Tanrı dərgahında
“... şairliyi Allah sevgisi olan, misraları xalqın arzu və istəklərindən süzülüb gələn, mənəvi dəyərlərimizi qəlbinin qanıyla yazıya köçürən” görkəmli şair, dramaturq, ictimai xadim Hidayət Orucovun ecazkar söz sənəti haqqında bu səmimi etiraf söz sərrafı Məmməd Aslanındır. Müəllifin “torpaqdan göyərən misralar”ını, eləcə də soydaşlarımızın tarixini yaddaşlara köçürən xatirələrini vərəqlədikcə ürəyimdən keçənləri qələmə almaq istədim.
“Ömrümün çəhlimləri” adlı seçilmiş şeirlər kitabını, “Burdan min atlı keçdi” xatirələr nəşrini vərəqlədikcə vətəndaş vicdanının səsi ilə yazılmış poetik misralar və tarixi, publisist təsvir məqamlarının burulğanında bir rahatlıq tapdım.
Müəllifin “Burdan min atlı keçdi” kitabına daxil etdiyi “Həsən Səfərov (1930-1983) və ya daha bir qurban” adlı xatirəsində 1962-1982-ci illərdə Qərbi Azərbaycanda Respublika Ali məhkəməsinin üzvü olan, 4 dəfə dalbadal bu vəzifəyə seçilən Həsən müəllim haqqında maraqlı bir məqam yaddaşıma həkk oldu. Yazı qəhrəmanının dilindən eşitdiyi mənalı yaşam fəlsəfəsi Şeyx Nəcməddinin sadə örnək timsalında təqdim olunmuşdur:
“- Şeyxin xanəgahına gələn-gedən çox olarmış, yolu düşən qonaqlar gecə arxayın-arxayın yatar, yuxuya gedərmişlər. Şeyx isə səhərəcən yatmaz, onların çirklənmiş, toz basmış paltarlarını öz əli ilə tərtəmiz yuyub-qurudar, yuxudan oyananda qonaqlara təqdim edib gülə-gülə yola salarmış. O qonaqlardan heç birinin adı tarixə bəlli deyil, minmi, on minmi müsafir gəlib-gedib bu xanəgaha, kim bilir? Amma Şeyx Nəcməddinin adı yadda qalan olub...”
Həsən Səfərov, Qəşəm Aslanov, Mehdi Həsənov kimi onlarca, yüzlərcə insanlar gözəl, xeyirxah, saleh əməlləri ilə yaddaş tarixində dillər əzbəri olub unudulmayıblar.
Bir səmimi etirafımı bu yazıya əlavə etmək istədim. Hidayət müəllim özü də həyatı və yaradıcılığı haqqında xatirələrini yazdığı həmin o insanların bariz davamçılarından biridir. Ötən əsrin 80-ci illərində onun İrəvandan Bakıya gəlişini, “Gənclik” nəşriyyatında məsul vəzifəyə təyin olunduğunu xatırlayıram. Kitablarının nəşr olunması ilə “süründürməçilik” girdabında ümidini itirən neçə-neçə yazarın gözünə elə bil təzə çıxan günəşin işığı düşmüşdü. Nəşriyyatın küncündə toz basmış kitabların nəşri o illərdə mənə nağıl kimi görünürdü. Bəzən fikirləşirəm ki, söz-sənət, ədəbiyyat yolunun kamillik zirvəsində dayanan adamların dövlət məmuru kimi çalışması dövlətçiliyin ən gözəl siyasətidir. Ona görə ki, onlar sadə insanların hər hansı problemini özününkü bilib onun həlli yollarını axtarıb tapmağı, insanlara daha yaxın həmdəm olmağı bacarırlar.
Xeyirxah, xoşsifət insan görəndə
Fərəh yığnağıyam, şeriyyətəm mən
– beytində şairin poetik dünyasının və şair məninin məna, fikir yükü onun ürəklərə gətirdiyi xoşməramın açıq etirafıdır.
Bu dünyada özü kimi saf, xoşməramlı insanların sorağında olan şairin ömür mükafatı elə Allahın ona bəxş etdiyi yazıb yaratmaq sevgisidir.
İnsan çox yaşasa – doxsan il, yüz il...
(İllər dahinin də belini əyir).
Sevginin ömrüsə illərlə deyil,
Tarixin yaşıyla ölçülməlidir.
Sözün cilvəsində şair sevgisinin tarixin özü qədər qədimlərdən gələn sədası təbii və yeni görünür. Bu kimi şeirlər fəlsəfi fikir biçimində oxucu ürəyində xoş duyğular yaradır.
Onun “Doxsan birinci il” adlı şerinin son bəndində şair Məmməd Aslan demişkən “torpaqdan göyərən misralar”ın birbaşa oxucu yaddaşına həkk olan cazibəsi vardır:
Tanrı! Dərgahında bir misra olum,
Könül! Allahından sən hünər istə!
Saçım da qalmadı, bir əlçim yolum,
Səpim Şəhidlərin məzarı üstə.
İllər tələsə-tələsə ömrümüzdən yarpaq kimi tökülüb tarixin bir küncünə düşür. Və indi 2009-cu ilin tarixi yaddaşında cilvələnən mübarək Ramazan ayında Hidayət Orucovun sənət dünyası haqqında səmimi duyğuların xoş ovqatındayam.
Onun qulağımda cingildəyən düz 30 il əvvəl – 1979-cu ildə ürəyindən qopan bir beytini xatırlatmaq fikrinə düşdüm:
Dünyada kişitək yaşaya bilsə,
Məzardan sonra da yaşayar insan.
İlahi eşqin qanadlarında uca Allahımızın Türk övladına bəxş etdiyi bir ömrün yazılarına nəzər salanda Türk bədii sənətinin, poeziyasının varlığına heyrət və heyranlığımı ifadə etmək istədim.
“Burdan min atlı keçdi” adlı klassik, tarixi-publisistik xatirələr kitabı Hidayət Orucovun vicdanının hökmü ilə yazdığı gözəl bir toplu kimi dəyərləndirilməlidir. Tariximizin, torpağımızın ayrılmaz bir parçası kimi indi ürəyimizin göynərtisinə çevrilən qədim Qərbi Azərbaycanın unudulmaz günləri və tarixi yaddaşı haqqında bir xatırlamadır bu kitab. “... hərə öz atını minib getdi və o kainatda elə portretlər, elə cizgilər, elə epizodlar gördüm ki... onlar yalnız mənim xəyalımda, yaddaşımda yaşamalı deyil, oxucu yaddaşına köçürülməlidir. Və onları mən yazmasaydım, bəs kim yazacaqdı?” yazan müəllifin xatirələr toplusunun içindən boylanan min birinci atlı mənə kitab müəllifinin özü olduğunu xatırlatdı.
Təkəm seyrək Hidayət müəllimi görəndə, ya da kitablarını vərəqləyib oxuyanda elə bilirəm ki, uşaq vaxtı nağıllarda oxuduğum bir atlı həmişə Allah sevgisi ilə bizi doğma yurd yerlərinə çəkib aparmağa həyanımız olacaqdır.
“... Ancaq haçansa o torpaqlarımıza qayıdacağıq! Mən bunu inamla deyirəm, - bizim xalqımız heç vaxt qonşu ərazisinə, yad torpağına göz dikməyib, amma vaxtilə itirdiyi ana torpağını haçansa özünə qaytarıb”. Türk övladlarının öz doğma və qədim torpaqlarından didərginliyi və onların çəkdiyi məhrumiyyətləri müəllifin kitabının heç vaxt unudulmayan həqiqətləri olduğuna şəkk-şübhə etməyənlər doğma torpaqlara qayıdışın qətiliyinə, onun çin olacağına inanırlar.
1963-cü ildə “Nəyin var?” ilk şeri ilə ədəbiyyat aləminə gələn Hidayət müəllim sonralar bir sıra klassik, müasir yazıçı, şairlərin əsərlərini sevə-sevə dilimizə tərcümə etmişdir. İngilis intibah ədəbiyyatının tanınmış şairi və dramaturqu Vilyam Şekspirin “Yaxşı qurtaran iş yaxşıdır” pyesinin dilimizə tərcüməsi onun sənət düşüncəsinin və böyük zəhmətinin uğuru olmuşdur. İrəvan Azərbaycan Teatrında dəfələrlə tamaşaya qoyulan bu pyesin Qərbi Azərbaycanın mədəni həyatında yeni hadisə kimi dəyərləndirilməsi o dövrdə xəyanətkar erməni qonşularımızın ürəyincə olmamışdı. Ona görə ki, eyni adlı əsərin erməni dilinə tərcüməsi və tamaşası Azərbaycan teatrının sənət uğurundan çox-çox uzaqlarda dayanmışdı.
Amerikanın məşhur qadın yazıçısı Harriet Biçer Stounun bu ölkədə quldarlığın dəhşət və vəhşiliklərinin ilk dəfə ədəbiyyatda gözəl təsvirini verən “Tom dayının koması” romanının Azərbaycan türkcəsinə tərcüməsi də Hidayət müəllimin mütərcimlik fəaliyyətinin sənət uğurlarından birinə çevrildi.
Bir vaxtlar “Tanrı dərgahında bir misra” olmaq arzusunda, məramında olan, öz imzasını sadəcə Hidayət kimi tanıdan Hidayət Orucovun həyat yolu və yaradıcılığı mənə dağların döşündə könül oxşayan, cazibədar bir talanı xatırlatdı. Bu, sevən və sevilən bir sənət yolçusunun könüllərdə yaratdığı dastanın sanki bənzərsiz görüntüsüdür.
ŞƏRHLƏR