NECƏ GÖZƏL XƏSTƏLİK
İkisinin də canlı varlıq olmasına baxmayaraq, insanla heyvan arasında xeyli fərq vardır. Ən birincisi də budur ki, insan danışan bir varlıqdır. Məhz elə bu üstünlük onun hər bir cəhətdən kainatdakı canlıların ən mükəmməli olduğunu göstərir. Uca Yaradanımız Qurani-Kərimdə buna işarə edərək belə buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq!” (ət-Tin, 4)
Danışmaq nə qədər gözəl bir üstünlük isə danışmamaq ondan da üstün bir xüsusiyyətdir. Ona görə də ulu babalarımız “söz gümüş, sükut qızıldır”-demişdirlər. Çünki dil bəlası bəlaların ən böyüklərindəndir.
Çox bilən az, az bilən çox danışar. Başqa sözlə desək, çox oxuyan az, az oxuyan çox danışar. Onda nə etməli? Çıxış yolu olduqca aydındır: Az danışıb öz danışmaq, boş və yalan danışmamaq üçün yeganə yol Quranın mübarək məsləhətlərinə qulaq asıb əməl etməkdir. Görün, Allah təala nə buyurur: “(Ya Peyğəmbər!)Yoxdan yaradan Rəbbinin adı ilə oxu!” ( əl-Aləq, 1)
Bəzilərinin özününküləşdirmək istədiyi “Oxumaq, oxumaq, yenə də oxumaq” da islamdan götürülmüş bir sözdür. İslam tarixindən bir az məlumatı olan hər kəs bilir ki, Allah təala vəhy mələyi Cəbrayılı Peyğəmbərimizə göndərmiş və üç dəfə “oxu, oxu, oxu”-demişdir. “Mən oxuya bilmirəm”-deyən Peyğəmbərimizə Uca Rəbbimiz tərəfindən yuxarıda zikr etdiyimiz ilk vəhy, ilk ayə gəlmiş, onun ilk kəlməsi isə, “oxu” olmuşdur. Bununla da bugünkü müasir dövrümüzün, dolayısıyla kompyuter dövrünün bünövrəsi islamın “oxu” əmri ilə qoyulmuşdur.
Oxumaq bilməyin, bilmək maariflənməyin, maariflənmək seçilməyin, seçilmək də həyatdan ləzzət almağın səbəbidir. Çünki oxumadan düşünmək və hərəkət etmək insanı çaşdırar. Ona görə də Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Oxumaq (elm öyrənmək) kişi, qadın hər müsəlmana fərzdir.”
Deməli, insan oxumalıdır. Allahın da, Peyğəmbərin də müsəlmanlardan istədiyi budur. Oxumağın faydası saymaqla qurtaran deyil. Bir atalar sözümüz bu mövzunu nə gözəl izah edir: “Oxuyan insan pislik etməyə vaxt tapa bilməz.”
Onda nə etmək lazımdır? Əlbəttə çalışmaq, çox səy göstərmək lazımdır. Cəmiyyətin hər bir fərdi həyata dair bilik və təcrübəsini artırmaq, mənəviyyata dair beyinlərdə dolaşan min bir suala cavab tapmaq üçün oxumalıdırlar. Elə oxumaq ki, kitaba vurğun olasan. Gərək oxumaq xəstəliyinə tutulasan. Bu nə qədər gözəl vərdiş, necə gözəl xəstəlikdir! Orta məktəbdə müdirimiz bir söhbətində belə demişdi: “Heç birinizin xəstə olmasını istəmərəm. Ancaq bir xəstəlik var ki, hamınızın o xəstəliyə tutulmasını istəyərdim. Həmin xəstəlik “kitab oxumaq xəstəliyidir.” Tələbələrə bundan daha böyük bir arzu nə ola bilər?...
Rəvayət edirlər ki, Səmərqəndli alim Əbu Bəkr ən-Nəhvi, hətta yolda gedərkən də kitab oxuyardı. Bu səbəblə bəzən bir çuxura yıxılar, bəzən də bir heyvanla toqquşardı.
Osmanlı padşahlarından Yavuz Sultan Səlim şahzadəlik dövründə gündəlik yuxusunu üç saata qədər azaldaraq səkkiz saat kitab oxuyardı.
Bosniyalı müdrik dövlət başçısı mərhum İzzətbeqoviç belə deyir: “Bəzən məni oxumaq krizisi (xəstəliyi) tutardı. Aylarla kitab üstündən durmazdım.”
“Oxumaq ehtiyacı barıt kimidir, bir dəfə alışdımı bir daha sönməz.” (Viktor Hüqo) Bu ehtiyacı söndürməmək adına “insanlığa borcumuz: bezmədən oxumaqdır.” (Cənab Şəhabəddin)
Bəs buna necə nail ola bilərik?
1. Şəxsi oxuma hədəfləri qoyun.
Şəxsi kitabxananızdakı əsərlərdən oxumaq istədiyiniz nəşrlərin siyahısını tutun və mütaliə ardıcıllığına görə bir oxuma planı tərtib edin.
2. Şəxsi qiraət vaxtları təyin edin.
Oxumaq ciddi bir işdir. Ciddi işləri isə planlaşdırmaq, sistemləşdirmək, dəyərləndirmək və nəticə çıxarmaq üçün icra edirik. Ona görə də bu işə xüsusi vaxt ayırmaq lazımdır.
3. Ehtiyaca görə fiziki şərait hazırlayın.
Bir iş masası, doğru seçilmiş kitablar, heç kimin narahat etməyəcəyi bir yer, kitab oxuma cədvəli, oxuma saatı, oxuma ehtiyacını və zövqünü artıracaq xəyal və təlqinlərin edilməsi lazımdır.
Oxumağa alışmağın yolu oxuma ehtiyacının daha çox hiss edilməsi və fürsətləri dəyərləndirərək oxuma məşğuliyyətlərinin çoxaldılması ilə mümkündür. (Adil Maviş “Hızlı Okuma”)
Həyatımızdakı dəyişikliklərin hər hansı bir dəyər qazana bilməsi qalıcı və tutarlı olmasına bağlıdır. Çünki həyatımıza yön verən ara-sıra etdiklərimiz deyil, davamlı etdiklərimizdir. Yaxşı vərdişlər də pis vərdişlər kimi zamanla həmin davranışın təkrarlanmasıyla qazanılır. Təbi ki, pis vərdişlərə əks olan yaxşı vərdişlərə yiyələnməklə pis vərdişləri cilovlaya bilərik (Epiktedos)
Dilimizdə başdan-ayağa oxumaq və onunla bağlı kəlmələr çoxdur. Bunlar da bizə islam dininin təbliği ilə birlikdə ərəb dilindən keçmiş sözlərdir. Qələm, dəftər, kitab, məktəb, dərs, müəllim, alim, tədris, təhsil, təlim, tərbiyə, maarif onlardan bir neçəsidir.
Oxumaq həm dini, həm də milli bir vəzifədir. Bugünkü gündə həm rahat yaşaya bilmək, həm də əsrin tələblərinə cavab verə bilmək üçün özümüzü daim inkişaf etdirməliyik. Bu da ancaq özümüzə faydalı olan qəzet, jurnal və müxtəlif kitabları oxumaqla mümkündür.
ŞƏRHLƏR