HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi q.s -2-
Xalid Bağdadi həzrətləri buyurur:
“Bütün fel və sözlərinizdə öz gücünüzdən və qüvvətinizdən vaz keçərək Allahın güc-qüdrətinə möhkəm sarılın”.[1]
Allah Rəsulu r İslamın küfrə qarşı ilk döyüşü olan Bədirdə iki ordunun qarşı-qarşıya gəldiyi əsnada yerdən bir ovuc torpaq götürüb düşmən tərəfinə atdı. Həmin torpaq düşmən səflərindəkilərin gözünə doldu. Nəticədə də məğlubiyyətlərinə səbəb oldu. Müsəlmanlar böyük zəfər qazandılar.
Orada Allah-Təala möminlərin qəlbində özlərini bəyənmə, qürur, təkəbbür və lovğalıq duyğuları baş qaldırmaması üçün belə buyurdu:
“(Ey möminlər! Bədirdə) onları siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi…” (əl-Ənfal, 17)
Yəni Həzrət Peyğəmbərin r və əshabının etdiyi sanki Haqq-Təalanın təqdirinin həyata keçməsinə vasitə olmaqdan ibarət idi.
Faili-mütləq Allahdır. Qul səbəblərə əl ataraq üzərinə düşən vəzifəni yerinə yetirmək və lazımi tədbirləri almaqla mükəlləfdir. Lakin nəticə Haqq-Təalanın təqdirinə bağlıdır.
Bütün səyləri göstərdikdən sonra müvəffəqiyyəti özündən deyil, Haqq-Təalanın lütfündən gözləmək mühüm bir qulluq ədəbidir. Qulun tədbiri yalnız ilahi təqdirə müvafiq gələrsə, nəticə hasil edə bilər. Əks halda bütün tədbirlər, plan və səylər boşa çıxar.
Qul aldığı tədbirin belə Allahın lütf etdiyi güc və imkanla mümkün olduğunu unutmamalıdır. Əslində bütün güc, qüvvət və qüdrət Allah-Təalanındır. Allahın insana bəxş etdiyi bu imkanlardan istifadə etmək də həmçinin onun izninə və ehsanına bağlıdır. Bu səbəblə hər bir işdə:
لَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِيِّ الْعَظِيمِ
“Əzim və Uca Allahdan başqa heç kəs (mütləq) güc və qüvvət sahibi deyil” şüuruyla onun nüsrət və yardımına sığınmalıyıq.
Mənəvi təkamül yolunda da hər şey Allahın sonsuz qüdrəti qarşısında qulun öz heçliyini dərk etməsindən sonra başlayar. Qəlb yalnız bu hikmətin təfəkküründə dərinləşdiyi nisbətdə özünü bütünlüklə Haqq-Təalanın lütflərinə qərq olmuş halda görər. Bunun nəticəsində də Hüdayi həzrətlərinin duasında olduğu kimi
“Alan sənsən, verən sənsən, qılan sən! Nə verdinsə odur, dəxi nəmiz var?!” hissiyyatı içində daima həmd, şükür və riza halına bürünər.
Məkkənin fəthi də Bədir döyüşü kimi insanların cəm halında İslama girməyə başladığı böyük zəfər idi. Həzrət Peyğəmbər r bu zəfərin də Allahın lütfü olduğu şüur və idrakı içində məğrur sərkərdə ədası ilə deyil, dəvəsinin üstündə başını əyərək sanki şükür səcdəsinə qapanmış halda təvazökarlıqla Məkkəyə girdi. Həmin an mübarək dilindən bu cümlələr eşidilirdi:
“Allahım! Əsas həyat, axirət həyatıdır”. (Buxari, Riqaq, 1)
Bununla məqsədlərinin torpaq və fani nemətlər əldə etmək olmadığını, qəlbləri fəth edərək axirəti qazanmaq olduğunu təlqin edirdi. Qəlblərdə ən kiçik nəfsani iftixar və dünyaya meyil baş qaldırmasına da mane olurdu.
Haqq-Təala da Məkkənin fəthindəki ilahi yardımını ifadə edən Nəsr surəsində belə buyurdu:
“(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (ən-Nəsr, 1-3)
Yəni quluna nemətləri lütf edən yalnız Allah-Təaladır. Ona görə də qulun borcu hər hansı bir nemətə qovuşduğu zaman gücü nisbətində Allaha həmd-səna etməkdir. Həmçinin ona nə qədər həmd-səna etsə də bunun kifayət olmadığı şüuruyla Rəbbindən əfv diləməli, xəta və qüsurları üçün tövbə etməlidir.
Fikirləşməliyik ki, Rəbbimiz bizim bildiyimiz və bilmədiyimiz saysız-hesabsız xəta və qəflətimizə baxmayaraq nemətlərini bizdən əsirgəmir. Layiq olmadığımız halda bizə olmazın ehsan və ikramlar edir. Elə isə Allaha həmd və şükrümüzə əlavə olaraq bu nöqsanlarımız üçün də daima istiğfar etməliyik.
Necə ki, Rəsulullah r “ismət” sifətinə sahib idi, yəni məsum idi. Onun bütün keçmiş və gələcək günahları bağışlanmışdı. Lakin buna baxmayaraq bir rəvayətə görə gündə yetmişdən çox[2], başqa bir rəvayətə görə isə gündə yüz dəfə[3] tövbə və istiğfar edirdi.
Uca Rəbbimiz bu xüsusda qəflətə düşməməmiz üçün ən çox sevdiyi qulu və Rəsulunun şəxsində bizə xəbərdarlıq etmişdir. Elə isə əsla heç birimizin qəlbində mənlik, qürur və təkəbbürə yer olmamalıdır.
Rəsulullah r heç vaxt nəfsani qürur və təkəbbürə qapılaraq “Mən” deməmişdir. Daima “Sənin lütfündür, ya Rəbbi!” hissiyatı ilə nemətlərin Allahdan olduğu idrakı içində idi. Həmçinin bu səbəblə Haqq-Təalanın ona lütf etdiyi müstəsna xislət və məziyyətləri ilahi nemət kimi görmək məcburiyyətində qaldığı üçün daima “lə fəxra / öyünmək yoxdur” ifadəsi ilə dilə gətirmişdir.
Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Peyğəmbər r bu həssaslığın digər təzahürü mahiyyətində dualarında:
“Ya Rəbbi, göz açıb-yumacaq qədər də olsa məni nəfsimlə baş-başa qoyma!” - buyurmuşdur. (Camius-Sağir, c. I, s. 58)
Əvvəllər bir çox dərgahın divarını mənəvi mesaj və xəbərdarlıqlar verən hüsnü-xətt lövhələri bəzəyərdi. Bunlardan biri də “heç” yazısı idi. Kamil insan olmaq yolundakı ilk addım insanın “heç”liyini idrak etməsidir. Xeyirlərə qovuşduracaq, şərlərdən qoruyacaq yeganə güc və qüdrətin Haqq-Təaladan olduğunu bilməsidir.
Şeyx Sədi belə deyir:
“İnsanlar ruzilərinə bağlandıqları qədər ruzini verən Haqq-Təalaya da bağlansaydılar, mələklərdən daha yüksək məqama yüksələrdilər”.
Yəni Haqq-Təalanın rizasına və yaxınlığına nail ola bilməyin yolu ruziyə deyil, Rəzzaqa, kainatda sərgilənən sənətə deyil, əsl sənətkara, əsərə deyil, əsərin sahibinə, səbəbə deyil, həqiqi səbəbkara yönəlmiş qəlbi səviyyəyə sahib olmaqdan keçir.
“Nəfsini tanıyan Rəbbini də tanıyar” kəlamında buyurulduğu kimi mömin heçlik və acizliyini idrak edib Haqq-Təalaya ram olmalıdır ki, “mükərrəm qul” vəsfini qazansın və cənnətə layiq olsun.
Unutmayaq ki, Allah-Təala “mən bacardım, mən qazandım, mən öz gücüm və elmimlə nail oldum” deyərək lovğalanan quluna həmin nemət əlindən çıxana qədər qəzəb edər.
Bunun tarixdə saysız-hesabsız misalları var:
İlahi imtahan məqsədi ilə əmanət verilən fani güc və qüdrətlərinə aldanaraq nəfslərini bütləşdirən Fironlar, Nəmrudlar, Əbrəhələr, Ad-Səmud qövmü və bənzərləri ilahi qəhrə düçar olaraq tarixin zibilliyinə gömüldülər.
Məsələn, Qarun əvvəllər saleh insan olsa da Haqq-Təalanın verdiyi nemətləri özündən bildi, həddi aşaraq təkəbbürə qapıldı. Allah da onu arxalandığı xəzinələri ilə birlikdə yerin dibinə batırdı.
