KÖNLÜM KEÇİR QARABAĞDAN
İl boyu işləyən hər kəs yay aylarında işlərini nizamlayıb istirahətə çəkilir. Hamı istirahət etmək üçün öz maddi imkanları daxilində təbiətin müəyyən guşələrinə səfərə çıxmağı planlaşdırır. İstər ölkə sərhədləri daxilində, istərsə də vətəndən uzaqlarda keçirilən bir neçə gün, həftə il ərzində yorulanlara yenidən güc-qüvvət verir. Bir növ yüklərimizdən xilas oluruq.
Məhz belə bir mövsümdə doğma Azərbaycanımızın qara bəxtli Qarabağını yada salmamaq mümkün deyil. Çünki belə bir vaxtda insanın könlünə Qarabağda olmaq düşür, o nazlı dilbər guşəsi üçün burnunun ucu göynəyi Qarabağ Azərbaycanın ən səfalı guşələrindən biri kimi hər kəsin qəlbində özünəxas yerə sahibdir. Özünəməxsus təbiəti, relyefi, havası, suyu, adət-ənənəsi, ədəbi mühiti, muğam məktəbi, xalçaçılığı, heyvandarlığı, bir sözlə hər şeyi ilə Azərbaycanın incisidir Qarabağ. Zaman-zaman şəhərdə yorulanda Qarabağ köhləninə minib Kəlbəcər dağlarına çıxmaq, Cıdırdüzündə at çapmaq, Şuşanın dəli-dolu bulaqlarından doya-doya su içmək, dünyada məşhur olan Qarabağ xalçası ilə döşənmiş Gövhərağa məscidində iki rükət namaz qılmaq istəyir adam. Bax o zaman hər bir azərbaycanlının uşaq yaşlarından əzbərlədiyi bu misralar yada düşür:
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Qarabağ hər şeyi ilə Azərbaycanın incisidir. Necə ki, xəritədən Qarabağı çıxarsaq, bütöv
Azərbaycanı parçalamış oluruq, eləcə də memarlığımızdan, musiqimizdən, toxuculuğumuzdan, incəsənətimizdən Qarabağ ünsürünü çıxarmaqla Azərbaycan mədəniyyətinə zərbə vurmuş olarıq.
Biz bu gün Qarabağa gedə bilməsək də, oralar bizimdir. Hər qarışı, hər guşəsi bizim üçün əzizdir, çünki ulu əcdadımızın əsərləri ilə doludur. Çünki Qarabağ vətənimizin ən qədim vilayətlərindən biridir. Biz bu torpaqlarda vardıq və olacağıq da. Ümidvarıq ki, tezliklə İsa bulağına, kəklikotu qoxuyan Cıdırdüzünə, füsünkar Kəlbəcər dağlarına ekskursiya səyahətlərimiz yenidən təşkil olunacaq.
ŞƏRHLƏR