Əhdə vəfa və nemətə şükr səadəti

Əhdə vəfa və nemətə şükr səadəti

Uca Allah Qurani-Kərimdə belə buyurur:

Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra dirildər. (Öyüd-nəsihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır. (Allah quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!) (ən-Nəhl, 65)

Aləmlərin Rəbbi olan Uca Allaha şükürlər və həmd-sənalar olsun,Onun Haqq Rəsulu Hz. Məhəmməd Əleyhissəlama salatu-salam olsun. Allahu-Təalanın insan övladına bəxş etdiyi nemətləri sayıb-bitirmək mümkün deyil.Əslində bu qədər nemətə sahib olan insanın bir şükür borcu olaraq inanılmaz itaət və ibadət həyatına sahib olması qaçınılmaz görünməkdədir.Lakin imtahan dünyasının aldadıcı şərtləri,nəfsin azğınlığı və şeytanın hiyləsi bu qaçınılmaz vəfa borcunun sağlam əmələ və itaətə çevrilmə cəhdlərini hardasa sıfıra endirməkdədir.Rəhmət və mərhəmət sahibi olan Uca Rəbbimiz dünyəvi cazibənin ağır duruma saldığı quluna hər zaman yetişərək,qulluq və vəfa borcunu qəlblərdə daima diri tutmağa dəvət etməkdədir:

“O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu nemətlərə) az şükür edirsiniz!” (əs-Səcdə7,9)

Qulluq əhdinəvəfa və nemətlərə şükür borcunu ən incə məqamları ilə ifa edən, kamalı və mənəviyyatı ilə insanları,mələkləri və bütün varlıqları heyrətdə buraxan Hz. Məhəmməd əleyhissəlamın Rəbbimizə yönələn sədaqəti,Adəm övladlarını qulluğa ruhlandıran dirilik mənbəyidir.Bu mənbəyin daima ətrafında olmaqla,ondan qidalanmaqla dünyəvi qəflətdən və onun axirət həyatındakı davamı olacaq əbədi cəhənnəmdən qorunmaq mümkündür.“Ey arxayın nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!”(əl-Fəcr 27,29)-deyərək buyurulan Rəbbanı mükafatı canımızla, ruhumuzla dadmaq,vəfa və şükür borcumuzu əda etmək üçün rəsulullahın hər bir sözünə,hər bir əməlinə sarılmamız,bükülməmiz lazımdır.Aşağıda qeyd edəcəyimiz hədisi-şərif Rəsulullahla olması son dərəcə vacib olan və zamanları aşan mənəvi bərabərliyin bizlər üçün nə qədər faydalı olacağını birdaha gözlər önünə sərməkdədir:

“Bir adam Rəsulullahın yanına gələrək, - sizə dünya və axirətlə əlaqədar suallarım olacaq, -dedi.Rəsulullah ona, - nə istəyirsən soruş, -deyə cavab verdi.Bunun üzərinə həmin adam suallarını verməyə başladı:

-Ey Allahın peyğəmbəri!Mən insanların ən alimi,ən biliklisi olmaq istəyirəm,nə edim?

-Allahdan qorxub təqva dairəsinin içinə girə bilsən insanların ən alimi olarsan.

-İnsanların ən zəngini olmaq istəyirəm.

-Qənaətkar olsan insanların ən zəngini olarsan.

-İnsanların ən xeyirlisi olmaq istəyirəm.

-İnsanların ən xeyirlisi onlara faydalı olandır.Sən də insanlara faydalı ol!

-İnsanların ən ədalətlisi olmaq istəyirəm.

-Özün üçün istədiyini insanlar üçün də istəyərsənsə insanların ən adili olarsan.

-İnsanlar içində Allaha ən yaxın,Onun ən xas qullarından olmaq istəyirəm.

-Allahı çox zikr edib anar və xatırlayarsansa o zaman Allahın ən xas (yaxın) qulu olarsan.

-Mühsinlərdən, yəni yaxşılıq edənlərdən olmaq istəyirəm.

-Allaha Onu görürmüş kimi ibadət et.Hər nə qədər sən Onu görməsəndə, O səni görür.

-İmanımı kamala çatdırmaq istəyirəm.

-Gözəl əxlaqlı olsan imanın kamala yetişər.

-Allahın əmrlərinə itaət edən itaətkar bir qul olmaq istəyirəm.

-Allahın fərzlərini yerinə yetir ki,itaət edənlərdən olasan.

-Allaha günahlarımdan arınmış,tərtəmiz olaraq getmək istəyirəm.

- Cünub olduğunda tərtəmiz olacaq şəkildə qüsul alsan qiyamət günü üzərində heç bir günah olmadan Allaha qovuşarsan.

-Qiyamət günündə nur içində yenidən həşr olmaq(dirilmək) istəyirəm.

-Heç kimsəyə zülm etməsən qiyamətdə nur içində həşr olarsan.

-Rəbbimin mənə mərhəmət etməsini istəyirəm.

-Öncə özünə və insanlara mərhəmət et ki,Allah da sənə mərhəmət etsin.

- Günahlarımın azalmasını istəyirəm.

-İstiğfar edərək günahlarının bağışlanması üçün Allaha yalvarsan günahların azalar.

-İnsanların ən kərimi olmaq istəyirəm.

-Allaha qullarını şikayət etməzsən insanların ən kərimi olarsan.

-Ruzimin bol olmasını istəyirəm.

-Təmizliyə riayət etsən ruzin bol olar.

-Allah və Rəsulu tərəfindən sevilmək istəyirəm.

-O zaman Allah və Rəsulunun sevdiklərini sev,sevmədiklərini də sevmə.

-Allahın mənə qəzəblənməsindən özümü qorumaq istəyirəm.

-Heç kimsəyə qəzəblənməsən Allahın qəzəbindən də qurtularsan.

-Duamın qəbul edilməsini istəyirəm.

-Haramlardan çəkinsən duaların qəbul olar.

-Mənim günahlarımı nə silər?

-Göz yaşların,Allaha sayğı ilə qulluğun və xəstəliklərin.

-Allah yanında hansı yaxşılıq daha fəzilətlidir?

-Gözəl əxlaq, təvazö,bəlalara səbir,qəzaya riza.

-Allah yanında ən böyük günah hansıdır?

-Yaramaz əxlaq və Allahın əmrlərinə qarşı sayğısızlıq.

-Rəhman olan Allahın qəzəbini nə söndürür?

-Gizli-gizli sədəqə vermək və əqrəba ziyarəti.

-Cəhənnəm atəşini nə söndürür?

-Oruc”. (Ali əl-Müttəki Ümmal 16/127,129)

Nəticə olaraq Rəsulullahın buyurduğu kimi: “Həqiqi səadət və gerçək bəxtiyarlıq Rəbbinə yönələn xalis bir qulluq (əhdə vəfa və nemətə şükür) istiqamətində hər an bir az daha dərinləşərək Allah rizasına yürüyən bir insanın bu hal üzrə çox uzun bir ömürsürməsidir”.(Feyzul-Qadir4/144) Rəbbimiz cümləmizi bu səadətə müvəffəq etsin... Amin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz