Steynbekin sufi baxışları və Azərbaycan Türk ədəbiyyatı
XX əsr Amerika ədəbiyyatının görkəmli nümayəndələrindən biri Con Steynbek (John Ernst Steynbek, 1902-1968) 1962-ci ildə “Həyəcanlarımızın qışı” və “Çarli ilə səyahət” romanlarına görə Nobel mükafatına layiq görüləndə onun yazar şan-şöhrəti öz ölkəsində artıq öləzimişdi. Lakin onun dünyanın ən böyük mükafatını alması ədəbiyyat sahəsində böyük xidmətinə verilən düzgün qiymətin təzahürü idi. Böyük günahlarımızı və kədərimizi qələmə almaq yazarın borcudur. Axı yazar bunun üçün məsuliyyət daşıyır. Bundan əlavə bəşər oğlunun gücünü qüdrətini, onun qəlbinin, ruhunun böyüklüyünü puça çıxmış ümidinin cəsarət, mərhəmət və sevgi uğrundakı fədakarlığını göstərmək, vəsf etmək yazara həvalə olunmuşdur.
Son dövr Azərbaycan ədəbiyyatşünaslığında tanınmış ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayevin qeyd etdiyi kimi “Con Steynbekin romanlarında, xüsusən də “Qəzəb salxımı”nda təqdim etdiyi fəlsəfi fikirlərində, simvollarda sufilikdən qədərincə bəhrələndiyi ilk dəfə məhz Müşfiq Babayev tərəfindən üzə çıxarılmışdır”
Onu da unutmaq olmaz ki, Amerika ədəbiyyatında sufi ideyalarının yayılması görkəmli Amerika filosofu və şairi R.V. Emersonun (1803-1882) adı ilə bağlıdır. Və Azərbaycan Türk tədqiqatçısı M. Babayevin bu haqda aşağıdakı qənaəti xüsusilə maraqlıdır: “R.V. Emersonun sufi əsərlərə rəğbəti Amerikada bu ideyaların yayılmasına rəvac vermişdir. Amerika poeziyasında ən gözəl şeirlərini ilahi varlığa, Allaha həsr edən, sufiliyin yorulmaz təbliğatçısı R.V. Emersonun “Park” adlı şeirinin bir bəndinin poetik tərcüməsində bunu aydınlığı ilə görmək mümkündür:
Tanrıdan ayrıla bilmirəm düzü,
O mənim qəlbimə hakim kəsilib.
Əksimə baxıram durub güzgüdə,
Gözümdən boylanır onun gözləri.
Xristian dünyasında, uzaq Amerikada R.V. Emerson kimi Con Steynbek də sufi baxışlarını nəsrlərə yazdığı əsərlərdə özünəməxsus yazıçı təhkiyəsi ilə qələmə almışdır.
“Con Steynbek yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə” adlı çox dəyərli kitabını nəşr etdirən Müşfiq Babayevin araşdırması ciddi elmi axtarışların məcmusu kimi diqqəti cəlb edir. Müəllif haqlı olaraq belə bir mühakiməni irəli sürür: “Con Steynbek və onun dünya görüşünə mühüm təsir göstərmiş sufilik XX əsr Amerika ədəbiyyatına yeni bir rəng gətirmiş, yazıçının nəsr yaradıcılığının inkişafına, onun humanist fikirlərinin təşəkkülünə səbəb olmuşdur.”
Ortaya belə bir sual çıxır. Bəs Steynbekin sufi baxışları necə yaranmışdır? Bu haqda kitab müəllifi yazır” Con Steynbek sufi filosofların əsərləri ilə tanış olmasa da, xristian dünyasında sufi baxışları sistemli olaraq ifadə etmiş San Juan De Kruzun (məşhur ispan filosofu və şairi – E.Ə.) yaradıcılığına yaxından bələd olmuşdur.”
Lakin bu sıraya digər tanınmış yazıçı və alimlərin adlarını və əsərlərini də əlavə etmək olar. Sufi ideyalarını məşhur sələfi Emersondan, eləcə də islam dininə, Şərq xalqlarının tarixinə və psixologiyasına yaxından bələd olan Avropanın tanınmış psixoloqu Kral Qustan Yunq (1875-1961), mifoloq alim Jozef Kempb Elin (1904-1987) tədqiqatları ilə tanışlıq onun yaradıcılığına sufi baxışların nə dərəcədə təsir etdiyini bir daha təsdiq edə bilər.
“Aparılmış tədqiqatlar sübut edir ki, sufilik və şərqdəki panteist fikirlərin “marşrutu” Amerikaya Avropadan keçmişdir.” Yazan kitab müəllifi Rolf Valdo Emersonun ardıcılları və məsləkdaşları Vilyam Ronnsvil Alger və Ceyms Frimən Klarkin Şərq ədəbi mühitinə yaxından bələd olduğunu göstərmişdir. Və belə bir məntiqi nəticəyə gəlmişdir ki, onlar öz dövrünün ümumi mənzərəsinə qiymət vermək üçün sufilikdən bəhrələnməyi məqsədəuyğun hesab etmişlər. Və adı yuxarıda qeyd olunan V.R. Alger və C.F. Klark 19-cu yüzilliyin ortalarından başlayaraq Devid Şea və Antoni Troyerin fransızcaya çevirdiyi “Dəbistan”, S.Tolakın “Sufilik və panteistik teosofiya” tərcümələrini Amerikada ilk dəfə nəşr etməsi Amerika transsendentalizminə xüsusilə güclü təsir göstərmişdir. Transsendentalist yazıçı kimi şöhrət qazanmış Con Steynbekin sufi baxışlarının öyrənilməsi Azərbaycan ədəbiyyatşünaslığı üçün nə qədər yeni görünsə də, onun tarixi bağlılığı haqqında yazılan hər söz ədəbi əlaqələr tariximizin zənginliyinə dəlalət edir.
ŞƏRHLƏR