1912-ci ildə Titanik adı verilən nəhəng gəmi ilk səfərinə çıxanda qürur və təkəbbür çılğınlığı ilə “heç bir güc bu gəmini batırmağa qadir deyil”,- demişdilər. Elə ilk səfərində gəmi aysberqə dəyərək okeanın dərinliklərinə batdı.
Həmçinin 1986-cı ildə kosmosa göndərilməyi planlaşdırılan Challanger adlandırılan, yəni “meydan oxuyan” mənasına gələn sputnik havaya buraxılandan 73 saniyə sonra göydə partlayaraq darmadağın oldu.
Xülasə, Haqq-Təalanın “kibriya” sifəti ilə yarışa girənin qəhri-ilahiyə düçar olması qaçınılmazdır.
Bunun əksinə, nemətlərin əsl sahibini tanıyaraq:
“Bu Rəbbimin lütfündəndir, çox şükür, Rəbbim nəsib etdi”,- deyənə isə Allah-Təala bu dünyada və axirətdə lütf və ehsanlarını artıracaqdır.
Yəni Allah-Təala təvazökar qullarını sevib ucaltdığı halda lovğa və təkəbbürlülərə qəzəblənərək onları zəlil edər.
Xalid Bağdadi həzrətləri buyurur:
“Bütün səylərini qəlbi və bədəni ibadətlərə yönəlt. Buna baxmayaraq özünü “heç bir xeyirli əməl işləyə bilməmiş zavallı” kimi gör. Çünki niyyət ibadətlərin ruhudur. İxlas olmadan da niyyət mümkün deyil. Hətta səndən daha böyük olanların (yəni peyğəmbər və övliyalar) ixlaslı olması şərtdirsə, sənə necə vacib olmasın?!
Allaha and içirəm ki, anam məni dünyaya gətirdiyi gündən bəri bircə dənə də olsun xeyirli əməl işlədiyimə inanmıram…
Əgər öz nəfsini bütün xeyirli işlərdə müflis halda görmürsənsə, bu, cəhalətin ən son nöqtəsidir. Özünü müflis görəndə də əsla Allahın rəhmətindən ümidini kəsmə. Çünki Allahın fəzl və ehsanı bəndə üçün bütün insanların və cinlərin əməlindən daha xeyirlidir”.[4]
Dualarımız kimi əməllərimiz də Haqq-Təalanın qəbuluna möhtacdır. Mömin belə bir qəlbi riqqətlə qulluğa davam etməlidir.
Uçurumun kənarında ikən atılan səhv addımın insanı həlaka sürükləməsi kimi Haqqa qulluğumuzda da ilahi qəzəbə səbəb ola biləcək ən kiçik yanlışlıqdan diqqətlə ehtiyat etməliyik. Çünki əhəmiyyət verilməyən elə hal və hərəkətlər var ki, ilahi qəzəbi cəlb edərək bütün əməllərin boşa çıxmasına səbəb ola bilər.
Ona görə də sanki minalanmış ərazidə gəzən adamın diqqət və həssaslığı ilə mənəvi həyatımızı qoruyub son nəfəsimizə qədər bu qəlbi ayıqlığı qorumalı və qulluğa davam etməliyik.
Mömin əmr olunduğu kimi qulluq mükəlləfiyyətlərini ən gözəl formada yerinə yetirsə belə, bu əməllərinin əbədi qurtuluş üçün əsla kifayət olmadığını bilməlidir. Əməllərinin qəbulu və Rəbbinin rəhmətinə nailiyyət üçün qorxu və ümid duyğuları arasında daima dua və yalvarış halında olmalıdır.
Necə ki, Allah-Təala ayeyi-kərimədə buyurur:
“(Ya Rəsulum!) De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” (Yunus, 58)
Əməllərimiz də ömrümüz boyu axirət üçün toplayıb yığdığımız azuqəmuz kimidir. Lakin onlar da Haqq-Təalanın qəbuluna möhtacdır. Əğər Rəbbimiz onları qəbul etməzsə, üstəlik həmin əməllərin savabını riya, ucüb, təkəbbür, həsəd kimi nəfsani xəstəliklərlə puç etmişiksə, dibi dəlik çuvalla dəyirmana buğda daşıyan qafildən fərqimiz qalmaz.
Ona görə saleh əməlləri işləmək qədər onları mühafizə etmək də hədsiz dərəcədə zəruridir.
Məsələn, əməllərinə baxaraq özünü başqalarından üstün görmək, yaxud:
“Bu insanlar mənim qədər əməl işləmir, Allah məni qoyub onları cənnətə qoyacaq?” kimi düşüncələrə qapılmaq, halını cəmiyyətin səviyyəsinə görə müqayisə edib özünü əbədi qurtuluş bəratını zəmanət altına almış kimi görmək yalnız qəlbdəki qəflətin açıq-aydın göstəricisidir.
Necə ki, Haqq dostları:
“İxlasda iddialı olmaq özü ixlassızlıqdır”, - buyurmuşlar. Çünki ixlas və təqva məsələsində ən böyük təhlükə qulun özünü ixlaslı və təqvalı görməsidir.
Rəsulullah r bu haldan çəkindirmək üçün belə xəbərdarlıq edir:
“Allah-Təala sizin surətinizə və mallarınıza baxmaz. Lakin sizin (ixlas və təqva baxımından) qəlblərinizə və əməllərinizə baxar”. (Müslim, Birr 34)
Həmçinin Peyğəmbərimiz r:
“Dinində ixlaslı ol! Belə olsan, az əməl belə sənin üçün kifayətdir”, - buyurmuşdur. (Hakim, Müstədrək, IV, 341)
Yəni əməllərimiz nə qədər çox olsa da, qəlbdə ixlas və təqva həssaslığı olmadıqdan sonra həmin əməllər çürük bina kimi ən kiçik sarsıntı ilə yerlə-yeksan olmağa məhkumdur.
Haqq-Təala öz dərgahında yalnız ixlaslı əməllərin qiymət ifadə etdiyinə işarə edərək ayeyi-kərimədə belə buyurur:
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur”. (əl-Mülk, 2)
Diqqət etsək görərik ki, Allah-Təala bu ayədə “اَكْثَرُ عَمَلًا” yox, “اَحْسَنُ عَمَلًا” buyurur. Yəni kimin “daha çox” əməl işləyəcəyinə yox, “daha gözəl” əməl işləyəcəyinə əhəmiyyət verdiyini bildirir. Deməli, Haqq qatında dəyərli olan bir əməlin miqdarından daha çox onun keyfiyyətidir. Qəlbi duyğularla və xüşu ilə yerinə yetirilən ixlaslı əməllər ilahi rəhmətə vəsilə olduğu halda, qəflətlə işlənən əməllər bunun ziddi ilə nəticələnə bilər.
Ayeyi-kərimədə də:
“Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər”. (əl-Maun, 4-5) buyurulur.
Xülasə, insanın əməli nə qədər olursa olsun, əbədi qurtuluşu üçün daima Allahın rəhmətinə möhtacdır. Əməllər əbədi qurtuluş üçün zəruridir, lakin təkbaşına kifayət etmir.
Peyğəmbərlərə baxdığımız zaman görürük ki, onlar Allahın seçilmiş qulları və dostlarıdır. Belə ola-ola onlar da əməllərinə arxalanmayıb, Allahdan əfv və mərhəmət diləmişdirlər.
Həzrət Adəm u:
“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” (əl-Əraf, 23) deyə dua etmişdir.
Həzrət Yunus u:
“Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, (özünə) zülm edənlərdən olmuşam” (əl-Ənbiya, 87) deyərək dua etmişdir.
Həzrət Yusif u çilələrlə dolu olan dünyadan səbir, mətanət, şükür və riza ilə keçməsinə baxmayaraq Haqq-Təaladan:
“Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusuf, 101) duasını etmişdir.
Həzrət İbrahim u malı, canı, övladı və bütün varlığıyla ən ağır imtahanlardan keçərək “Xəlilullah”, yəni Allahın dostu olduğu halda belə dua etmişdi:
“(İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!” (əş-Şuəra, 87) Bu halı ilə də Rəbbinin rəhməti təcəlli etməzsə, o boyda fədakarlıqlarının belə sadəcə bir “heç” hökmündə qalacağını təlqin etmişdir.
Allahın Həbibi, peyğəmbərlərin imamı və xatəmi olan Rəsuli-Əkrəm r də bir gün əshabına:
- “Orta yolu tutun və doğruluq üzrə olun. Heç birinizin əməli sayəsində qurtuluşa nail olacağını düşünməyin”, - buyurmuşdu.
Səhabələr:
- Siz də qurtula bilməzsinizmi, ey Allahın Rəsulu? – deyə heyrətlə soruşdular. Peyğəmbərimiz r:
- “ (Bəli) mən də qurtula bilmərəm. Yalnız Allah rəhmət və kərəmi ilə məni bağışlasa, o başqa!” – cavabını verdi. (Müslim, Münafiqin, 76, 78)[5]
Məhz bu hissiyyatla dərdli-dərdli inildəyən şair Füzuli də Haqq-Təalaya belə dua etmişdir:
Yox məndə bir əməl, sənə şayistə ah əgər
Ə’malimə görə verə ədlin cəza mənə...
Bununla Füzuli sanki belə deyirdi:
“Ya Rəbb, əgər əməllərimə baxıb mənə ədalətlə rəftar etsən, yəni mənə sadəcə etdiyimin və layiq olduğumun əvəzini versən, vay mənim halıma! Hansı qul sənə layiq əməl işləyə bildi ki? Ona görə də sənin ədalətinə deyil, mərhəmət və kərəminə sığınıram…”
Şeyx Sədi də nə görəl buyurur:
“Qulun edə biləcəyi ən yaxşı əməl Allaha qarşı nöqsanlarını bilib ondan əfv istəməsidir. Yoxsa Allahın ululuğuna layiq qulluğu heç kim edə bilməz.
Onun ululuq Kəbəsində özlərini ibadətə verənlər “Sənə layiqincə ibadət edə bilmədik”, - deyərək qüsurlarını etiraf edərlər. Onun kamal və camalını öyənlər “Ya Rəbb, səni layiqincə tanıya bilmədik”, - deyə heyrətdə qaldıqlarını dilə gətirərlər.”
Xalid Bağdadi həzrətləri buyurur:
“Ağılları şeytanın əlində oyuncaq olan adamlar kimi Allah-Təalanın fəzlinə güvənib ibadətləri tərk etmə!”[6]
Allahın rəhmətindən ümid kəsərək: “necə də olsa əməllərimiz bizi qurtarmaz, elə isə yorulmağa nə gərək var?” deyib ibadət və saleh əməlləri tərk etmək həm nəfsə rəvac verməkdir, həm də şeytanın tələsinə düşməkdir.
Allah-Təala bu haldan çəkinməyimiz üçün belə buyurur:
“Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!” (Loğman, 33)
Bəli, insanın əməlləri onu xilas etməyə yetməz. Lakin ibadət və saleh əməllərə cəhd etmədən ilahi rəhməti ümid etmək də boş yerə gözləməkdir.
Saleh əməllər ilahi rəhməti ümid etmək xüsusundakı səmimiyyətimizin şahidləridir. Yəni rəhməti ümid etmək yalnız saleh əməllərlə dəstəkləndiyi təqdirdə bir məna və dəyər ifadə edir.
Qüdsi hədisdə buyurulduğu kimi Allah-Təala:
“…Qulum ona fərz qıldığım əməllərdən daha sevimli heç nə ilə mənə yaxınlaşa bilməz. Qulum mənə (fərzlərdən əlavə işlədiyi) nafilə ibadətlərlə davamlı olaraq yaxınlaşarsa, nəhayət, mən onu sevərəm…” –buyurmaqdadır. (Buxari, Riqaq, 38)
Deməli, saleh əməllər ilahi rəhmət və məhəbbətin ən böyük vəsiləsi mövqeyindədir. Onu da unutmayaq ki, “şeytan daşlamaq” sadəcə həcc ibadətinə məxsus deyil. Həyatımızın hər anında şeytanı daşlamalıyıq. Həyatımızı ibadət və saleh əməllərlə bəzəmək də bizi onlardan uzaqlaşdırmağa çalışan şeytanı daşlamaqdır. Bu xüsusda səhlənkarlıq və qəflətə yol versək, -Allah qorusun- şeytan bizi daşlamağa başlayar.
Allah-Təala niyyət və əməllərimizi rizası ilə birləşdirsin. Xəta, qüsur və eyiblərimizi “Səttar” isminin hörmətinə gizləyib biz aciz qullarını lütf və kərəmi ilə rəhmət və məğfirətinə nail eyləsin.
Amin!..
ŞƏRHLƏR