Kainatın yaradılışı
Məlumunuz olduğu üzrə bu rubrikamızın mövzusunu təşkil edən ayələrin əsasən dünyəvi elmlərlə əlaqəli olacağını nəzərə alaraq bir məsələyə toxunmaq yerində olacaq, O da Qurani-Kərimdə dünyəvi elmlərlə əlaqəli ayələrin olmasının Qurani-Kərimin tamamilə bir elmi kitab olduğu mənasını daşımamasıdır. Çünkü Qurani Kərimin endirilişindəki əsas məqsəd insanları həm bu dünyada, həm də axirətdə məsud edəcək doğru yolun rəhbərliyini etməkdir.
Ancaq bütün bunlarla bərabər hər dövrün insanının problemini həlledəcək bir xüsusiyyətə malik olan Qurani-Kərim təbii olaraq insanların mənafeyinə olan dünyəvi elmlərə də işıq tutmuş, insanları bu yönə doğru təşviq edərək onların inkışafına təkan vermişdir. Qurani-Kərimin bir çox ayəsində “düşünmürlərmi?”, “baxmırlarmı?” “görmürlərmi?”buyurulması ilə insanların diqqətini kainatda var olan nizam intizama çəkərək Allahın varlığına dəlil göstərməklə yanaşı, eyni zamanda onların tədqiq edilməsinə də sövq etməkdədir.
Qurani-Kərimdə aləmin yaradılışı, günəşin, ayın müəyyən bir nizam içərisində hərəkət etməsi, ay və günlərin təsbit edilməsi üçün ayın önəmindən bəhs edən bir çox ayələr mövcuddur. Bu ayələr son zamanlara qədər yalnız etiqadi məsələlər olaraq görülmüşdür. Ancaq daha sonra bu kimi ayələr bir çox elmi tədqiqatın mövzusu olmuş, bu sahədə baş verən ixtiralarla Qurani-Kərimin verdiyi məlumatlar nəinki elmlə təzad təşkil etmiş, əksinə, onu təsdiq etmişdir.
Bu kimi mövzulardan biri də kainatın yaradılışıyla bağlı ayələrdir. Əsrimizdə bəzi astrofizika alimləri əldə etdikləri bilgilərlə kainatın yaradılışıyla bağlı bəzi elmi nəzəriyyələr irəlisürmüşdürlər. Bunlardan Corc Qamovun fərziyyəsi ilə Qurani-Kərimin ayəsi bir-biriylə uyğunluq təşkil edir. Onun fikrinə görə, məkanda əvvəlcə qazlardan ibarət çox böyük buludlar kütləsi vardı. Bu qaz buludları sabit dayanmayaraq fırlandıqlarına görə cazibə qüvvəsinin təsiriylə parçalanmışdır. Parçalanan bölümlər də yenə cazibənin təsiriylə get-gedə bir araya gələrək sıxılmış, sıxılan bu fırlanan cisimlər kürəyə yaxın şəkillər almışdır. Sıxılmanın artması ilə daxildə olan temperatur da artmış, nəticədə mərkəzdə olan hidrogen heliuma çevrilmiş və işıq, isti verməyəbaşlamışdır.
Corc Qamovun kainat yaradılmadan əvvəl məkanda qaz buludu olduğunu ifadə edən fərziyyəsi Fussilət surəsinin 11-ci ayəsinə uyğun gəlir:
“Sonra Allah tüstü (qaz yığını) halında olan göyə üz tutdu. Ona (göyə) və yerə belə buyurdu: “İstəsənizdə istəməsənizdə vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər.”
Ayədə keçən “düxan” sözü lüğətdə “tüstü” mənasına gəlir. Yəni müasir elm dilində desək “hidrogen qazı” mənasını daşıyır ki, bunun da kainatın başlanğıcını təşkil edən maddə olduğu anlaşılır.
Yenə Corc Qamovun ifadə etdiyi bu qaz buludunun parçalanması hadisəsi də əl-Ənbiya surəsinin 30-cu ayəsi ilə uyğunluq təşkil edir:
“Məgər inkar edənlər göy ilə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilməzlərmi?! Yenə də iman etməzlərmi?”
Ayədə keçən iki kəlməyə diqqət yetirmək lazımdır. Bunlardan birincisi “bitişik” mənasına gələn “ər-Ratq” kəlməsi, digəri də bunun tam ziddi olan “yarmaq, bir bütünü parçalamaq, ayırmaq” mənasını daşıyan “əl-Fətq” sözüdür.
Görüldüyü kimi yuxarıdakı ayədə kainatın əvvəl bitişik olub sonradan bir-birindən ayrıldığı ifadə edilir.
Bu hadisələr bizə göstərir ki, hələ XX əsrin sonlarında kəşfi mümkün olan bu məlumatlar, oxumaq-yazmaq bilməyən biri tərəfindən üstəlik 1400 il bundan əvvəl qətiyyən bilinə bilməzdi. Bu, ancaq ilahi vəhylə bildirilə bilərdi. Bu hadisələr bir daha sübut edir ki, Qurani-Kərim əsrlər keçməsinə baxmayaraq bütün elmlərin önündə gedərək bəşəriyyətə öz töhfəsini verməyə davam edir. Və əlbəttə ki, bütün bunlar insanların dünya və axirət səadətinə xidmət etməkdədir.
ŞƏRHLƏR