BAYRAM

BAYRAM

Bu həyatın başlanğıc və son nöqtələri arasında sevinc və kədər əlamətləri bir-birini təqib edir. Buna görə bir xalq məsəlində:

Gаh sеvinc, gаh kədər,

Bеlə gəlmiş, bеlə gеdər!..

deyilir. İnsan həyatına təsir edən sevinc anlarından biri də bayramlardır.

Bayramlar insan fitrətindəki dostluq və qohumluq duyğularını gücləndirir, şəfqət, mərhəmət, vəfa və xeyirxahlıq hissini coşdurur. Dolayısı ilə ən gözəl bayramın yaşanması dost və qohumluq bağlarını gücləndirərək könlümüzün yoxsul, qərib, kimsəsiz, yetim, dul könüllərə uzanması ilə mümkündür. Dostlarına, yaxınlarına, iztirab çəkənlərə və kənarda qalmış qardaşına arxa çevirənlər bayram sevinci və həzzi yaşaya bilməzlər. Çünki bayramlar iman qardaşlığının həqiqi təzahür səhnələridir. Ölümdən sonrakı sevincli günlərə bir rəhmət məşəlidir.

Elə isə ehtiyac sahiblərini sevindirərək həqiqi bayramı dərk etməliyik. Belə bayramlar bəndəyə həm də başqalarını sevindirməyin həzzini yaşadır.

Çünki bayramlar fərdin deyil, cəmiyyətin mənəvi sevinci, bu həyəcanın bölüşdürülməsi, könül iqliminə girmə, bütün müsəlmanları könüldən qardaş hiss etməkdir.

Görəsən, bayramlarda qanadı qırıq quş kimi aciz, bədbin və kədərli insanlara nə verə bilirik?

Bilməliyik ki, bayram tətil və ya fərdi sevinc vasitəsi deyil, ömumi bir məhəbbət, şəfqət və mərhəmətin, insani duyğuların ictimai parıltılarıdır.

Həqiqi bayram böyük rəhmət və bağışlanma, sonsuz bir əfvə səbəb olan müsəlmanların dərin iman həyəcanı içində bir-birinə qaynayıb-qarışdığı möhtəşəm xatirələrlə dolu mübarək bir gün olmalıdır.

Bayram böyük-kiçik, xəstə-sağlam, zəngin və fəqirin müştərək sevinc günüdür. Onların hamısının xoşnud olması bayramların həqiqi mənasını yaşamaqla mümkündür. Bu mənada, bayram Yaradan üçün bütün məxluqata sevgi, şəfqət, nəzakət və müavinət vasitəsi olmalıdır.

Bayrama məzlumların, kimsəsizlərin və yoxsulların könlünü almaqla başlanmalıdır. Hədisi-şərifdə göstərildiyi kimi, ilk bayramlaşma ən çox yardım və şəfqətə ehtiyacı olan dünyadan köçənlərimizin məzarlarını ziyarətlə başlamalıdır. Bu hal ölülərlə dirilərin həsrətini yüngülləşdirir. Fatihələr və sədəqələr ikram edərək dünyadan köçənlərə vəfa borcunun ifadəsidir. Özünün də bir gün ziyarətinə getdiyi ölülərin halına düşəcəyini xatırlayaraq həyatını bu cür şüur və idrakın tələbində yenidən tənzimləməyin vasitəsidir. Rəsulullah (s.ə.s) səhabələrdən tez-tez soruşardı:

“Əshabım! Bu gün bir yetim başı oxşadınızmı? Bir xəstə ziyarətində və bir yas mərasimində iştirak etdinizmi?”

Bu düstura xüsusilə bayramlarda daha çox diqqət etməliyik.

Uşaqlarımız bizim gələcəyimizdir. Bayramlarda onlarla yaxından münasibətimiz gələcəyin sağlam olmasının əsasını qoyur.

 Həqiqi bayram əzəllə əbədiyyət arasında ruhun qürbət diyarı olan bu dünyada yaşanan bir qulluq və təqva imtahanından sonra Rəbbin lütf etdiyi mübarək sevinc günüdür.

Fani günləri bayram edən hikmət və sirr iman və onun həyəcanını yaşamaq, lazımınca yerinə yetirmək duyğusudur. İbadət, təkbir, zikr və ictimai yardımlar, xüsusilə qərib birinə uzanan könüllərlə bəzənən bayram günü ölümdən sonrakı sevincli günlərə bir rəhmət misalıdır.

Başqa cür desək, bayram Ramazanın qiymətini layiqincə dərk edənlər, bu feyzli bərəkət mövsümünü Haqqın əmrlərinə uyğun yaşayanlar, əbədi ləzzətləri üstün tutanlar və axirət sevincini dünya zövq və səfasına dəyişənlər üçün Rəbbin ilahi bir ziyafət günüdür.

Bu yöndən düşündükdə bayram mənəvi bir zəfərin qeyd olunmasıdır. İlahi bir qazancın ictimai sevincinin yaşanmasıdır. Beləliklə, bayram fərdin deyil, hamının sevincidir. Böyük bir şükür nişanəsi olan bayram namazı da fərdi olaraq deyil, camaatla qılınır. Möminlər bayramda dini hissləri və məhəbbətləri ölçüsündə feyz alır, nuranilik qazanırlar.

Digər tərəfdən, dünya həyatının qısa bir Ramazan mövsümü, bayramının da riza və səadət təzahürləri ilə açılacaq bir axirət günü olduğunu unutmamaq lazımdır. Bundan başqa, qəlbini hər an “Qədr gecəsi” feyziylə dolduranlar var ki, onların yaşadığı ilahi zövqü sözlə ifadə etmək mümkün deyildir.

Qəlbin “səlim” sifətini qazana bilməsi üçön dünyadakı fürsətlərin ən vacibi də, ümumi mənada bir həzz, sevinc və mərhəmət yeri olan bayramları layiqincə idrak və bu idrakın zəruriliyinə görə qeyd edə bilməkdir.

Bəhlul Danəndə həzrətləri bayramın gözəlliyi haqqında belə deyir:

“Bayram yeni libaslar geyinmək üçün deyil, ilahi əzabdan azad olaraq əmin-amanlıq təmin edən mərhəmət təzahürlərinin həyata keçməsi üçündür.”

Bayram göчəl miniklərə minmək üçün deyil, xəta və günahları təmizləyərək nəfsi saflaşdırmaq və beləcə, Allaha yaxınlaşdıracaq sağlam bir qəlbə sahib olmaq üçündür.”

Bunun üçün bayramın əsl mənası hər fərddə onun könlünə görə meydana çıxar. Könül nə qədər mərhəmət, məhəbbət və sevinclə doludursa, bayram da o qədər böyük və möhtəşəm olar.

O şəxslər xoşbəxtdir ki, məzlumların sevinci onların üzünü işıqlandırır.

O möminlər də xoşbəxtdir ki, bayramın gözəlliklərinə qoşularaq ümməti bağrına basıb qucaqlayırlar!..

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz