin yaxın dostları və şəhərin gəncləri dəvət olunur.  Məclisin adında qonaqlıq sözü olsa da, əslində bu məclisdə yemək-içmək o qədər də əhəmiyyət kəsb etmirmiş. Bu məclislərin əsas məqsədi isə gənclərin qumar oynamasına “mədəni” şərait yaradılmasıdır. Masanın başında oturan bir günlük bəylə salamlaşan hər kəs oyuna daxil ola bilər. Maraqlısı da odur ki, bəyi də o məclisdə oyuna cəlb edirlər. Nəticədə isə bəyin dost deyərək dəvət etdiyi insanlar  ilk gündən bəyin əlindəki pulları oyunda udaraq alıb onun ailə həyatına ilk gündən haramları daxil edirlər. Təzə bəy də bu hadisədən sonra sözün həqiqi mənasında suyu süzülə-süzülə evinə qayıdır. Qızı valideynlərindən istəməyə gedəndə “Allahın əmri, peyğəmbərin qövli” ifadəsi ilə başlayan bir məclisin bu şəkildə yekunlaşması demək olar ki, fəlakətdir. İlk gündən haramlara qapı açan bu kimi yeni ailələrdə fiziki və mənəvi şikəst övladların dünyaya gəlməsi də qaçınılmaz hallara çevrilir.

Bəlkədə bütün bunların fonunda belə bir sual vermək olar, kimdir günahkar?  Ramazan bayramını badə qaldıraraq qeyd edənlər, yoxsa o insanlara Ramazan orucunu doğru izah edə bilməyənlər. Ya da bugünkü bəy qonaqlıqlarında içki içib qumar oynayanlar günahkardır, yoxsa o məclisləri quran bəyin qohumları və böyükləri? Mən də bilirəm ki, bu suallara cavab vermək o qədər də asan deyil, amma onu da bilirəm ki, əgər belə tərsmütənasib əməllərə bir əncam etməsək, ağzımız oruclu başımıza çox müsibətlər gələcək və bünövrəsi haramlarla qurulan ailələr çox dağılacaq. Çalışaq savablarımız günahlarımıza tərs mütənasib olsun. Axı tərs mütənasiblik — arqumentin neçə dəfə artması ilə funksiyanın bir o qədər azalmasının funksional asılılığıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz