ŞUŞANIN ƏDƏBİ MƏCLİSLƏRİ
Zəngin ədəbi-bədii ənənələrə malik Azərbaycan ədəbiyyatında ədəbi məclislərin – şeir məclislərinin müstəsna rolu olmuşdur. Hökmdar saraylarında təşəkkül tapan bu məclislərdə təkcə yeni şeirlər yazılmır, eyni zamanda bədii əsərlər yüksək ustalıqla təhlil edilir, elmi mübahisələr aparılır, bədii problemlər həll edilirdi. Ədəbi dilin inkişafında, zövqlərin formalaşmasında bu məclislərin rolu danılmazdır.
Təzkirə və cünglərdən aydın olur ki, hər bir dövrdə saraylarda yaranan şeir məclislərindən başqa xalqın özünün yaratdığı şeir məclisləri də olmuşdur. Həm də bu məclislər təkcə paytaxtda deyil, eləcə də müxtəlif şəhərlərdə də fəaliyyət göstərirdi.
Mətbuat və çap sənətinin olmadığı bir dövrdə ədəbi məclislərin fəaliyyəti böyük əhəmiyyət daşıyırdı. Ədəbi məclislərin bir-birləri ilə müaşirəsi (şeirləşməsi), bu və ya digər şairin həyatında baş verən hadisəyə reaksiya vermələri, bir məclisdə yazılan şeirə nəzirələr yazılması ədəbi məclislər arasında sıx ədəbi əlaqələrin olmasından xəbər verir.
Bu ədəbi məclislər eyni zamanda bir növ ədəbiyyat məktəblərinə çevrilmişdi. Onlarla istedadlı gənc bu məclislərdə yetişmiş, ilk şeirlərini bu məclislərdə oxuyaraq ustad xeyir-duası almışdı. Ustad sənətkarlar gənclərin qayğısına qalır, şeir texnikasını onlara öyrədir, istiqamət verir, məşhur şairlərin əsərlərinə nəzirə və təxmis yazmağı tapşırırdılar.
Azərbaycanın Rusiya tərəfindən işğalından sonra XIX əsrin 30-cu illərindən başlayaraq müxtəlif quberniya və qəza mərkəzlərində yenidən şeir məclisləri təşkil edilməyə başladı. Bu ədəbi məclislərin iştirakçıları əsasən Füzuli və Vaqif ədəbi məktəblərinin nümayəndələri idilər və Füzuli üslubunda qəzəl, Vaqif üslubunda qoşma yazmağa üstünlük verirdilər.
Bu dövrdə ilk şeir məclisi Mirzə Şəfi Vazeh tərəfindən 1830-cu illərdə “Divani-hikmət” adı ilə Gəncədə təşkil edilmiş, sonra Mirzə Şəfinin vəfatına qədər (1852) Tiflisdə, 1852-ci ildən 1882-ci ilə qədər isə yenə Gəncədə fəaliyyət göstərmişdir.
“Gülüstan”ədəbi məclisi təxminən 1835-ci ildə A.Bakıxanov tərəfindən Qubada təşkil edilmiş və onun vəfatına qədər fəaliyyət göstərmişdir.
“Fövcül-füsəha” (Natiqlər yığıncağı). Bu məclis də təxminən 1850-ci ildə Mirzə İsmayıl Qasir tərəfindən Lənkəranda təşkil edilmişdi və məşğələləri usta Hüseynqulu Şurinin və müəllim Molla Möhsünün evində keçirilirdi. Məclis Qasirin ölümünə qədər (1900) fəaliyyət göstər-mişdir.
“Əncüməni-şüəra”-şairlər yığıncağı məclisi isə1838-ci ildə Ordubadda Şıxəli Naib tərəfindən təşkil edilmişdi və məclisə əvvəlcə M.S.Ordubadinin atası Hacağa Fəqir, sonra isə Məmmədtağı Sidqi rəhbərlik etmişdi. Məclis sonuncunun səyi nəticəsində həm Ordubadda, həm də Naxçıvanda XIX əsrin sonuna kimi fəaliyyət göstərmişdir.
“Beytüs-səfa”məclisi 1862-ci ildə Şamaxıda Seyid Əzimin dostu Ələkbər bəyin təşəbbüsü ilə Əhməd ağanın karvansarasında təşkil edilmiş, Bahar Şirvaninin təklifi ilə bu cür adlandırılmışdı. Əvvəlcə S.Ə.Şirvaninin, sonra isə Molla ağa Bixudun rəhbərlik etdiyi bu məclis 1892-ci ilə kimi fəaliyyət göstərmişdir.
“Məcməüş-şüəra”(Şairlər yığıncağı) Ədəbi məclisi 19-cu əsrin 80-ci illərindən 1915-ci ilə kimi Bakıda Məmmədağa Cürminin rəhbərliyi və təşkilatçılığı ilə fəaliyyət göstərmişdir.
Maraqlıdır ki, XIX əsrdə Şuşada eyni zamanda 2 ədəbi məclis fəaliyyət göstərirdi ki, bu da həmin dövrdə Şuşada təkcə musiqiyə yox, ümumiyyətlə ədəbiyyata və incəsənətə böyük önəm verildiyindən xəbər verirdi. Məhz bu səbəbdən də musiqi ilə sözün vəhdət tapdığı bir mühitdə böyüyən gənclərin bir neçəsi sonralar XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi oldu. N.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov, F.Köçərli, Y.V.Çəmənzəminli, Ü.Hacibəyov və adını çəkmədiyim daha neçə görkəmli sənətkar həmin mühitdə yetişmişdi.
Şuşada ilk ədəbi məclis 1864-ci ildə dövrünün qüdrətli alimlərindən sayılan Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilən “Məclisi-üns”idi. İlk vaxtlar yığıncaqları Hacı Abbas Agəhin mənzilində keçirilən məclisin əsas təşkilatçıları N.A.Agəh və Mirzə Rəhim Fəna idi.
Azərbacn və fars dillərində şeirlər yazan M.R.Fəna eyni zamanda “Tarixi-cədidi-Qarabağ” (Qarabağın yeni tarixi)adlı əsərin müəllifidir. Məclis 1872-ci ildə Natəvanın xahişi ilə onun sarayına köçmüş, elə o vaxtdan “Məclisi-üns”adlandırılmışdır. Natəvanın rəhbərlik etdiyi məclisdə şairlərlə yanaşı Qarabağın məşhur xanəndələri də iştirak edirdi və məclis bir növ musiqili ədəbi məclisə cevrilmişdi. Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı olduğu üçün Xan qızı adı ilə çağırılan Natəvan gözəl şair olmaqla bərabər, həm də mahir rəssam idi. Məclisin fəal üzvlərindən olan Mirzə Həsən Yüzbaşov Natəvanın çəkdiyi bənövşə və qönçə rəsmlərinə “Bənövşə” və “Qönçə”rədifli şeirlər yazmış və Natəvan da məclisin yığıncağında ona rəsmlərindən birini bağışladıqda M.H.Yüzbaşov elə orada
Ey gül, səni bilməm necə ustad çəkibdir,
Nəqqaşi-əzəl sunin edib yad çəkibdir.
-mətləli qəzəlini yazmışdır. Yüzbaşov Azərbaycan və fars dillərində şeir yazmaqla bərabər, cığatay dilində də bir neçə şeir yazmış, hətta Nəvaidən tərcümələr etmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Natəvan 1858-ci ildə Bakıda A.Düma(ata)ilə görüşmüş, ona əl işlərindən ibarət hədiyyə bağışlamış, Düma ata da ona nəfis fiqurlu şahmat vermişdi.
Natəvanın general rütbəsinə qədər yüksələn böyük oğlu Mehdiqulu xan Usmiyev “Vəfa”, kiçik oğlu Mir Həsən isə “Mir” təxəllüsləri ilə şeirlər yazaraq məclisin yığıncaqlarında iştirak etmişlər.
Mirzə Ələsgər Növrəs Şuşada fəaliyyət göstərən hər iki məclisin yığıncaqlarında iştirak etməklə bərabər “Pəndül ətfal” (Uşaqlara nəsihət) adlı əsər yazaraq 1900-cu ildə Tiflisdə, məclisin digər üzvü Məhəmməd ağa Müştəri isə “Riyazül aşiqin”adlı təzkirəsini 1910-cu ildə İstanbulda nəşr etdirmişlər. 30-dan yuxarı üzvü olan “Məclisi-üns”Xan qızının vəfatına-1897-ci ilə kimi fəaliyyət göstərmişdir.
Şuşadakı ədəbi məclisin ikincisi “Məclisi-fəramuşan” (Unudulmuşların məclisi) adlanırdı.
“Məclisi-üns”1872-ci ildə Natəvanın sarayına köçdükdən sonra elə həmin il Mir Möhsün Nəvvabın təşəbbüsü ilə təşkil edilmiş, üzvləri də “Məclisi-üns”ün unutduqları(fəramuş etdikləri) şairlər olmuşdur. Qırxa yaxın iştirakçısı olan məclisin məşğələləri Nəvvabın mənzilində olurdu.
Dövrünün mahir rəssamlarından olan Nəvvab aldığı mükəmməl təhsil sayəsində elmin müxtəlif sahələrinə aid 20-dən artıq əsərin müəllifi idi. Nəvvabın musiqiyə aid “Vüzuhül-ərqam”, Qarabağ şairləri haqqında məlumat verən “Təzkirə”, pedoqoji mahiyyətli “Pəndnamə” (Nəsihətnamə) və “Kəşfül-həqiqə”, astronomiyadan bəhs edən “Kifayətül-ətfal” əsərlərinin adını qeyd etmək olar. Nəvvab eyni zamanda Şuşada qiraətxana, “üsuli-cədid” məktəbi, mətbəə və cildxana açmişdır. Yuxarıda adını qeyd etdiyimiz “Təzkireyi-Nəvvab” 1913-cü ildə Bakıda nəşr edilib.
Nəvvabın oğlu Mir İbrahim də məclisin üzvü olmuş və şeirlərini “Mir” və “Miriş”təxəllüsləri ilə yazmışdır. Bəzən məclislərini “Məclisi-Xamuşan” (susanların məclisi) adlandıran məclis üzvləri arasında görkəmli satirik şair Qasım bəy Zakirin qız nəvələri İbrahim bəy Azər və Abdulla bəy Asi qardaşları və onların bacısı oğlu Bəhram bəy Fədai də var idi. Abdulla bəy Asi ərəb, fars, rus dillərindən başqa Nəvaini oxumaqla cığatay dilini də öyrənmiş, hətta cığatay dilində bir neçə şeir də yazmışdır:
Səbağə itsəm əhvalimi şərh imdad qılğaymu?
Pəyami gəltirub bicarə dilini şad qılğaymu?
-mətləli qəzəli də bunlardan biridir. Təəssüf ki, məclis üzvlərinin çoxu kimi onun da şeirlərinin böyük əksəriyyəti itib-batmış, az bir hissəsi günümüzə çatmışdır.
“Məclisi-üns”də olduğu kimi bu məclisdə də bir qadın şairə var idi. Əslən Cənubi Azərbay-canın Gərmərud mahalından olan Fatma xanım Kəminə Şuşada anadan olmuş, klassik üslubda şeirlər yazmışdır. Onun:
Saqiya, mey ver ki, mən meyxanədə küllənmişəm,
Qəm hücumundan qaçıb bir guşədə gizlənmişəm
-mətləli qəzəlinə bir neçə Qarabağ şairinin nəzirə yazması həm Fatma xanım Kəminənin istedadından, həm də ona olan hörmətdən xəbər verir.
Kiçik bir yazıda təxminən 100-ə yaxın şairi ətrafında birləşdirən iki ədəbi məclis haqqında məlumat vermək mümkün olmasa da, XIX əsr Şuşa-Qarabağ ədəbi-mədəni mühitinə azacıq da olsa işıq salmağa şalışdıq. Yazını “Məclisi-üns”ün fəallarından biri, Ə.Haqverdiyevin dayısı Məmo bəy Məmainin Qarabağın bu günü ilə səsləşən,1918-ci il hadisələrinə həsr olunan şeirdən
bir parça ilə bitirirəm:
Rumdan Qafqaza üz qoydu axır daşnaqiyun,
Düşdü ortalığa aşübü bəla, fitnə, cünun,
Bu qədər qanlara bais onlar oldu əknun
O axan qan, o gedən canlara əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
......
Şimdi aləm yığışıb səy edər azad olsun
Ki, gərək bir-birinə xalqdan imdad olsun,
Qalmasın zülmü sitəm, evləri abad olsun,
Bu qədər zülmü sitəmlər olub, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
ŞƏRHLƏR