NÜMUNƏVİ MÜSƏLMAN
Bildiyimiz kimi, iman və ibadətin məqsədi sahiblərini kamil bir insan etməkdir. İnsan yaşadığı cəmiyyətdə, həyatında həm sevincli olur, həm də hər cür çətinliklərə, sıxıntılara, dərd və bəlalara düçar olur. İnsan bu çətinliklər və bəlalar qarşısında, dünyanı özünə zindan edirsə (ümidsizliyə qapılırsa) bunun səbəbi yaşayış və həyat tərzini əxlaqi qaydalara uyğunlaşdırmamasıdır.
Xoşbəxt o kəslərdir ki, Allaha (c.c) və Onun yaratdıqlarına qarşı vəzifələrini hiss edir, onları qüsursuz yerinə yetirir, dünyadakı həyatın həqiqi dadını hiss edə bilirlər. Onlar yaşayış və davranışlarını Allah və peyğəmbərinin əmrinə uyğunlaşdırır və ilahi əxlaq yolundan gedərək dünya həyatını başa vurur, Allahın dərgahına yüksəlirlər.
Qurani-Kərimə inanıb, hərəkətini, yaşayışını Onun əmr və yasaqlarına uyğunlaşdıran bir müsəlman nümunəvi bir insandır. Onlar insanlığın bütün gözəl xüsusiyyətlərinə malik olarlar. İndi onların malik olduğu xüsusiyyətləri qeyd etməyə çalışaq:
Onlar Allahın varlığına, birliyinə və peyğəmbər (s.ə.s) vasitəsilə göndərdiklərinə inanar və inandığı kimi yaşayarlar. Allahın əmr elədiyi və Muhamməd (s.ə.s)-in göstərdiyi kimi namazını qılar, orucunu tutar, zəkatını verər, gücü çatınca da həcc borcunu ödəyərlər. Yoxsullara, yetimlərə, kimsəsizlərə, möhtaclara, yaxınlarına, yolda qalmış zavallılara malıyla, canıyla, gücü çatdığı qədər kömək edərlər. Onlar həyatlarının təhlükəli anlarında belə, əsla sarsılmaz, güclü iradəyə sahib olar, hər işində bütün görüləcək tədbirləri görərək sonra Allaha sığınarlar. Onlar verdiyi sözü yerinə yetirərlər. Əmanətə xəyanət etməz, boynuna götürdüyü hər bir işi, bütün gücünü sərf edərək həyata keçirərlər. Onlar, bədənlərini, üst-başını, geyəcəyini, yeyəcəyini, yerini, yurdunu, qab-qacağını, küçəsini, ətrafını tərtəmiz saxlayarlar. Ruhlarını, qəlblərini riyadan, hiylədən, fırıldaqdan, qumardan, dilini pis sözlərdən uzaq və təmiz saxlayarlar. Özlərini digərlərindən üstün tutaraq təkəbbür göstərməzlər. Eyni zamanda əl-ətək öpərək kimsənin qarşısında əyilməz, ancaq Allah qarşısında əyilərlər. Pisliyin kiçiyindən, böyüyündən, gizlisindən və açığından özlərini qoruyarlar. Dəyərsiz, müəmmalı mənfəət dalında deyildirlər. Durmadan çalışar, halalından qazanar və heç bir kimsənin haqqına girməzlər. Allahın verdiyinə şükür, vermədiyinə isə səbir edər və Onu layiqincə zikr edərlər.
Onlar, qüsur və qəbahətlini bağışlamaqdan zövq alarlar. Yaxınlarına və ətrafdakılara həmişə müsbət enerji verərlər. İnsanlara ən gözəl ideya verər və çoxları həmin ideyanın xeyrini həyatlarında görərlər. Yaşadığı cəmiyyətin ehtiyaclarını digərlərindən fərqli olaraq duyar və çalışarlar ki, onlar insanlar üçün xeyirli olsunlar. Yaxşılığa, xeyirxah işlərə başçılıq edər, pisliklərə isə üsyan edərlər. Bilik, elm, əxlaq, təbiilik onların sevgili dostlarıdır. Allahı hər şeydən üstün tutar, Onun xoşladığı işləri görərlər. Onu daim xatırlayarlar. Onlarla kim ünsiyyət saxlayarsa onlardan müsbət enerji alar. Onlar örnək olacaq insanlardan müsbət nə varsa götürər və özlərinə məxsus iz qoyarlar. Müsəlmanları qardaş bilər, onların dərdlərinə ortaq olar, xəstələrinə baxar, borclularına yardım edər, dərdlilərinə dərman axtararlar. Böyüklərə hörmət, kiçiklərə isə şəfqət və məhəbbət bəsləyərlər. Kiçiklərin nə qədər saf olduğunu, ruhunun təmizliyini bilərək onları xüsusilə sevərlər.
Onlar heyvanlara qarşı qayğı və məhəbbətlə yanaşarlar. Bütün varlıq aləminə sevgi ilə bağlanarlar. Çünki, sevdiklərini Allah üçün sevər, nifrət etdiklərinə də Allah üçün nifrət edərlər. Onun üçün hər sahədə ictimai ədalət prinsipləri gözlənilər və həyatlarının əsas ölçü vahidi olar. Belə insanlar millət və vətən qarşısında digərlərindən fərqli olaraq daha səmimi xidmət edərlər. Bütün işlərin, yeniliklərin nəticəsi olaraq insana xidmət edəcəklərini düşünərlər.
Onların bu xüsusiyyətlərlə hərəkəti Allahın əmri, sevgili peyğəmbərimiz Muhamməd (s.ə.s)-in yoludur. Müsəlman həmin yolun yolçusudur. Beləliklə, yaşadığımız cəmiyyətdə toplum üçün nümunəvi bir insan, Quran əxlaqıyla təlim və tərbiyə almış həqiqi möminin malik olduğu xüsusiyyətlərə sahib çıxmaqla da kamil bir şəxsiyyət olarlar.
Allahım, bizləri ümmət olaraq bu səadət yolunun yolçularından et. Amin!
ŞƏRHLƏR