BİRLİK VƏ BƏRABƏRLİK DİNİ
Bir olmaq, cəm olmaq demək, camaatla bərabər olmaq deməkdir. Rəbbimiz bizi camaat halında görmək istəyir. Dinimizin hardasa bütün əmrləri camaatla yerinə-yetirilən əmrlərdir. Gündəlik beş vaxt namaz, cümə, bayram namazları, həcc və s. Allah (c.c) bu yolda səf-səf olmuş, eyni cərgələrdə duran müsəlmanları sevir, rəhmətini və bərəkətini onların üstünə endirir. Şeytan isə dağılmış, bir divarın kərpicləri kimi pərçimlənməyən, bir-birilərinin sıxıntılarını həll etmək bir yana qalsın, bir-birinə problem çıxardan müsəlman tiplərini daha çox sevir.
Müsəlmanlar öz aralarında yayılan hər bir problemlə, əlaqələrini qoparmaqla, bir-birilərinə soyuq yanaşmaqla şeytanın çörəyinə yağ sürtməkdədirlər. Bu vasitəylə də bilərək və ya bilməyərək camaatdan və ilahi rəhmətdən uzaqlaşmaqdadırlar.
Bu gün çox eşidirik bu kimi ifadələri, bu müsəlmanların duaları niyə qəbul olmur, niyə dünyanın hər yerində əzab-əziyyət çəkən, pis şəraitdə yaşayan, yurd-yuvalarından didərgin salınan ancaq müsəlmanlardır? Bu suallara fərqli cavablar vermək mümkündür. Məncə burada başlıca bir problem var, o da biz müsəlmanların bir-birimizdən qopub ayrı-ayrılıqda qruplar halında pərən-pərən düşməyimiz, kiçik fiqhi ixtilafları böyüdüb böyük bir problem varmış kimi göstərib bizdən fərqli davrananları sevməməyimizdir. Çünki ortada mühüm bir həqiqət var: Bir-birini sevməyən, namazda olduğu kimi namaz xaricində də sıx olmayan bir topluma Allah rəhmətini və bərəkətini endirməz. İxtilaf və çəkişmələr rəhməti bu toplumdan uzaqlaşdırır. Rəhməti bizdən uzaqlaşdıran nədirsə biz onu həll etməliyik. Namaz qılacağımız zaman maddi və mənəvi kirlərdən təmizləndiyimiz kimi, mömünlərin arasındakı problemləri də təmizləməyi bacarmalıyıq. Natəmiz yerdə qılınan namaz qəbul olmadığı kimi, küsülülərin, bir-birinə kinlə, düşmənliklə baxanların qıldığı namaz da məscidin tavanından yuxarı qalxa bilməz. İslah etmək, barışdırmaq Allahın əmridir. Müsəlman olduğumuz və ağıllı bir varlıq olduğumuz üçün bu işi mütləq etməliyik. Bu gün iki müsəlmanın arasındakı çəkişmənin nə boyda böyüyəcəyini və necə müsəlman qardaşlara da bulaşacağını təxmin belə edə bilmərik. Kamil bir müsəlman belə bir halın şahidi olduğu zaman dərhal müdaxilə etməli, qardaşlıq iqliminin pozulmasına imkan verməməlidir. Alov çoxalmadan söndürülməlidir.İçində bizim də olduğumuz bir gəminin dəlinib su alması necə bizi qorxudarsa eləcə də iki müsəlman arasındakı çəkişmə bizi qorxutmalıdır.
Əshabdan Əbud-Dərdanın (Allah ondan razı olsun) rəvayət etdiyinə görə bir gün Allah Rəsulu (s.ə.s)soruşdu: “Sizə oruc, namaz və sədəqədən daha üstün bir işi xəbər verimmi?
- Əlbəttə buyur ya Rəsulallah,- dedilər.
Buyurdu ki: “İki müsəlmanın arasını düzəltməkdir! İki müsəlmanın arasını açmaq isə günahdır”.(Əbu Davud, 4919)
Bilməyimiz lazımdır ki, Allahın (c.c) əmr etdiyi fərzlər iki növdür.
Birincisi: İstisnasız hər möminə əmr etdiyi fərzlərdir ki, möminəm deyən hər kəs bunu etməlidir;namaz, oruc, həcc kimi.
İkincisi: Allahın (c.c) mömün bir topluma əmr etdiyi və cəm halda yerinə yetirilə bilən fərzlərdir. Toplum bunu yerinə-yetirdiyi zaman üstlərindən məsuliyyət qalxar. Heç kim maraqlanmazsa hər kəs günahkar olar. Möminlərin arasını düzəldib, problemlərini həll etmək də belə bir əmrdir. Allah (c.c) belə buyurur:“ Əgər möminlərdən iki qrup qarşı-qarşıya gələrsə onların arasını düzəldin...” (əl-Hücurat, 9)Başqabirayədə buyurur:“Onların (öz aralarında) fısıldaşmalarında xeyir yoxdur.Ancaq bir sədəqə,yaxud bir yaxşılıq və ya insanların arasını düzəltməyi istəyən xaric. Kim Allahın razılığını əldə etmək üçün bunu edərsə, biz ona yaxında (axirətdə) böyük bir mükafat verəcəyik”.(ən-Nisa, 114)
Niyyətimiz islam ümmətinin gələcəyini xöşbəxt görmək, bu ümmətin sıxıntılarına çarə olmaq, onların islahı üçün çalışıb günahsız insanların, ana-bacıların, körpə uşaqların göz yaşlarının axmasına mane olmaq olmalıdır. Allah (c.c) ölkəmizi, ümmətimizi və qardaşlığımızı qorusun! Amin!
ŞƏRHLƏR