BİLƏNLƏRLƏ BİLMƏYƏNLƏR BİR OLARMI?
İlk əmri oxu olan dinizmizin mənsubları tarix boyu elmin bütün sahələrində öz sözlərini demişlər. Mədəniyyətimizin, dinimizin elə bir mərhələsi yoxdur ki, orada oxumağa, elmə qarşı çıxılsın. Orta əsrlərdə Avropa ölkələrində kilsə sxolastikası elm sahəsində monopoliya yaratdığı dövrlərdə Şərq aləmi islamın təşviqi ilə elmi yöndən çox-çox irəlidə idi. İlk növbədə diqqətə almaq lazımdır ki, elm, bilik sahibi olmaq Uca Yaradanın hər bir müsəlmandan istədiyi ən başlıca amillərdən biridir.
Dinimizin ilahi qaynağı olan müqəddəs kitabımızın ilk əmri “oxu” olmuşdur. Allah təala yaratdığı insanın bilik sahibi olmasını istəyir. Məhz buna görə də ilk insan Adəm (ə.s)-a hələ cənnətdə ikən ilk dəfə əşyaların adını örətmişdir. Bu gerçəyi Bəqərə surəsinin 31-ci ayəsində bizə belə bildirir: “(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi.” Qurana əsaslanaraq deyə bilərik ki, bu, Yaradanın insan övladını yaratdıqdan sonra onun təlim-tərbiyəsiylə bağlı həyata keçirdiyi ilk icraatıdır. Məhz buna görə də Adəm övladları öz körpələrinə sözlü təlimi əşyaların adını öyrətməklə başlayırlar. Bu, Allahın təlim-tərbiyə sahəsində bizim üçün açdığı ən önəmli bir cığırdır.
Bilikli olmaq, elm sahibi olmaq oxumaqla, öyrənməklə mümkündür. Oxuyub öyrənənlər Allah qatında fərqli mövqeyə sahib olarlar. Müqəddəs kitabımızda buyurulur: “De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!” (əz-Zumər, 9)
Həzrət Peyğəmbərin hədisi-şərifləri arasında da müsəlmanları elmli olmağa, elm dalınca yollara düşməyə təşviq edən hikmətli kəlamlar çoxdur. Rəsuli-Əkrəm bir hədisində belə buyurur: “Kim elm öyrənmək üçün bir yola çıxarsa, bu o deməkdir ki, Allah onu cənnətə gedən yollardan birinə daxil etmişdir. Mələklər elm talibindən razı qalaraq qanadlarını onun üstünə gərərlər. Göylər və yerdə olanlar, hətta dənizlərdəki balıqlar alim üçün Allaha istiğfar edərlər. Alimin abidə olan üstünlüyü bədirlənmiş ayın digər ulduzlara olan üstünlüyü kimidir. Alimlər Peyğəmbərlərin varisləridirlər. Peyğəmbərlər nə dinar, nə də dirhəm miras qoyarlar. Onlar yalnız elm miras qoyarlar. Kim elm əldə edərsə bol bir nəsib (xeyir) əldə etmişdir.” (Əbu Davud, Elm, 1 (3641); Tirmizi, Elm, 19 (2683); İbn Macə, Müqəddimə, 17 (223)
Başqa bir hədisi şərifdə Allahın elm sahiblərinə, həqiqi alimlərə verdiyi qiymətə diqqət çəkilərək belə buyurulur: “Qiyamət günü şəhidlərin qanı ilə alimlərin mürəkkəbi tərəzidə çəkilər və alimlərin mürəkkəbi şəhidlərin qanından daha ağır gələr.” (Süyuti, əl-Camius-Sağır, 10026)
İlk növbədə bilməliyik ki, elm sahibi olmaq Allahın “Alim” sifətindən təcəllilər daşımaqdır. Ən böyük alim hər şeyi bilən, yoxdan var edən Allahdır. Rəhman surəsinin 1 və 2-ci ayələrində “Rəhman (mərhəmətli olan Allah) Quranı öyrətdi” buyurulur. Ən böyük Alim də Odur, insana bilmədiklərini, Quranı öyrədən də. Möminin kamilliyi Allahın sifətləri ilə nə qədər həmhal olmağına bağlıdır. Hər bir mömin Allahın mərhəmət sifətindən hissə almağa çalışdığı kimi alim sifətindən də hissə almağa cəhd göstərməlidir. Qurani-Kərimdə həqiqi alimlər haqda belə buyurulur: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar).” (Fatir, 28) İnsanın yaranma məqsədi Rəbbini tanımaqdır. Rəbbinin hüdudlarından çıxmaq xüsusunda Ondan qorxmaqdır. Bu da həqiqi elm sahibi olmaqla mümkündür. Çünki Yaradanın qoyduğu sərhədləri yalnız elm sahibləri haqqıyla bilərlər. Allahdan qorxduqca da ilahi sirlərə daha dərindən vaqif olarlar. Uca Allah Quranın bir ayəsində belə buyurur: “Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!” (əl-Bəqərə, 282) Allah qorxusu dediyimiz xüsus əslində Ona olan sevgidən doğur. Mərhum türk şairi Necip Fazıl Kısakürek “Allahı sevirəm, qorxmuram” deyənlərə “Zirvəni sevən uçurumundan qorxmazmı?” cavabını verir. Elm, insanı Allahı tanımağa, tanıyıb sevməyə götürür. İnsan sevdiyini itirmək qorxusu ilə yaşayır həmişə. Burda bəhs etdiyimi Allah qorxusu da məhz həmin qorxudur. Uca Allahın sevgisindən məhrum qalmaq qorxusu. Həqiqi alimlər insanı bu sevgidən məhrum edən xüsusları bilənlərdir. İnsanı Allaha aparmayan elm naqisdir. Elmin qayəsi mərifətullahdır. İrfana dönməyən elm həqiqi elm sayılmaz. Qarunun, Hamanın, Bəlam bin Bauranın da bir elmi vardı, lakin bu elm təkəbbürə götürdüyü və Allahdan uzaqlaşdırdığı üçün heç bir fayda vermədi. Hz. Peyğəmbər (s.ə.s)-in dualarında fayda verməyən elmdən Allaha sığındığını görürük. Elə isə biz də dünyada və axirətdə faydası olmayan elmdən Allaha sığınaraq özümüzə və bəşəriyyətə fayda verən elm əldə etməyə çalışaq.
ŞƏRHLƏR