Ən böyük məktəb - Həcc-
Əbu Hüreyrədən (r.a) rəvayət edilən bir hədisi-şərifdə Hz. Peyğəmbərə (s.ə.s):
“-Əməllərin hansı daha fəzilətlidir?”,- deyə soruşulduqda: “Allaha və Rəsuluna iman etməkdir”,- buyurmuşdu.
“-Sonra hansıdır?”, - deyə soruşulan suala da: “Allah yolunda cihad etməkdir”,- deyə cavab vermişdi.
“-Daha sonra hansıdır?”,- deyə soruşulduqda isə: “Qəbul olunmuş həccdir”,- buyurmuşdu. (Buxari, Həcc, 4; İman, 18; Müslim, İman, 135.)
Bütün məxluqatın Rəbbinə iman etməsinin praktik yansıması olan ibadətlərdən məqsəd hər şeydən əvvəl Yaradana ehtiram və təşəkkür, yaradılanlara isə sevgi və mərhəmət duyğuları bəsləməkdir. İbadətlər, ilahi rizanın yanında həm fərdi həm də cəmiyyəti sosial və psixoloji cəhətdən rahatlıq və sükunətə qovuşdurma məqsədi daşıyır. Bundan əlavə Allah ilə bəndə arasındakı əlaqəni qüvvətləndirərkən hikmət yönü ilə də ruh və bədən arasında dayanışmanı sağlamlaşdıran başlıca amildir.
İbadətlər arasında çoxşaxəli bir mahiyyətə malik olan həccin maddi və mənəvi, dünyəvi və üxrəvi, fərdi və ictimai cəhətləri vardır. Həcc ibadətinin insanı tərbiyələndirmə və formalaşdırma cəhəti ən vacib funksiyası kimi qarşımıza çıxır. İctimai və millətlərarası miqyasda ən canlı tərbiyə metodlarının tətbiq edilərək təzahür edildiyi bir ibadət növüdür həcc.
Qlobal bir təlim-tərbiyə mərkəzi olan həcc məktəbində verilən əsas dərs və nail olmaq üçün seçilən əsas hədəf, maddi və mənəvi kirlərdən təmizlənmək və Allaha olan sevgi və ehtiramın zirvə nöqtəsi olan “təqva” keyfiyyətinə qovuşmaqdır. Bu keyfiyyətə nail olmanın yeganə yolu nəfsani niyyət və duyğulardan uzaq durmaq, hər cür günaha düşməkdən özünü qorumaq və insanlarla yaxşı keçinərək onlarla münaqişə etməməkdir. Bunun üçün də insanın səbirli və təmkinli olması əsas şərtdir. İllər boyu günah bataqlığında çabalayan insanın, yeni doğulmuş kimi tərtəmiz olması və paklanması...Məhz bu müjdəni peyğəmbərimiz Hz. Muhamməd Mustafa (s.ə.s) ümmətinə vermişdir: “Pis söz söyləmədən və böyük günah işləmədən həccini tamamlayan müsəlman, anasından doğulduğu gündəki kimi günahsız və pak şəkildə evinə dönər”. (Buxari, Həcc 4)
Həcc, iradə təliminin keçildiyi və tətbiq edildiyi bir məktəbdir eyni zamanda. İnsan övladı bu təlimin zirvəsinə, ona normal şərtlərdə halal olan şeyləri müvəqqəti olaraq qadağan edən ehram libasını geyinməklə çıxmağa başlayır. Bitki və heyvanat daxil olmaqla canlı-cansız yaradılmış olan bütün varlıqlara qarşı mərhəmət sahibi olmaq, onlara zərər verməmək və onları incitməmək onun vəzifələrindəndir. Onlara qarşı Xaliqin nəzəri ilə baxmağı öyrənməli, ehramlı ikən tətbiq etdiyi bu prinsipləri geri döndükdən sonra da davam etməyi bacarmalıdır. Məhz o zaman bu ziyarətin məqsədi hasil olar və bu məktəbdə keçdiyi təlimlərin onun fərdi və ictimai həyatında təsiri olar. Ehram libasını geyinmək, hər şeydən əl çəkməyin bir ifadəsidir. Varlıq içərisində yox olmağı təmsil edər. Sahib olduğun bütün dünyəvi nemətlər, kəfəni xatıraladan bu libası geyindikdən sonra hər şey sənin üçün “heç”dən ibarətdir. Bu “heçliyi” qəbul etmək də gülcü bir iradə ilə mümkündür.
Bu məktəbin öyrətdiyi ən əsas dəyərlərdən biri də səbir təlimidir. Məşəqqətli bir ibadət olan həcc insana hər cür çətinliyə qarşı dayanma, tab gətirmə gücü qazandırır. Həcc üçün mübarək qılınmış bölgələri ziyarətə gedən müsəlmanlar səbir, sıxıntılara dözmək, sinə gərə bilmək, izdihamlı qruplarla eyni anda hərəkət edərək eyni şeyləri tətbiq edə bilmək, yardımlaşma, dayanışma və müəyyən qaydaları öyrənərək tətbiq edə bilmə vərdişləri qazanırlar.
“Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbirli, daha dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-olmadığını bilək)”. (əl-Furqan, 25/20)
Səbrin təlimi və davamlı olmasını təmin etmək həqiqətən də çətin işlərdən sayılır ki, həcc ziyarətində bunu bacara bilməklə bir çox keyfiyyətləri buna paralel olaraq qazanmaq mümkün olar.
Həccə niyyət edən bir şəxsin hər zamankindən daha çox xoşgörülü olması, yoldaşlarını incidici və rəncidə edici söz və hərəkətlərdən uzaq durması vacibdir. İnsan incidilməyəcək qədər dəyərlidir. Allah ona elə xüsusiyyətlər bəxş etmişdir ki, bu dəyərlərə nə olursa olsun riayət edilməsi hər bir möminin vəzifəsidir. Hz. Ömərin oğlu Abdullah nəql edir ki, Allah Rəsulunu Kəbəni tavaf edərkən gördüm. Belə deyirdi :
“Ey Kəbə! Sən nə gözəlsən, ətrin nə xoşdur. Sən nə qədər ucasan, nə qədər də hörmətə layiqsən! Muhammədin həyatı əlində olan Allaha and olsun ki Allah qatında möminin dəyəri sənin etibarından daha da böyükdür. Onun canına, malına ehtiram göstərmək lazım gəldiyi kimi, onun haqqında da sadəcə yaxşı şeylər düşünmək lazımdır”. (İbn Macə, hədis no 3932)
Yerin və göylərin, bütün kainatın xaliqi Uca Allah hər bir şeyi insan mərkəzli təşkil etmiş, ona ən yüksək dəyəri vermişdir. Çünkü imtahana tabe olan yalnız odur. Heç bir canlı varlığın malik olmadığı ağıl neməti yalnız ona bəxş edilmişdir. Bu isə ən böyük məsuliyyətin də məhz onun üzərinə düşdüyünü göstərir. Odur ki, Allah qarşısında insan, Allahın əmr və qadağalarına riayəti hər şeydən əvvəl diqqətə almalı və bunu həyatının vazkeçilməz bir parçası halına gətirməlidir. Bu təlimlərin bir çoxunu da məhz həcc ibadətində görmək mümkündür...
ŞƏRHLƏR