Elm, yoxsa Pul?

Elm, yoxsa Pul?

İçərisində yaşamaq məcburiyyətində olduğumuz bu dünyada nəyin faydalı, nəyin zərərli, nəyin vacib, nəyin lazımsız olması hər zaman bütün insanlar tərəfindən düşünülən mövzulardan biri olmuşdur. Bütün bəşəriyyət arasında ortaq məxrəcə gəlinən bir nöqtə vadır ki, həyatda yaşayarkən insan övladına lazım olan əsas ünsürlər can sağlığı, elm və puldur. Bildiyimiz kimi can sağlığı olmadan həyatda heç bir şey əldə etmək mümkün deyildir. Elə burada can sağlığını həyatın əsas predmenti kimi qəbul edib əsas mövzumuza keçid almaq istəyirəm.

Uşaq ikən hər zaman valideynlərim mənə dərslərimi yaxşı oxumağı tövsiyə edirdilər. Ancaq sonralar “dərslərini yaxşı oxu” sözləri “oxuyub nə olacaqsan, ondansa pul qazansan yaxşıdır” sözləri ilə əvəz edilməyə başladı. Mən elə o zamanlar da bu sözlərə təəccüblə yanaşmırdım. Çünki ailəmizin o zamanlar elmdən çox pula ehtiyacı var idi. Sonralar pul qazansam da oxumağı kənara qoymadım. Elə universitet illərində də bir müəllimimin sözü, məndə oxumağa daha çox  həvəs yaratdı. O, belə deyərdi: “Pulun çox olub imkanlı bir insan olsan fəlakət anında pul səni deyil, sən pulu qurtarmaq məcburiyyətində qalacaqsan, əgər elmli bir insan olsan fəlakət anında sən elmi deyil, elmin səni qurtarar.”

Bu gün cəmiyyətimizdə nə qədər ailəsi tərəfindən məcbur edilərək və yaxud da məcbur edilməyib özü məcbur olub müxtəlif sektorlarda azacıq əməyindən istifadə edərək çörək pulu qazanmaq məcburuyyətində qalan uşaqlar var. O uşaqlar ki, məktəbə getdikləri zaman tələbə yoldaşlarının geyimlərini görüb, öz geyimlərindən utanır, dərslər arası fasilədə yoldaşları bir şey alıb yedikləri zaman qarınları ac olsa belə pulları olmadıqları üçün kənardan həsrətlə baxır, məktəbdə yığılan təmir pulunu vermədiyi üçün qiyməti kəsilir. Bu çətin və dözülməz hallar qarşısında elmin yolları daha çətin və keçilməz olur. Qeyd etdiyimiz çətinliklər və mənəvi sıxıntılar qarşısında açiz qalan uşaqlar çıxış yolunu maşın şüşələri silməkdə, tikinti obyektlərində fəhlə kimi işləməkdə və yaxud da adını qeyd etməkdə çətinlik çəkdiyimiz sahələrdə hər hansı bir işlə məşğul olmaqda görürlər. Belə halda bəzilərimizin bu cür uşaqları görüb nə üçün məktəbə getmirsən, niyə dərslərini oxumursan deyə sual vermələri yersizdir. Bu sualları verməkdənsə, o uşaqların problemlərinin həllinə kömək olmaq daha məqsədə uyğundur.

 Məktəbdə və ətrafında baş verən, yuxarıda qeyd etdiyimiz qarşılıqlı ziddiyyət təşkil edən  hadisələr bir uşağın həm gəncliyinə, həm də gələcək yaşlardakı düşüncə tərzinə mənfi təsir göstərir. Belə ki, gəncliyində müxtəlif vasitələrdən pul qazanmağa başlayıb, halal-harama diqqət etməyən gələcəyin atası, öz övladını da bu vasitələrdən pul qazanmağa təşviq edir.  Bu da cəmiyyətin korlanmasına və savadsız kütlənin çoxalmasına yol açır. Dövlətdə cəmiyyətin korlanması və savadsız kütlənin çoxalması dövlətin digər böyük dövlətlər tərəfindən idarə olunmasına gətirib cıxarır.

Cəmiyyət arasında yayılan səhv fikirlərdən bir də, insan həyatında pulun hər şeyi həll etməsi fikridir.  Bu düşüncə müəyyən qədər doğru olsa da, pul insan həyatında çox şeyi həll edə bilmir. Pulun həll edə bilmədiyi xüsuslardan biri də elmdir. Pulsuz bir adamın elm öyrənə bilmədiyi kimi, elmsiz bir kimsənin də pul qazanması bir az çətindir. Pul elm əldə etməyə müəyyən qədər kömək edə bilər, ancaq elm pul qazamağa daha çox kömək edir. Bunun üçün də öz övladlarımızın müəyyən qədər pul qarşılığında elmsiz böyüməsinə imkan yaratmayaq. Bu bir həqiqətdir ki, pul insanları çox zaman zirvələrdən təpələrə endirdiyi halda, elm insanları təpələrdən zirvələrə yüksəldir.

Oxumaq çox gözəldir, ancaq oxumaq üçün şəraitin də olması labüddür. Bu şəraiti də çətinliklərlə də olsa cəmiyyətimizin gələcəyi olan övladlarımız üçün yaratmaq bizim başlıca vəzifəmizdir. Üzərimizə düşən bu vəzifəni layiqincə yerinə yetirək ki, illər sonra övladlarımız özlərindən şəxsiyyətcə aşağı olan insanların töhmətinə məruz qalmasınlar. Son olaraq onu qeyd etmək istəyirəm ki, imkan olduğu müddətdə elm puldan daha dəyərlidir, lakin imkan yoxdursa pul elmdən heç bir zaman dəyərli deyildir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz