MÜTTƏQİ OLMAQ ASAN DEYİL
Uca Allah Qurani-Kərimdə belə buyurur:
"Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir.
Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!" (Bəqərə, 177) Bizləri yoxdan var edən, sayılmayacaq ölçüdə nemətlər bəxş edən və bizləri Özünə qulluqla şərəfləndirən Uca Allaha həmd-sənalar və Rəbbimizə ediləcək qulluğun zərrəsinə kimi ən incə məqamlarına mübarək həyatı ilə işıq salan, Uca Rəhmanı bizlərə tanıdan və hər birimizə özümüzdən daha çox mərhəmətli olan Haqq Rəsulu Muhamməd əleyhissəlama salat və salamlar olsun.
Uca Allahın Rəsulullahda cəm etdiyi neməti anlamaq olduqca çətindir. Lakin bu nemət hər birimizin əbədi xilasını təmin edəcək bir cövhər olduğu üçün onu dəyərləndirmə istiqamətində atılacaq hər bir addımın inananları ilahi rəhmətə nail edəcəyi şübhəsizdir. Bu məqamları ümmətin yaddaşına nəqş edən böyük İslam alimi İmam Rəbbani həzrətlərinin Peyğəmbərləri yaxından tanımağa dəvət edən sözləri necə də yerində səslənməkdədir:
"Peyğəmbərlər aləmlərə rəhmətdirlər. Allah-Təala bu uca insanlar vasitəsilə bizim kimi cüzi ağıl sahiblərinə Öz zatını və sifətlərini bildirmiş və bizləri anlayışımız nisbətində Zatına və sifətlərinə məxsus ucalıqlardan xəbərdar etmişdir. Yenə peyğəmbərlər vasitəsi ilə nələrdən razı olduğunu və nələrdən razı olmadığını bizlərə bildirmiş, dünyəvi və üxrəvi (axirətə aid) mənfəətlərimizi zərərlərimizdən ayırma imkanı bəxş etmişdir. Əgər Peyğəmbərlər olmasaydı, bəşər ağlı nə Allahın varlığını (kamilən) idrak edə bilər, nə də Onun ucalığını qavraya bilərdi".
Allahın razı qalacağı qul dərəcəsinə yetişə bilmək bu qulluğu yaşamış olan və bu yaşantısı ilə də onu tədris edən Rəsulullaha uyma dərəcəsindən böyük bir asılılıq təşkil etməkdədir. Bununla yanaşı, müttəqi bir qul olma istəyi üzrə çalışan insan övladının önündə duran əsas maneə dünya və dünyalıqlara olan meyildir. İnsanı ciddi şəkildə məşğul edən və ona qulluq əsaslarını unutduran və bəlanı Allah Rəsulu belə açıqlayır:
"Bir zaman gələcək ki, ümmətimdə müsəlmanlığın yalnız adı qalacaq. Mömin olanlar yalnız bir neçə İslam adətinə əməl edəcəklər. İmanları qalmayacaq. Qurani-Kərim yalnız oxunacaq (yəni gərəyincə əməl edilməyəcək). Əmrlərdən, yasaqlardan xəbərləri belə olmayacaq. Düşüncələri yalnız yeyib-içmək olacaqdır. Allahı unutacaqlar. Yalnız pula-paraya tapınacaqlar. Qadınlara kölə olacaqlar. Az qazanmaq ilə qənaət etməyəcəklər. Çox qazanınca da doymayacaqlar!"
Təbiidir ki, bu sayaq həyat tərzi ilə yuxarıdakı sətirlərdə işıqlandırdığımız ayeyi-kərimədə hədəflənən müttəqi vəsfinə, sifətinə nail olmaq mümkün deyil. İnsan övladı yaradılış məqsədinin həqiqətini anlama dərəcəsinə yüksəlmədikcə batil və yalançı həqiqət buxovlarından qurtula bilməz. Ağlını başına toplayaraq Rəbbinə yaxınlaşma bəxtəvərliyinə doğru yol alanlara isə bu işdə Uca Allahın izni ilə arifi-billah olan Allah dostları yardım edə bilər. Elə yalançı iddialar burulğanında qaynayan insan nəfsinə yönələn Mövlana həzrətləri müttəqi vəsfinə nail olmanın elə müttəqi sifətini ilahi iznlə qazanmış olan sadiq qulların yardımı və himməti (duaları) ilə mümkün olacağını dilə gətirməkdədir:
"Yol bilən anlayışlı kişi nəfs və bədən bağlarına axrlar açar, bunlarla su axıdaraq oradakı pislikləri təmizləyər. Pis və murdar su axıntısı nəcasəti, pisliyi təmizləyə bilərmi? Heç insanın malik olduğu şəxsi bilgisi içində məskən salmış səviyyəsiz duyğularını buradan süpürüb ata bilərmi? İnsanın bilgisi ancaq Allahın elmindən feyz alınca yararlı olur. Öz nöqsanını görən kişi olğunlaşmağa doğru istiqamət götürər. Özünü olğun, yetişmiş sanan zavallı isə cəhalət və özünü bəyənmənin gətirdiyi bu zənni üzündən cəlal sahibi Allaha yüksələ bilməz".
Demək, müttəqi vəsfinə, adına yiyələnmə yarışında hər bir insanı Quran və Sünnəyə söykənən bir həyat ölçüləri və bu ölçülərlə yaşayan arif, zahid olan Haqq dostları əhatə etməlidir. Cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər bir insana səviyyəsinə görə xitab edən Allah dostlarının nəsihətləri, Uca Allahın rizasını qazanmaq və onun qulları üçün bəyənib seçdiyi müttəqi sifətinə nail olma yolunda hər birimizə yetəcək miqdarda mənəvi diriliş cövhərini özündə danışmaqdadır:
Şəqiq Bəlxi həccə niyyətlənərək yola çıxmışdı. Bağdad şəhərinə çatanda Xəlifə Harun Rəşid bundan xəbər tutaraq onun yanına çağırdı və bunları soruşdu: "Zahid olan Şəqiq Bəlxi sənmisən?" O isə cavabında bunları söylədi: "Şəqiq mənəm, fəqət zahid deyiləm". Xəlifə: "Mənə nəsihət edərsənmi?"- söyləyincə belə buyurdu:
"Ey xəlifə, ağlını başına topla. Çox diqqətli ol. Dünyaya düşgün olma. Allah-Təala sənə Hz. Əbu Bəkrin məqamını ona görə verdi ki, Səndən Onun kimi doğruluq istəyir. Hz. Ömərin məqamını ona görə verdi ki, səndən onun kimi haqq və batili ayırmanı istəyir. Sənə Hz. Osmanın məqamını ona görə verdi ki, səndən onun kimi həya sahibi olmanı, lütf və ehsanının bol olmasını istəyir. Sənə Hz. Əlinin məqamını ona görə verdi ki, səndən onun kimi elm və ədalət istəyir".
"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (Zəriyat, 56)- buyuran Rəbbimizin hər birimizdən istəyi Ona həqiqi qul olmağımızdır. Allah-Təala Uca lütfü ilə cümləmizi bu şərəfə layiq eləsin. Amin!
ŞƏRHLƏR